Keçmiş Aparat rəhbəri məhkəmədə Hacıbalanı nişan verdi
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə keçmiş Aparat rəhbəri dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, onun həbsinə səbəb olan ərazidə aparılan tikinti və söküntü işləri bağlı sərəncam Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən hazırlanıb: “Sərəncamı hazırlayanlar tikinti üzrə mütəxəssislər idi. Onların hazırladıqları rəylərə inanmışam”.
R.Quliyev deyib ki, 2017 -ci ildə müavin səlahiyyətlərini icra etmək üçün həvalə olunan sənəddə qeyd edilib ki, Bakı şəhərin icra başçısı sərəncama nəzarəti özündə saxlayıb: “Mənim ciddi manevrlər etmək imkanım yox idi. Mövcud vəziyyətə uyğun hərəkət etmişəm. Yeddi ay ərzində həmin vəzifəni müvəqqəti icra etmişəm. Bu müddət ərzində haqqımda qanunauyğun olaraq Hacıbala Abutalıbov Prezident Administrasiyasına təqdimat verə bilərdi. Bunu təqdimat şəklində rəsmiləşdirə bilərdi. Sual olunur ki, bu niyə edilməyib?”
Hakim prosesdə Bakı şəhər icra hakimiyyətinə kadrların təyin olunması məsələsinin müzakirə olunmadığını R.Quliyevə xatırladıb və bunun ittihama aid olmadığını deyib.
Sabiq Aparat rəhbəri belə cavab verib:
-Demək istəyirəm ki, əgər bu işi bacarmırdımsa niyə müavin təyin olunmuşam, yox əgər bacarırdımsa niyə haqımda təqdimat verilməyib?
Tərəflərin suallarını cavablandıran R.Quliyev qeyd edib ki, 2015-ci ildə Nəsimi rayon icra başçısı Asif Əsgərov Mədəniyyət Nazirliyində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin rəisi Zakir Sultanova (hazırda həbsdədir-red.) məktub ünvanlayıb. Məktubda göstərilib ki, paytaxtın D.Əliyeva 145 saylı ünvanda yerləşən bina sökülüb. Ağır texnika nəticəsində binanın bir tərəfi uçub, 141 saylı binaya zərər dəyib:” Oranı qazanda göl əmələ gəlib, özül dirəklər qoyulub, 1898-ci ildə tikilmiş materiallar, ağır texnikanın yaratdığı rezonans binanın uçmasına səbəb olub. Bununla bağlı aidiyyatı qurumlar məsələ qaldırıb. Bakı şəhər icra hakimiyyəti özü söküb, belə çıxır ki, özünə zərər vurub. Bunun mənə nə aidiyyatı var?”
Keçmiş Aparat rəhbəri sualları cavablandırarkən deyib ki, H.Abutalıbov həmin ərazi ilə bağlı bir neçə dəfə sərəncam verib, daha sonra ləğv edib:” 2013-cü ildə sərəncam verilib, 2015-də ləğv edib. Proseslər məni maraqlandırmırdı. Mənim sahəmə aid deyildi. Dəfələrlə Hacıbala Abutalıbov tərəfindən sərəncam verilib, sonra ləğv olunub”.
R.Quliyevin vəkili R.Yusifbəyli müvəkkilindən istintaq zamanı niyə dolğun ifadə vermədiyini soruşub:” İstintaqda zamanı dolğun ifadə versəydiniz iş bu yerə gəlib çatmazdı”.
R.Quliyev isə istintaq dövründə nə soruşublarsa ona cavab verdiyini söyləyib.
Məhkəmə prosesi sentyabrın 13-də davam edəcək.
Xatırladaq ki, R.Quliyev Bakının D.Əliyeva küçəsində tarixi binanın sökülməsinə, yerində “FF-2011” şirkəti tərəfindən çoxmərtəbəli binaların tikintisinə icazə verilməsinə dair qanunsuz sərəncam verməkdə günahlandırılır.