İsraildə Azərbaycana dəstək aksiyası keçirildi
İsraildə yaşayan soydaşlarımız, habelə bu ölkənin digər vətəndaşları Azərbaycana dəstək aksiyası keçiriblər.
Aksiyada çıxış edənlər Qarabağın Azərbaycan ərazisi olduğunu bildirərək, Ermənistanın işğalına son qoyulması tələbini irəli sürüblər.
Azərbaycan və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada dünya birliyinə müraciət edilərək, Dağlıq Qarabağ və ətraf rayonların işğalına diqqət ayrılması məsələsi qaldırılıb. Aksiyada Azərbaycan və İsrailin Dövlət himnləri səsləndirilib. “Azərbaycana qarşı erməni terroruna son” plakatlarının qaldırıldığı kütləvi tədbir “Azərbaycan” şüarları ilə davam edib. İştirakçılar Azərbaycan ordusuna dəstək nümayiş etdiriblər. Eyni zamanda Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildiriblər.
Aksiya İsraildəki “Azərbaycan Evi”nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə keçirilib.
Yerli polis qüvvələrinin nəzarət etdiyi aksiya bəyanatın oxunması ilə başa çatıb.
Bəyanatda bildirilib ki, “İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, eləcə də bu ölkədə fəaliyyət göstərən azərbaycanlı diasporun Əlaqələndirmə Şurasının üzvləri ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın işğalçı qüvvələrinin həyasızcasına və azğıncasına törətdiyi hərbi təxribatları pisləyir və buna qəti etirazlarını bildirirlər. Qeyd edilib ki, məhz Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli cavabı nəticəsində erməni işğalçıları geri çəkilib və böyük itki veriblər.
“Biz, əslən Azərbaycandan olan yəhudilər Dağlıq Qarabağın problemləri ilə yaxşı tanışıq və hələ XX əsrin 90-cı illərində şahid olmuşuq ki, daşnak qruplaşmaları SSRİ-nin dağıldığı dövrdə yaranmış qarışıqlıqdan, o dövrdə Azərbaycan ordusunun hələ formalaşmadığı məqamdan sui-istifadə edərək, bütün dünyadan – Livan, Suriya və digər ölkələrdən başkəsən erməni silahlılarını toplayaraq, Azərbaycan torpaqlarını həyasızcasına işğal edirdilər”, – deyə vurğulanıb.
Soydaşlarımız xüsusilə vurğulayıblar ki, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan ordusunun uğurları və qəhrəmanlığı ilə fəxr edirlər. “Bu gün bizim diasporun İsraildə tərbiyə almış, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli yetişib. Biz hamımız, əslən Azərbaycandan olan yəhudilər, 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan səviyyədə töhfə verməyə hazırıq”.