İsrail Suriyaya güzəştə getmir – Vəziyyət yenidən gərginləşə bilər – AÇIQLAMA

İsrailin Suriya torpaqlarından çıxmaq istəməməsi regionda yenidən hərbi gərginliyi artıra bilər. İsrailin bu məsələ ilə bağlı mövqeyini Baş nazir Benyamin Netanyahu səfirlərlə görüşündə bildirib. Netanyahu qeyd edib ki, nəzarətə götürdükləri ərazi bufer zonadır və bu səbəbdən həmin ərazilərdən çıxmaq fikrində deyillər.

Suriya xarici işlər naziri Əsəd Şibani isə dünən bəyan edib ki, Dəməşq hakimiyyət dəyişikliyindən sonra İsrailin daxil olduğu ərazilərdən tam çıxmadığı halda heç bir razılaşmaya getməyəcək.

Bu fonda vəziyyətin daha da pisləşməsi bölgədə yeni münaqişə ocağı yaradacağı ilə bağlı narahatlıqları artırıb.

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov söyləyib ki, İsrailin bu cür davranmaqda məqsədi “Böyük İsrail” yaratmaqdır:

“Suriyada hakimiyyət dəyişikliyi olandan sonra İsrailin Suriyanın cənubundakı təpələri və Süveyda əyalətinin əhəmiyyətli hissəsini işğal etməsi İsrail tərəfindən öz təhlükəsizliyinin təminatı ilə əlaqələndirilib. Əlbəttə, burada müəyyən həqiqət var, amma Suriyanın və Suriyada hakimiyyətdə təmsil olunan qüvvələrin bəyanatlarına baxsaq, görərik ki, bu “Böyük İsrail” yaratmaq planının tərkib hissəsi kimi görünür. Nəzərə alsaq ki, hələ 51 il öncə Suriya və İsrail arasında Qolan təpələri ilə bağlı anlaşma olub. Lakin o zamandan Qolan təpələrinin bir hissəsi İsrailin işğalı altındadır və hələ də bu işğal kimi qəbul olunur”.

 

 

Politoloq Suriyada mərkəzləşmiş hökumətin qurulmasının İsrail tərəfindən özünə təhdid kimi qəbul olunduğunu vurğulayıb:

“İsrailin Qolan təpələrini və Suriyanın cənubunu işğal etməkdə əsas məqsədi kimi, gələcəkdə İsrailin böyüməsinin gerçəkləşdirilməsi, ikinci isə Suriyada mərkəzləşmiş güclü dövlətin qurulmasının qarşısını almaq göstərilir. Çünki Suriyada mərkəzləşmiş hökumətin qurulması İsrail tərəfindən özünə təhdid kimi qəbul olunur. Üçüncü səbəb isə bu ərazilərin İsrail üçün çox vacib olmasıdır – həm təhlükəsizlik baxımından, həm də bölgə ölkələrini, o cümlədən Livan və Suriyanı nəzarətdə saxlamaq məqsədi daşıyır. Eyni zamanda bu bölgələr coğrafiyanın ən bol su ehtiyatına malik əraziləri hesab olunur və su bölgə üçün həyat deməkdir. Ona görə də İsrail həm də su mənbələrini nəzarətdə saxlamaq istəyir. Əlbəttə ki, Suriya tərəfi bunu qəbul etmir və bununla bağlı hələlik danışıqlar aparılır”.

 

O. Qasımov bildirib ki, ABŞ də Suriya ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına çalışır, amma nəticə əldə edə bilmir:

“ABŞ də bir formada Suriya ilə İsrail arasında münasibətlərin normallaşmasına çalışır, amma hələlik nəticə olduğunu demək çox çətindir. Çünki hazırkı İsrail hökuməti heç bir halda öz niyyətlərindən geri çəkilmək fikrində deyil”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button