“KARTDAN KARTA MACƏRASI” BİTİR… – Bunun hansı fəsadları olacaq?

Və ya bank kartlarına qoyulan yeni limitlər nə ilə bağlıdır?

Mərkəzi Bank və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən 1 avqustdan başlayaraq, kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib. Həmin limitlərə görə, bir kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə kartına ödəniş ala bilər. Kartdan karta köçürmələrin maksimum ümumi dəyəri isə 20.000 manatı keçməli deyil.

Məlum olduğu kimi, artıq xeyli vaxtdır, xüsusilə də pərakəndə satışda “kartdan karta” ödəmələri geniş yayılıb. Bu zaman bir çox kiçik sahibkarlar müştərinin ödənişini kassa, yaxud post-terminal deyil, birbaşa öz adına, yaxud yaxınlarının adlarına açdırdığı kartlara köçürməklə qəbul edirdi. Bu isə kütləvi vergidən yayınma problemi yaradırdı ki, vergi orqanı da bunun qarşısını almaqda çətinlik çəkirdi. Üstəlik, bundan qanunsuz mərc oyunları və bir çox dələduzluq, fırıldaqçılıq halları üçün istifadə olunurdu. İndi isə kartdan karta əməliyyatlarına limit tətbiq etməklə bu halların qarşısını almağa çalışacaqlar.

Bu yeni qaydaların tətbiqinin səbəbləri demək olar, aydındır və başadüşüləndir. Bəs bunun fəsadları da olacaqmı?

Artıq bir çox mütəxəssislər yeni limitlərin qeyri-nağd alış-verişləri azaldacağını, insanların daha çox nağd puldan istifadəyə üstünlük verəcəyini iddia edirlər. Üstəlik, yeni qaydaların bankların və ümumilikdə iqtisadiyyyatın xeyrinə olmayacağı iddia edilir. Bildirilir ki, banklar xeyli faiz gəlirləri itirəcəklər, insanlar kartlardakı pullarını nağdlaşdıracaqlar, bu da banklarda fiziki pul çatışmazlığı yarada və bütün bunlar iqtisadiyyatın bir qədər də daralmasına səbəb ola bilər.

Məsələn, bank sektoruna yaxın mütəxəssislərdən sayılan hüquqşünas Əkrəm Həsənov yeni limitlərlə bağlı paylaşımında yazıb: “Qeyd olunur ki, bu limitlər şəffaflığın artırılması, fırıldaq hallarının azaldılması, vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir. Məqsədin səmimi olduğuna inanıram. Amma sivil ölkələrdə (uzağa getməyək, elə qonşumuz Gürcüstanda) bu məqsədə limitlərin tətbiqi yolu ilə deyil, rəqəmsal monitorinq yolu ilə nail olunur. Belə ki, həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini (mənbəyi ilə bərabər) bəyan edir. Buna görə də kartdan karta yolu ilə ona daxil olmuş vəsaitlərlə bəyan etdiyi gəlirlər arasında fərq olduğu halda vətəndaş məsuliyyətə cəlb olunur (vergi və s.). Azərbaycanda isə hətta məmurlar da gəlirlərini bəyan etmir (halbuki 2005-ci ildən bunu tələb edən Qanunumuz var). Buna görə də bizdə çirkli pullarına yuyulmasına qarşı mübarizə işlək deyil. Vətəndaş banka əmanət yerləşdirəndə, avtomobil və ev alanda, yaxud başqasına pul köçürəndə ona qarşı hər hansı irad irəli sürülə bilməz. Vəsaitin mənbəyini soruşsaz istədiyi cavabı verə bilər. Məsələn, deyə bilər ki, “babamdan qalıb”! Sivil ölkələrdə isə vətəndaş bu cavabı verə bilməz, çünki hər il əmlakı və gəlirləri barədə bəyanat verir”.

 

 

Hüquqşünas hesab edir ki, limit tətbiqi yolu ilə sıravi vətəndaşları “ağ” maliyyə qaydalarına alışdırmaq çətin olacaq və seçilmiş bu yol bazar iqtisadiyyatı ruhuna uyğun deyil: “Necə yəni Mərkəzi Bank banklarla razılıq əldə edib? Yəni banklar könüllü olaraq öz üzərlərinə məhdudiyyət qoyublar? Necə ki, valyuta alışına illik 20000 manatlıq limiti də guya banklarımız könüllü tətbiq edib. Hansı normal kommersiya qurumu dövriyyəsini azaldacaq məhdudiyyəti tətbiq edər ki? Normal bazar iqtisadiyyatı şəraitində bu cür məhdudiyyətləri, xüsusilə vətəndaşlara aid olan məhdudiyyətləri kommersiya qurumları müəyyən etmir. Dövlət müəyyən edir. Buna görə də normal şəraitdə bu limitlər qanunda təsbit olunmalı idi.

Əlbəttə ki, bu limitlər əhalinin əksəriyyəti üçün heç bir problem yaratmayacaq. Onların nə aylıq 20000 manatlıq pulu var, nə də gündə 5 dəfə kiməsə köçürmə etmək zərurəti və imkanı. Əksər hallarda bu limitlər həqiqətən də vergidən yayınmaq istəyənlər üçün müəyyən narahatlıq yaradacaq. Məsələn, mikrosahibkar müştərilərindən pulu hər dəfə kartına ala bilməyəcək. Lakin problemi qismən başqa yolla həll edə bilər: limitdən yuxarı pul onun yaxınlarının (ailə üzvlərinin, dostlarının və s.) kartına köçürülə bilər. Ən əsası isə pulu sadəcə nağd ala bilər, vəssalam! Və ən mənfisi də budur”.

 

 

O hesab edir ki, bu limitlər insanları nağd ödənişlərə qayıtmağa təşviq edə bilər: “İndiki halda dövlət heç olmasa nağdsız ödənişləri görürdü. Bundan sonra isə limitdən yuxarı ödənşlər sadəcə nağd ediləcək və dövlət onları görməyəcək. Bunumu istəyirik? Bumu bizə lazımdır?… Sivil ölkədə bu ödənişi etməkdə problem olmamalıdır. Sadəcə dövlət vəsaitin mənbəyi və əsl səbəb ilə maraqlana bilər. Hər kəsin gəlir bəyannaməsi olan ölkədə bunu araşdırmaq elə də çətin deyil”.

C.Məmmədli

“AzPolitika.info”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button