Köçəryan İran diplomatlarının ailələrini necə məhv etdi – Şok faktlar
Zərbə gözləmədiyimiz yerdən gəldi…
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında dost və qonşu İranın “Mehr” Xəbər Agentliyinin müxbiri Zəhra Mir Zəfərcuyan (Zahra Mirzafarjouyan) elə bir sual verdi ki, hələ uzun müddət yaddaşlardan silinməyəcək. Təbii ki, sözün mənfi mənasında. İranlı jurnalist bununla Azərbaycanda şöhrət qazandı. Ancaq təəssüf ki, bu şöhrət eramızdan əvvəl 356-cı ildə Artemida məbədini yandıran Herostratın qazandığı sayaq şöhrət oldu.
Bəs iranlı xanım jurnalist nə demişdi? Azərbaycan Prezidentinin mətbuat konfransı ölkəmizdə və yaxın-uzaq xaricdə elə böyük rezonans doğurub ki, bu barədə kimsənin xəbərsiz olması çətin olsun. Bilənlər bilir, bilməyənlər üçün xatırladaq ki, iranlı jurnalist artıq köhnəlmək üzrə olan bayatını zümzümə etdi. Düzdür, o, sualını birbaşa verməkdən çəkindi. Dolayı yollarla getməyə, niyyətini pərdələməyə çalışdı. Ancaq onun dedikləri gün kimi aydın idi. İranlı jurnalist 44 günlük Vətən müharibəsi zamanı xarici muzdluların, onun öz təbirincə desək, terrorçuların Azərbaycan tərəfindən döyüşdüyü düşüncəsindədir. Xanım jurnalist hazırda narahatdır ki, həmin terrorçular (?) region ölkələri, o cümlədən İran üçün təhlükə törədə bilər. İndi o terrorçular haradadır, Azərbaycan o terrorçuların neytrallaşdırılması üçün nə etməyi, hansı addımlar atmağı düşünür? Bu istiqamətdə kollektiv şəkildə (çox güman ki, burada İranla birgə atılacaq addımlar nəzərdə tutulur) hansı addımlar atılacaq? Sualın sadə izahı, yaxud hüquqda deyildiyi kimi implementasiyası bundan ibarət idi.
Ancaq necə deyərlər, daş qayaya rast gəlmişdi. Vətən müharibəsi zamanı çoxsaylı xarici media orqanlarına (o cümlədən qeyri-dost ölkələrin media qurumlarına) rezonans doğuran müsahibələr verən, bu cür psixoloji təsir və təzyiqlər qarşısında çoxdan mətinləşmiş Azərbaycan Prezidenti sualın mahiyyətini dərhal başa düşdü. Dövlət başçımız terrorçu qruplar haqqında məlumata dair mənbə istədi. Təbii ki, jurnalist mənbə göstərə bilmədi. Daha bir-iki sual-cavab və budur: jurnalist mat vəziyyətindədir.
Bununla belə jurnalistlərə hər zaman hörmət və ehtiramla yanaşan Azərbaycan Prezidenti həmişəki nəzakətliliyini göstərməyi unutmadı. “Dediyim kimi, siz bir xanım olaraq dost ölkədən gəlmisiniz, ona görə də mən mövzunun dərinliyinə getmək istəməzdim. Ancaq xahiş edirəm, belə şayiələr yayarkən daha məsuliyyətli olun”, – deməklə yüksək mədəniyyət nümayiş etdirdi və iranlı jurnalistə düşdüyü mat vəziyyətindən çıxmaqda yardım etdi.
Beləliklə, görünür, iranlı jurnalist və ona bu sualı hazırlayıb verən dairələr yüksək siyasi və psixoloji hazırlığa, dərin elmi və praktik biliklərə malik Azərbaycan Prezidentinə yaxından bələd deyilmişlər. Ən azı Vətən müharibəsi zamanı bəzi məkrli fransız, alman jurnalistlərin sualları qarşısında cənab İlham Əliyevin vermiş olduğu sərrast cavablara nəzər yetirmiş olsaydılar, onların aqibəti ilə üzləşməyi özlərinə rəva görməzdilər. Bu dairələr anlamırlar ki, Azərbaycan Prezidentinin bu cür suallar qarşısında çoxdan möhkəm immuniteti formalaşıb.
Zəfərcuyan bunu bilirmi?
Biz bu yazıda iranlı həmkarımıza bir xatırlatma edəcəyik. Nədənsə İranda tarixin bu az oxunmuş səhifəsini vərəqləməyi sevmirlər. Əsl terrorçunun, separatçı və işğalçının kim olduğunu dərk etməkdə birmənalı mövqe ortaya qoymağa meyl etmirlər. Halbuki bunu etsələr, ortaya aydın və birmənalı mövqe qoysalar, İran İslam Respublikasının təhlükəsizliyi daha etibarlı təmin edilmiş olar. Bu xatırlatmanı oxuyan iranlı dostlar qəlblərinin səsinə qulaq assalar, Azərbaycanın apardığı Vətən müharibəsinin nəticələrinin islam respublikasının da maraqlarına cavab verdiyini, İran sərhədlərinin 132 kilometrlik hissəsinin əslində məhz terrorçu qruplaran təmizləndiyini etiraf etmiş olarlar…
Atalar söz vaxtına çəkər deyiblər. Bu hadisə də ilk gününü yaşadığımız mart ayında yaşanıb. 2021-ci ildə həmin hadisədən əsrin ¼-dən artıq vaxt ötür. Bu, tarix üçün salisədən də kiçik bir müddətdir.
17 mart 1994-cü ildə İran İslam Respublikasının Hərbi-Hava Qüvvələrinə məxsus “Lockheed C-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsi Qarabağ səması üzərində, Xankəndi şəhəri yaxınlığında, Xocalı rayonunun Ballıca kəndində Ermənistan silahlı qüvvələri tərəfindən “Osa” zenit-raket kompleksi ilə vurulub. Nəticədə 19 sərnişin və 13 ekipaj üzvü olmaqla təyyarənin göyərtəsində olan 32 nəfərin hamısı həlak olub. Xüsusilə qeyd etməkdə məna var ki, 19 sərnişinin 9-u uşaq idi. Sərnişinlər İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşlarının ailə üzvləri idilər. Təyyarə “Domodedovo” (Moskva) – “Mehrabad” (Tehran) beynəlxalq hava limanları arasında reys yerinə yetirirdi.
Qarşıdan İranda və Azərbaycanda böyük təntənə ilə qeyd olunan, bizim xalqların ortaq bayramı olan Novruz bayramı gəlirdi. Bu dinc, heç bir günahı olmayan, məsum insanlar sevinc içində öz Vətənlərinə – doğmalarının yanına bayramı qeyd etməyə gedirdilər, ancaq onlar bir anda amansız erməni terroruna qurban getdilər…
Pilotların son sözü…
Təyyarə onun üçün müəyyənləşdirilmiş uçuş zolağından kənara çıxmazdan və Dağlıq Qarabağ üzərindəki hava sahəsinə daxil olmazdan öncə ekipaj dispetçerlə əlaqə saxlayaraq texniki problemlər olduğunu bildirir. Bir müddət sonra isə təyyarə qəzaya uğrayır.
Qarabağın Gürcüstanla sərhədi var imiş…
İran təyyarəsinin vurulması barədə məlumatı geniş ictimaiyyətə Ermənistan tərəfdən ilk olaraq hazırda siyasi şərhçi kimi çıxış edən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın siyasi analiz üzrə müşaviri və xarici işlər nazirinin birinci müavini Jirayr Liparityan açıqlayır. O, tələm-tələsik keçirdiyi mətbuat konfransında təyyarənin İrana Rusiya, Gürcüstan və Ermənistan üzərindən keçməklə çatmalı olduğunu bildirir. Ancaq qeyd edir ki, təyyarə kursdan təqribən 100 km şərqə doğru yayınıb və Gürcüstan hava məkanını tərk edərək Ermənistan hava məkanı üzərində deyil, Dağlıq Qarabağda döyüş əməliyyatlarının getdiyi bölgə üzərində (?) peyda olub. J.Liparityan həyəcandan elə yalan danışır ki, bu, mətbuat konfransında iştirak edənlərin təəccübünə səbəb odur. Jurnalistlər Dağlıq Qarabağın Gürcüstanla sərhədinin olmamasını ona xatırlatdıqda J.Liparityan sadəcə, cavab verə bilmir.
İranın Moskvadakı səfirliyi təyyarə qəzasında 9 uşaq da daxil olmaqla 19 sərnişinin və 13 nəfər heyət üzvünün hamısının həlak olduğunu açıqlayır. Həlak olan İran vətəndaşlarının qalıqları Ermənistana aparılır və İrəvandakı “Zvartnots” beynəlxalq hava limanından Tehrana göndərilir. Mərasimdə Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyan və baş nazirin müavini Vigen Çiteçyan iştirak edir.
Komissiya erməni yalanını qəti şəkildə rədd edir
Faciənin baş vermə şəraitini aydınlaşdırmaq üçün İran Hərbi-Hava Qüvvələrinin xüsusi komissiyası yaradılır. Komissiyanın rəhbəri Abdat Aminian Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyanın təyyarənin idarəetməni itirməsi və uçuş-idarəetmə sisteminin nasazlığı səbəbindən yerə çırpılması barədə versiyasını qəti şəkildə rədd edir. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “təyyarənin kursdan yayındıqdan sonra naməlum səbəblərdən havada partladığını” bəyan edir.
Abdat Aminian bildirir ki, təyyarə erməni silahlı birləşmələri tərəfindən atılan iki raketlə vurulub. Komissiya rəhbəri əlavə edir ki, erməni tərəfi baş vermiş hadisəyə görə məsuliyyəti öz üzərinə götürmür, ancaq onun qoşunlarının İran hava gəmisini Azərbaycan təyyarəsi kimi qəbul etdiklərini və hətta onun kimə məxsus olduğunu aydınlaşdırmaq üçün ekipajla əlaqə qurmağa cəhd etmədiklərini etiraf edir.
İran Xarici İşlər Nazirliyinin Hərbi-Hava Qüvvələri komissiyasının işinin nəticələrinə dair yaydığı rəsmi bəyanatda hərbi-nəqliyyat təyyarəsinin məhv edilməsinə görə məsuliyyət erməni qüvvələrinin üzərinə qoyulur. Bəyanatda İranın iddia qaldırmaq və faciə qurbanlarına görə təzminat alma hüququnu özündə saxladığı qeyd olunur. Həmçinin, Ermənistan rəhbərliyi hava gəmisinin məhv edilməsinə görə məsuliyyət daşıyanları müəyyənləşdirməyə və cəzalandırmağa çağrılır.
“Biz elə indicə Azərbaycan hərbi təyyarəsini vurduq”
Azərbaycanın o dövrdə mövcud olan Milli Təhlükəsizlik Nazirliyi İran tərəfinə təyyarənin vurulduğu gün Azərbaycan kəşfiyyatı tərəfindən ələ keçirilən radiodanışığı təqdim edir. Səs yazısında frazalardan biri bu idi: “Biz elə indicə Azərbaycan hərbi təyyarəsini vurduq”. Azərbaycan kəşfiyyatı hava gəmisinin “Osa” özüyeriyən zenit-raket kompleksi ilə vurulduğunu hesab etdiyini bildirib. Bir sıra rusiyalı ekspertlər İran təyyarəsinin kəşfiyyat missiyası yerinə yetirmək üçün kursdan yayındığını güman edirlər, lakin İran Xarici İşlər Nazirliyi bu fərziyyələri rədd edir.
Cəzalandırılma olmadı…
İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani 1994-cü ilin mayın 3-də Tehranda Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyanla görüşərkən təyyarənin məhv edilməsində iştirak edənlərin cəzalandırılmasını tələb edir. Arutyunyan Tehranı tərk etməzdən əvvəl İran təyyarəsinin “səhvən” məhv edilməsi faktını etiraf edir, lakin bu səhvə yol verənlərin kimliyini açıqlamır.
“Human Rights Watch”ın bu insidentlə bağlı yaydığı açıqlamada deyilirdi: “Müharibə qanunlarına görə Qarabağ ermənilərinin silahlı birləşmələri hava gəmisinə zərbə endirməzdən əvvəl onun kimə məxsus olduğunu müəyyən etməli idilər. Onların hava gəmisinin identifikasiyası üçün mövcud olan bütün vasitələrdən istifadə etməməsi humanitar hüququn ciddi pozuntusudur”.
Beləliklə, 32 günahsız İran vətəndaşlarının ölümündə iştirak edənlər cəzasız qaldı. Aydın məsələdir ki, İran Hərbi-Hava Qüvvələrinə məxsus təyyarəni vuran “Osa”nı idarə edən hərbçilər özbaşına deyildilər. Mülki təyyarənin vurulması əmri onlara yuxarı komandanlıq tərəfindən verilmişdi. Həmin vaxt Qarabağda bu yuxarı komandanlığı Robert Köçəryan təmsil edirdi. O, 1992-ci ilin avqustundan qondarma “dqr”in müdafiə komitəsinin sədri və qondarma rejimin “baş naziri” idi…
Beləliklə, yaxın tariximizin İranda xatırlanmağa çox da ehtiyac duyulmayan bu səhifəsini birgə çevirdik. Daha çox iranlı xanım jurnalistə ünvanlanan bu faktı xatırlatmaqda məqsəd İranın qonşuluğunda özünü “dqr” adlandıran belə separatçı, qanunsuz və terrorçu rejimin mövcud olmasının əslində İran İslam Respublikasının milli təhlükəsizliyini ciddi təhdid etməsini diqqətə çatdırmaq idi. Əsl separatçı, terrorçu və işğalçı rejimin kim olduğuna dair nəticə çıxarmağı isə qarşı tərəfin öhdəsinə buraxırıq.