Kəşfiyyat XİN-ə basqın etdi: “Azərbaycan casusu” ittihamı ilə saxlanıldı

Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinir.
Polise.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Aleksanyan bir neçə ay əvvəl İrəvanın “Zvartnots” hava limanında saxlanılıb, amma hakimiyyət qalmaqalın qarşısını almaq üçün bunu ictimaiyyətə açıqlamamağa qərar verib.
Nəşrin məlumatına görə, konsulun üzərindən bəzi sənədlər tapılıb. Saxlanılma əməliyyatından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin (XİN) binasında genişmiqyaslı axtarışlar aparıb.
“Milli Təhlükəsizlik Xidməti diplomatı təyin etməzdən əvvəl onun iş təcrübəsini, şübhəli əlaqələri və sairi yoxlayır. Təyinat yalnız hərtərəfli yoxlandıqdan sonra təsdiqlənir. İndi məlum olur ki, ya Milli Təhlükəsizlik Xidməti səhv edib, ya da onu təyin edənlər bəzi hallara göz yumublar”, – nəşr yazıb.
Nəşr əlavə edib ki, Aşken Aleksanyan haqqında, hətta onun təyinatı ilə bağlı məlumatlar bütün açıq mənbələrdən silinib.
Polise.az



