Kişi beyni qadın beynindən daha tez qocalır – ARAŞDIRMA

“Science Focus” nəşrinin yazdığına görə, Oslo Universitetinin neyrobioloqlarının rəhbərliyi ilə aparılan beynəlxalq araşdırma maraqlı nəticə ortaya qoyub.
Musavat.com xəbər verir ki, araşdırmaya əsasən, kişilərdə beyin həcmi yaş artdıqca daha sürətlə kiçilir və degenerasiya prosesi daha tez baş verir.
Tədqiqatçılar bildirirlər ki, buna baxmayaraq, Alzheimer xəstəliyi qadınlar arasında daha geniş yayılıb. Statistik göstəricilərə əsasən, 45 yaşdan sonra bu hazırda sağalmaz hesab edilən xəstəliyin yaranma ehtimalı kişilərdə təxminən 10 nəfərdən 1-i, qadınlarda isə 5 nəfərdən 1-i təşkil edir.
Alimlərin irəli sürdüyü izahlardan birinə görə, bunun əsas səbəblərindən biri yaşlı qadınların sayının yaşlı kişilərdən daha çox olmasıdır. Bir çox kişi Alzheimer xəstəliyinin adətən üzə çıxdığı yaş dövrünə qədər yaşamır. Bununla yanaşı, tədqiqatçılar bu fərqin səbəbləri ilə bağlı digər elmi versiyalar üzərində də araşdırmalarını davam etdirirlər.
Polise.az



