İstanbulda tarixi görüş

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qəzza sülh planının ikinci mərhələsini İstanbulda Fələstin HƏMAS hərəkatının nümayəndələri ilə müzakirə edib.
Musavat.com xəbər verir ki, bu barədə TRT telekanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Danışıqlarda HƏMAS tərəfdən siyasi büro üzvü Xəlil əl-Heyya rəhbərlik edib.
Mənbə bildirib ki, “HƏMAS atəşkəs şərtlərinə əməl etdiyini bildirib və İsrail tərəfindən törədilmiş pozuntularla bağlı məlumat təqdim edib”.
“Türkiyənin atəşkəsin qorunmasını təmin edən zəmanətçi ölkə kimi səyləri xüsusilə vurğulanıb. Qəzzada sülh planının ikinci mərhələsinə keçid üçün lazım olan şərtlərin yaradılması və mövcud problemlərin həlli ilə bağlı məsləhətləşmələr aparılıb”, – deyə mənbə əlavə edib.
Türkiyə tərəfi həmçinin Qəzzaya humanitar yardımın çatdırılması sahəsində gördüyü işlər barədə məlumat verib və “region ölkələri və beynəlxalq təşkilatların əlavə yardımların təmin edilməsi istiqamətindəki hazırkı səyləri” müzakirə edib.
Polise.az



