KİV: Türkiyə sülh müqaviləsi layihəsini Rusiya və Ukraynaya təqdim edib
Türkiyə Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dondurulmasını nəzərdə tutan sülh müqaviləsi layihəsini tərəflərə təqdim edib.
Polise.az xəbər verir ki, bu barədə “New Europe” nəşri yazıb.
Bildirilib ki, bu layihə Türkiyə, Rusiya və Ukrayna rəsmilərinin 2022-ci ildə baş tutan İstanbul görüşünün nəticələri əsasında hazırlanıb.
Qeyd olunub ki, bir çox Avropa siyasətçiləri də bu layihəni dəstəkləyə bilər.
Layihədə ilkin olaraq, ABŞ və Rusiyanın heç bir halda nüvə silahından istifadə etməmək barədə öhdəlik götürmələri öz əksini tapıb. Eyni zamanda, bu ölkələrin Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsini (START-3) gələcəkdə birtərəfli qaydada ondan çıxmaq imkanı olmadan yeniləmələri təklif olunur.
Bundan başqa, layihədə digər bir ölkənin daxili işlərinə onun hökumətində sabitliyi poza biləcək hər hansı formada müdaxilə qadağan edilir. Həmçinin mövcud cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur.
Təkliflər zərfində 2040-cı ildə Ukraynada ölkənin xarici siyasət kursuna dair referendumun keçirilməsi, eləcə də beynəlxalq nəzarətin təmin olunması şərti ilə işğal edilmiş bütün ərazilərdə referendumun təşkilinə dair tərəflərin öhdəlik götürməsi təklif olunur.
Nəşrin yazdığına görə, Ankara layihədə həmçinin əsirlərin “hamının hamıya” formulu əsasında mübadiləsini təklif edir. Layihədə Ukraynanın 2040-cı ilə qədər bloklara qoşulmama statusunun dəyişməzliyi, eyni zamanda, Rusiyanın Ukraynaya Avropa İttifaqına (Aİ) daxil olmasına etiraz etməməsi barədə müddəa öz əksini tapıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb və hələ də davam edir.
Polise.az