Kanada Baş naziri ABŞ-nin yeni rüsumlarını “birbaşa hücum” adlandırıb

ABŞ Prezidenti Donald Trampın xaricdə istehsal olunan bütün avtomobillərə 25 % rüsum tətbiq etməsi Kanadaya birbaşa hücumdur, biz cavab variantlarını araşdırmaq niyyətindəyik.
“Report” CNN-ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Ontarioda keçirilmiş mətbuat konfransında bildirib.
“Biz işçilərimizi qoruyacağıq. Biz şirkətlərimizi qoruyacağıq, ölkəmizi qoruyacağıq”, – o qeyd edib.
Karninin sözlərinə görə, rüsumlar ABŞ, Meksika və Kanada arasındakı sazişi pozan “birbaşa hücumdur”. Bununla əlaqədar, Baş nazirin sözlərinə görə, Kanada tərəfi öz cavab variantlarını nəzərdən keçirəcək.
“Əgər lazım olarsa, cavab rüsumları tətbiq etmək üçün mexanizmlər hazırlamışıq. Bu barədə bir çox mülahizələr var”, – o vurğulayıb.
Karni həmçinin Trampla danışmalı olduğunu bildirib və bunun tezliklə baş verəcəyinə ümid etdiyini ifadə edib.
Daha əvvəl Tramp xaricdə istehsal olunan bütün avtomobillərə 25 % idxal rüsumu tətbiq edilməsini elan etmişdi.
Polise.az