İstanbuldan verilən mesajlar – Azərbaycana dəstəklə bağlı ilginc açıqlamalar

Rizvan Nəbiyev: “Azərbaycanla Türkiyənin təhlükəsizliyi qarşılıqlı və bölünməz şəkildə qəbul olunur”

Regionumuzda yaşanan gərginliklər və hərbi əməliyyatlar fonunda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının İstanbulda qeyri-rəsmi iclasının keçirilməsi çox mühüm hadisə olaraq qiymətləndirilir. Türk dövlətlərinin operativ şəkildə bir araya gəlməsi, Birgə Bəyanat qəbul etməsi, eyni zamanda diplomatlarımızın ikitərəfli və çixtərəfli görüşləri birliyimizi özündə ehtiva etməklə yanaşı, region ölkələrinə təhdid yaratmağa cəhd edən İran rejimi və digərlərinə də xəbərdarlıq olaraq qiymətləndirilə bilər.

İstanbul toplantısı ilə əlaqədar deputat Rizvan Nəbiyev Musavat.com-a mühüm açıqlamalar verib.

– Rizvan bəy, Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbuldakı qeyri-rəsmi iclasında qəbul etdiyi Birgə Bəyanatın əsas siyasi əhəmiyyəti nədən ibarətdir?

– Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası operativ şəkildə 7 mart 2026-cı ildə İstanbulda qeyri-rəsmi iclas keçirməsi özlüyündə çox müsbət hadisədir. Qəbul edilən Birgə Bəyanat isə bir sıra mühüm mesajları özündə ehtiva edir. Bu mesajlar isə TDT-nin coğrafiyasını aşaraq bir çox aktorlara ünvanlanıb.

TDT-nin Yaxın Şərqdəki son inkişaflar və əlaqəli məsələlərlə bağlı qəbul etdiyi Birgə Bəyanat təşkilatın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha nümayiş etdirdi. Sənəd göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız iqtisadi və humanitar əməkdaşlıq platforması kimi deyil, eyni zamanda regional təhlükəsizlik və siyasi məsələlər üzrə koordinasiyalı mövqe nümayiş etdirmək iqtidarında olan mühüm aktora çevrilməkdədir. İstanbulda keçirilən toplantı təşkilatın Yaxın Şərqdə baş verən hadisələrə operativ reaksiya vermək və üzv dövlətlərin ortaq maraqlarını müdafiə etmək iradəsini ortaya qoydu. İstanbul toplantısı və qəbul edilən „Birgə Bəyanat“ TDT daxilində güclü diplomatik həmrəyliyin ifadəsidir.

Birgə Bəyanatda vurğulanır ki, Türk Dövlətləri Təşkilatı regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə hazırdır. Üzv dövlətlər mövcud vəziyyəti diqqətdə saxlamaq və qarşılıqlı koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər. Bu yanaşma təşkilatın regional və beynəlxalq diplomatiyada rolunun getdikcə gücləndiyini və türk dövlətləri arasında siyasi həmrəyliyin daha da möhkəmləndiyini göstərir.

– Birgə Bəyanatın digər önəmli məqamları barədə nə demək olar?

– Birgə bəyanatda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və güc tətbiqinin yolverilməzliyi kimi beynəlxalq hüququn fundamental prinsiplərinə xüsusi diqqət yetirilməsi hazırkı şəraitdə mühüm siyasi və hüquqi mesaj kimi qiymətləndirilə bilər. Nazirlər bütün münaqişələrin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun şəkildə, dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyini bir daha vurğulayıblar.

– Sənəddə İran ərazisindən Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı hücumlarla bağlı hansı mövqe ifadə olunur?

– Birgə Bəyanatda xüsusi olaraq qeyd olunur ki, TDT üzv dövlətlərindən birinin təhlükəsizliyinə yönəlmiş hər hansı təhdid bütün təşkilat üçün narahatlıq doğurur. Bu prinsip təşkilat daxilində siyasi həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm göstəricisi kimi təsbit olunub. Bu, həm ikitərəfli, həm də çoxtərəfli formatda türk dövlətləri arasında əməkdaşlığın daha da inkişafı baxımından mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Bəyanatda xüsusilə „Azərbaycan və Türkiyənin suverenliyi və ərazi bütövlüyünə güclü dəstək“ və Azərbaycan və Türkiyənin „xalqları və hökumətləri ilə tam həmrəylik“ ifadə olunması çox təqdirə layiqdir.

Birgə bəyanatda İran ərazisindən Türkiyə Respublikasına və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumlar qətiyyətlə pislənib. Nazirlər bu kimi hərəkətlərin regional sabitliyi təhlükə altına qoyduğunu və gərginliyin daha da artmasına səbəb ola biləcəyini narahatlıqla qeyd ediblər. Bu mövqe Türk Dövlətləri Təşkilatının regional təhlükəsizlik məsələlərində prinsipial yanaşmasını əks etdirir. Ümumilikdə, İstanbul bəyanatı Türk Dövlətləri Təşkilatının regional və qlobal proseslərdə daha fəal rol oynamaq niyyətini, üzv dövlətlərin təhlükəsizlik və sabitlik məsələlərində vahid mövqedən çıxış etmək iradəsini nümayiş etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Belə ki, “Nazirlər məsələni diqqətdə saxlamağa və bu və ortaq narahatlıq doğuran digər əlaqədarməsələlər üzrə TDT çərçivəsində sıx koordinasiyanı davam etdirməyə razılaşdılar.“

– Birgə Bəyanatda Yaxın Şərqdə baş verən hadisələrə münasibət necə ifadə olunur?

– Nazirlər eyni zamanda Yaxın Şərqdə son dövrlərdə artan zorakılıq və silahlı qarşıdurmalarla bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Bəyanatda xüsusilə mülki əhali arasında insan itkilərinin artması və humanitar böhranın dərinləşməsi diqqətə çatdırılıb. Bu kontekstdə regionda sabitliyin qorunmasının bütün ölkələr üçün həyati əhəmiyyət daşıdığı vurğulanıb.

– Yaxın Şərqdəki böhranın qlobal təsirləri barədə məqamlar da bəyanatda qeyd olunur.

– Bəli, konkret hallar sadalanır. Konkretləşdirsək, qeyd edilir ki, Yaxın Şərqdə uzunmüddətli qeyri-sabitlik yalnız region ölkələri üçün deyil, eyni zamanda qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün də ciddi risklər yaradır. Xüsusilə enerji bazarları, beynəlxalq ticarət marşrutları, ərzaq təhlükəsizliyi və miqrasiya axınları kimi sahələrin mümkün mənfi təsirlərə məruz qalması təhlükəlidir.

– Bəyanatda Fələstin məsələsi ilə bağlı mövqenin ifadə olunmasını necə şərh edərdiniz?

– Bəyanatda Fələstin münaqişəsinə də xüsusi yer ayrılıb. Nazirlər beynəlxalq hüquqa və BMT qətnamələrinə uyğun olaraq münaqişənin iki dövlət prinsipi əsasında ədalətli və davamlı şəkildə həllini dəstəklədiklərini bildiriblər. Bu, İslam həmrəliyi kontekstində verilmiş mühüm açıqlamadır. Bu açıqlma həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri ilə üst-üstə düşən mövqedir.

– Tükiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla bir araya gəldi, həmçinin ölkəmizə dəstəyini ifadə etdi. Nazir bildirdi ki, Türkiyə İrandakı müharibənin yayılmasını istəmir və bölgədəki hadisələri narahatlıq üçün səbəb sayır. Hakan Fidan bildirdi ki, İran qonşuları ilə yaxşı yola getməlidir. “Üçüncü ölkələrə hücum strategiyası çox səhvdir”, deyən diplomat TDT-nin Türkiyə və qardaş Azərbaycana hücumlar zamanı güclü dəstək və həmrəylik nümayiş etdirdiyini də vurğulayıb. Bu faktı necə dəyərləndirirsiniz?

– Qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanin açıqlaması Türkiyənin regionda müharibənin genişlənməsinin qarşısını almağa və gərginliyin diplomatik yollarla həllinə üstünlük verdiyini göstərir. Bu yanaşma rəsmi Ankaranın regional sabitlik və təhlükəsizliyin qorunmasına yönəlmiş prinsipial mövqeyini bir daha təsdiqləyir. Bu baxımdan Hakan Fidanın bəyanatı Birgə Bəyanatın ruhuna tam uyğun gəlir. Onun Türk Dövlətləri Təşkilatının Türkiyə və Azərbaycana qarşı hücumlar zamanı nümayiş etdirdiyi “güclü dəstək və həmrəylik” barədə fikirləri göstərir ki, Azərbaycan və Türkiyənin təhlükəsizliyi qarşılıqlı və bölünməz şəkildə qəbul olunur.

Regional platformalarda bu, iki ölkə vahid siyasi mövqedən çıxış edir: Türk dövlətləri arasında həmrəylik və kollektiv siyasi dəstək mexanizmləri güclənir. Bu açıqlama Azərbaycan və Turkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mahiyyətini də nümayiş etdirir. Belə ki, 2021-ci ildə imzalanmış Suşa Bəyannaməsi iki ölkə arasında təhlükəsizlik, müdafiə və xarici siyasət sahələrində qarşılıqlı dəstək və koordinasiyanı təsbit edir. Cənab Fidanın fikirləri artan potensial risklər kontekstində həm Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının, həm də türk dövlətləri arasında siyasi həmrəyliyin gücləndiyini göstərən mühüm diplomatik mesaj kimi qiymətləndirilə bilər.
Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button