İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb. İlk dəfə ötən il Bakıda nümayiş etdirilən sərgi Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin 100 və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında acılan sərgidə rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyətini əks etdirən “Eldəniz Babayev. Zəfər müjdəsi” (müəllif Mirzə Talıbov) adlı kitab-kataloqunun da təqdimatı olub.

Polise.az  xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş konsulluğu, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Atatürk Mərkəzi, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzi, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Rəssamlar Birliyi, Bakı Rəsm Qalereyası və “Yeni Gallery” Bakı Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdirən sərgidə sənətkarın əsasən portret, natürmort, məişət və tarixi janrlarda yaratdığı Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfər, “Bir millət, iki dövlət” kəlamı, Azərbaycan–Türkiyə qardaşlığı, xalqımızın məişəti, adət-ənənələri, mədəniyyətini tərənnüm edən səksənə yaxın bоyakarlıq və qrafika əsəri nümayiş olunur. Kolleksiyada Azərbaycan və Türkiyə xalqlarının ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də iki qardaş dövlətin ölkəmizin müstəqillik tarixində müstəsna rol oynamış hərbi komandirlərinin portretləri yer alır.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan açılış mərasimində çıxış edənlər Türkiyə-Azərbaycan əlaqələri haqqında danışıb, bu münasibətlərin daima qardaşlıq bağları üzərində inkişaf etdiyini vurğulayıblar.

Sərginin əsas mövzusunun Qarabağ Zəfərinə həsr edildiyini qeyd edən natiqlər bu Qələbənin yalnız Azərbaycan deyil, bütün Türk tarixinin ən şanlı səhifələrindən olduğunu bildiriblər.

Sonra sərgiyə baxış keçirilib.

Sərgi iyulun 5-dək nümayiş olunacaq.

Qeyd edək ki, Eldəniz Babayev 1990-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1997-ci ildə də Azərbaycan Dövlət İncəsənət Universitetinin boyakarlıq fakültəsini bitirib. 1989-1991-ci illərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində rəssam kimi fəaliyyət göstərib. 1989-cu ildən Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin və 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-2006-cı illərdə Bakı Şəhər Mədəniyyət İdarəsinin “Qala” Rəsm Qalereyasının müdiri vəzifəsində çalışıb. 2006-cı ildən “Bakı” rəsm qalereyasının müdiridir. O, ötən müddət ərzində yaradıcılıq uğurlarına görə bir çox yerli və beynəlxalq mükafata layiq görülüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button