Kiyev istiqaməti dəyişir: Mərkəzi Asiyada böyük oyun başlayır

“Rusiyanın işğalına qarşı müqavimətini uğurla davam etdirən Ukrayna diplomatik sahədə də fəallığını azaltmır. Kiyev ABŞ və Avropa istiqamətləriylə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətlərində də diplomatik fəallığını artırıb”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, bu mənada, Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko, hansı ki, ölkəsinin Azərbaycandakı keçmiş səfiri olub, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrə ciddi əhəmiyyət verir:

“O, Azərbaycanın Ukraynanın davamlı humanitar yardımlarını yüksək qiymətləndirir. Mişenko Azərbaycan mediasına müsahibələrində iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini hər zaman vurğulayır. “Biz Azərbaycanın Ukraynaya etdiyi yaxşılığı unutmayacağıq” – deyən Mişenko bu yardıma görə Azərbaycan Prezidentinə və xalqına səmimi minnətdarlığını bildirməyi də unutmur.

Oleksandr Mişenko bu ayın əvvəlində Özbəkistan və Qazaxıstana da səfər edib. Kiyev Azərbaycanla yanaşı bu iki ölkə ilə strateji əlaqələrin inkişafına da əhəmiyyət verməyə başlayıb. Bunun bir neçə səbəbi var. Birincisi, Mərkəzi Asiya ölkələri balanslaşdırılmış xarici siyasətə üstünlük verirlər. Yəni Mərkəzi Asiya ölkələri Rusiya və Çinlə əməkdaşlıqlarına baxmayaraq, ABŞ, Avropa İttifaqı, o cümlədən Ukrayna ilə siyasi və iqtisadi əlaqlərdən bəhrələnmək istəyirlər. İkincisi, türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatının regional gücə çevrilməsi də Kiyevin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Mişenkonun Astana və Daşkənddə müzakirə etdiyi əsas mövzular nəqliyyat xətləri, o cümlədən Ukrayna ilə ticarət əlaqələrinin inkişafı olub. Ukrayna şirkətləri, potensialları və texnoloji imkanları sayəsində Qazaxıstan və Özbəkistanda fəaliyyətlərini genişləndirmək üçün yaxşı perspektivlərə malikdirlər. Ukraynanın həmçinin Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsulları və texnika tədarükü üçün böyük potensialı var. Ukrayna şirkətlərinin nümayəndələri bu yaxınlarda Qazaxıstan və Özbəkistana da səfər edərək tərəfdaşları və müvafiq nazirlik və qurumların nümayəndələri ilə uğurlu danışıqlar aparıblar”.

Elxan Şahinoğlu həmçinin vurğulayıb ki, Kiyevin Transxəzər marşrutuna marağı artıb:

“Mişenko Astana və Daşkənddəki görüşlərdə bu marşrutdan istifadə imkanlarını müzakirə edib.
Azərbaycan illərdir ukraynalı uşaqların reablitasiyasına dəstək verir, onlar üçün xüsusi proqramlar hazırlayır. Qazaxıstan və Özbəkistan da müharibədə valideynlərini itirən ukraynalı uşaqların reabilitasiya proqramlarına dəstəyini artırmağa qərar verib. Müharibə bitdikdən sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrin Ukraynanın yenidənqurulmasında iştirakı mümkündür.

Ümumilikdə, Aleksandr Mişşenkonun Qazaxıstan və Özbəkistana səfəri ticarətin artırılması, nəqliyyat dəhlizlərinin inkişafı, Ukrayna şirkətlərinin irimiqyaslı infrastruktur layihələrində iştirakı və beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər arasında qarşılıqlı dəstək üçün lazımi şərait yaradıb”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button