İtaliyan Nazir müavini Avropa Parlamentini tənqid etdi

Sonra da deyirlər ki, biz müstəqilik, azad, demokratik yolla seçilmiş deputatlarıq. Heç kim bizim iradəmizə, mövqeyimizə təsir edə bilməz, daha nələr. Əgər burdan-bura işğaldan təzəcə qurtulmuş bir xalqa qarşı elementar ədaləti qoruya bilmirsinizsə, Azərbaycana ağlasığmaz böhtanlar atır, hətta öz ərazi bütövlüyünü bərpa etdiyi üçün onu təhdid edirsisinizsə, başınıza dəysin sizin demokratlığınız da, müstəqilliyiniz və legitimliyiniz də. Məgər azad şəkildə seçilmək kimisə şərləməyə haqq verir?

Söhbətin nədən getdiyi yəqin ki, aydındır. Avropa Parlamentinin (AP) Azərbaycanla bağlı dünənki, sayca Allah bilir neçənci iyrənc qətnaməsini nəzərdə tuturuq. İnsafən, heç Ermənistan parlamenti 2-ci Qarabağ savaşı və ötən ilki bir günlük antiterror əməliyyatından sonra belə qələti eləməyib. Amma avroparlamentarlar hələ də utanmazcasına ermənidən çox ermənilik etmək sevdasından əl çəkmirlər.

Qətnamə-cızma-qaranın mətninə ötəri göz atmaq kifayətdir ki, bunun “müstəqil” deputatların beyinin məhsulu yox, sırf erməni lobbisinin layihəsi olduğuna və sadəcə, təsdiqlənmək üçün AP-ə göndərildiyinə asanca əmin olasan. ABŞ-ın ermənipərəst konqresmenlərinin yalan və iftira dolu anti-Azərbaycan müraciətləri yadınızdamı? Eyni dəst-xətt, eyni uydurma ifadələr. Hətta cümlələrin quruluşu ciddi fərqlənmir. Xülasə, vahid mərkəzdən idarə olunan bir anti-Azərbaycan isteriyası…

Amma bir var, bu haqsızlığı, rəzilliyi biz görək və deyək, bir də var, məsələn, Avropa İttifaqının aparıcı üzvlərindən olan İtaliyanın xarici işlər nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs Edmondo Çirielli buna üsyan edə. Diplomat öncə təmsil olunduğu siyasi partiyanın məlum qətnaməyə səsvermə zamanı bitərəf qalmasına diqqət çəkib və Azərbaycana qarşı belə bir rüsvayçı sənədə, reallıqdan Bakıdan Strasburqa qədər uzaq qətnaməyə dərin təəccübünü ifadə edib.(APA)

Sitatlara diqqət edək.

“Əvvəla, qətnamə hüquqi və tarixi saxtakarlıqla doludur. Məhz Ermənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) surətdə 30 il ərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal edib. BMT-nin müstəqil hesabatlarından da göründüyü kimi, ermənilərin regionu tərk etməsinə görə məsuliyyət daşıyan Azərbaycan yox, bu, regionun erməni separatçı rəhbərliyinə havadarlıq edən rusiyapərəstlərin ritorikasıdır”.

Ardınca deyir: “Halbuki beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan həmin bölgədə yaşayan erməniləri qorumaq bəhanəsi ilə Ermənistanın başlatdığı müharibə nəticəsində 750 mindən çox azərbaycanlı öz torpaqlarından didərgin düşməyə məcbur olub. Rusiyanın Ukraynada etdiyi kimi. Azərbaycanlılar hələ də öz torpaqlarına qayıda bilmirlər, çünki onların şəhərləri yerlə-yeksan edilib və hər yer hələ də minalanmış vəziyyətdədir”.

İtaliya rəsmisi AP deputatlarının barmaqdan sovrulan “dəlillərini” daşdan keçən sübut-faktlarla darmadağın eləməyə davam edir: “Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur. Üstəlik, onilliklər ərzində ermənilər qanunsuz şəkildə işğal etdikləri Azərbaycanın 4 kəndini də geri qaytardılar. Mübahisəli ərazilər yoxdur, çünki Ermənistanın özü də bunu bəyan edib: yalnız azərbaycanlıların qaldırdığı məsələ var ki, o da Ermənistan konstitusiyasında olan revanşizm kimi başa düşülən müddəalardır”.

Nəhayət, diplomat haqlı olaraq vurğulayır ki, Avropa Parlamentinin qətnaməsi sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etməyəcək: “Bu da bir həqiqətdir ki, Avropa İttifaqı iki ölkəni bir-birinə yaxınlaşdıran və hələ də meydanda olan münaqişələri qızışdırmayan neytral və bərabər mövqe ilə Güney Qafqazın sabitləşdirilməsində maraqlı olmalı idi… Azərbaycan geosiyasi nöqteyi-nəzərdən təkcə İtaliya və Aİ-nin enerji və iqtisadi baxımdan deyil, həm də siyasi müstəvidə strateji tərəfdaşıdır, çünki Qafqazda rus qoşunlarının yerləşməsinin qarşısını almaqda maraqlıdır. Halbuki rus qoşunları Ermənistanda yerləşir və Gürcüstanın iki regionunu, Abxaziya və Osetiyanı qeyri-qanuni işğal edib. Gürcüstanın özü xristian olmasına baxmayaraq, Azərbaycanın strateji və logistik tərəfdaşıdır. Bu, həm də həmin bölgədə baş verənlərin dini müharibə olmadığnı göstərir”.

Əla. Hər şey yerli-yerində. Avropa Parlamentini “arqumentlərini” puç edən, onun əsl xislətini açan son dərəcə ədalətli bir mövqe-şərh. Təşəkkürlər, Çiriuelli kişiyana hərəkətə görə! Nə yaxşı ki, “qoca qitə” təkcə erməni lobbisinin bəslədiyi siyasi dələduzlardan ibarət deyil… (Musavat)

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button