Kərimovanın qaytarılan, Feyziyevin mənimsənilən milyonları – Hansı Avropa ölkəsi ədalətlidir?

İkisinin biridir, ya özbək qardaşlarımız bizdən fərasətlidir, ya da İsveçrə hökuməti İngiltərə hökumətindən daha ədalətlidir. Bir-biriilə əlaqəsi yoxmuş kimi görünən bu şərtlərin əslində sıx bağlılığı var. Az sonra.

Fərasətə qalanda Kuril adalarında 99 seriyalı avtomobillə xiyar-pomidor satan, NASA-da proqramçı işləyən, Pekində yerli adamlarla silsiləvi şəkildə kələk gələn təmsilçilərimiz var, heç də heç kəsdən geri deyilik.

İsveçrə və İngiltərə hökumətlərinin ədalətlilik xüsusunda da gərək dərin araşdırma aparılsın, səthi fikir bildirmək olmaz. Amma səthdə olan fakt budur: İsveçrə hökuməti ilə Özbəkistan hökuməti razılığa gəliblər ki, eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrə banklarındakı 131 milyon dolları Daşkəndə qaytarılsın.

İndi eyni şeyi İngiltərə hökuməti də etməli, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin ölkədən çıxardığı miyonları ölkəmizə qaytarmalıdır.

Mütəxəssislərdən soruşsaq, deyəcəklər, bu o qədər də asan iş deyil, incə detallar var, dövlətlər arasında filan-filan razılaşmalar olmalıdır, beynəlxalq konvensiyalar-filan işləməlidir, daha nə bilim, nə.

Bəs necə olur ki, İsveçrədə o qanunlar işləyir? Demək, istəyəndə alınır, istəməyəndə bəhanə tapmaq asandır.

Özü də əkələrin xaricdəki puluyla bizimki eyni məbləğdə deyil. Orda xaricə pul daşıyan əsasən Kərimovlar idisə, bizdə kimin gücü, gümanı nəyə çatıbsa, kimin pul axıtmaq kanalı varsa, daşıyıb aparıb, nəql edib.

Cahangir Hacıyevin ömür-gün və qeyri-sürgün yoldaşı Zamirə xanım gedib Londonda qədəhi 3 min dollara şərab içməsəydi, milyonluq malikanə almasaydı, butiklərdə milyon-milyon funt-sterlinqlər xərcləməsəydi, heç o pullardan bilmərrə xəbərimiz olmayacaqdı.

Eləcə də London məhkəməsi deputat Cavanşir Feyziyevin 5 milyon funtunun arxasına keçməsəydi, nə biləcəkdik ki, adam ölkədən nə qədər pul çıxarıb.

Yeri gəlmişkən, İngiltərə hökuməti və London məhkəməsi elə ədalətlidirlərsə, o pulları da öz sahibinə, ölkəmizə qaytarmalıdır. Demirlər ki, pulların ölkəmizdən çıxarılması qaydaları şübhəlidir? Şübhəlidirsə, geri qaytarın, şübhələr dağılsın, haqq-ədalət də yerini alsın. Yoxsa “o pul şübhəlidir”, “bu pul ”çirkli” pula oxşayır”, “filan hesabdakı pulun mənbəyi məlum deyil” deyə-deyə xalqın pulunu basmarlayıb mənimsəmək düzgün deyil.

İsveçrə hökuməti isə araşdırıb, özbəklərin təqdim etdiyi sənədləri incələyib, görüb ki, 131 milyon Gülnarə xanımın dədəsinin pulu deyil, daha dəqiqi, dədəsinin hesabına xalqdan oğurlanmış puldur, ona görə də qərar verib ki, pulları əsl sahibinə geri versin.

Xəbərdən belə anlaşıla bilər ki, xanım o qədər də tamahkar qadın deyilmiş, istəsə o, Özbəkistandan milyardlarla pul çıxara bilərmiş, amma etməyib.

Elə deyil, papası sağ olanda Gülya olduqca kefqom həyat tərzi sürüb, yeyib-içib, gəzib, yığıb-toplayıb, necə lazımdır, xərcləyib. Məsələn, o, bir dəfə futbolçu Ronaldonu İspaniyadan gətirtmişdi ki, bir gecə mehmanı olsun. Puluyla deyilmi? Hollivuddan gecəsi 1 milyona ulduz aktrisa gətirdən ərəb şeyxzadələrindən əskik kişinin qızı deyildi ki.

Bax, xatunun elə işləri vardı. Bəlkə o da qədəhi 3 min dollara şərab içirdi, kim bilir. Zövq məsələsidir, bilmək olmaz.

Ancaq o vaxt Özbəkistanın prokurorları məlumat yaymışdılar ki, xanım Kərimovanın bir sıra xarici ölkələrdə, o cümlədən ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviyada 1,3 milyard dollardan çox pulu var və bu vəsaitin qaytarılması istiqamətində işlər aparılır.

Belə görünür ki, vəsaitin qaytarılması istiqamətində aparılan işlər yalnız İsveçrədə uğurlu olub. Məhz rəsmi Bern müraciətlərə müsbət reaksiya verib. Yerdə qalan dövlətlər isə müdrikcəsinə susur, vəsaiti gəldiyi istiqamətə qaytarmaq istəmirlər.

Gülnara Kərimova ilə bizim xaricə pul daşıyanların arasında əsas fərq odur ki, Gülnarə xanım 2015-ci ilin avqust ayından içəridədir. Onu dələduzluq və vergidən yayınma maddələri ilə suçlayıblar, əvvəlcə 10 il iş kəsiblər, sonra o, höcətlik edib, pulları geri verməyib, cəzasını daha 3 il dörd ay artırıblar.

Biz isə oturub gözləyirik ki, xaricdəki milyardlarımızı nə vaxt, necə qaytaracaqlar…

Samir Sarı

Hamısını Göstər

Related Articles

Back to top button