Körfəzdə gərginlik artır – Ukrayna da müharibəyə qoşulur?

İran Ukraynanı ABŞ və İsraillə eyni cəbhədə dayanmaqda ittiham edib. Rəsmi Tehran hesab edir ki, Ukraynanın PUA hücumlarına qarşı mütəxəssis yardımı etməsi onun dolayısı ilə İrana qarşı təcavüzün iştirakçısına çevirir. Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani, BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda məlumat verib. Məktubda vurğulanır ki, Ukraynanın həmin ölkələrdəki PUA-lara qarşı mütəxəssisləri yerləşdirməsi İran üçün ciddi narahatlıq doğurur və bunu regionda təhlükəsizlik balansına təsir edən bir addım kimi qiymətləndirir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelinskinin Yaxın Şərqə səfəri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İordaniyada keçirdiyi görüşlər və bu ölkələrlə imzalanmış sazişlər, əlbəttə, Ukraynanın bu ölkələrlə əməkdaşlığını ciddi şəkildə dərinləşdirəcək:
“Nəzərə almaq lazımdır ki, hazırki ABŞ-İsrail-İran müharibəsi fonunda Ukrayna prezidentinin bu ölkələrə səfəri, onların hava hücumundan müdafiə sistemləri və xüsusilə də İranın Şahid dronlarına qarşı mübarizə sahəsində həmin ölkələrə dəstək verməsi, Ukraynanın suveren işidir. İranın Ukraynanın bu addımını müharibədə iştirakla əlaqələndirməsi tamamilə qəbul olunmaz bir davranışdır. Çünki Ukrayna həmin ölkələri hücuma hazırlamır, onların yalnız müdafiə sistemini gücləndirir. Həmin ölkələr İrana qarşı hansısa hücum əməliyyatı həyata keçirməyib. Əksinə, hazırda onlar bu müharibə fonunda İran tərəfindən təcavüzə məruz qalırlar. Bu ölkələrin infrastrukturu İran raketləri və Şahid PUA-ları ilə hədəf alınır, bunun nəticəsində Körfəz ölkələrinin iqtisadiyyatına ciddi zərbələr vurulur. Buna görə də PUA-lara qarşı mübarizə sahəsində Ukraynanın Körfəz ölkələri ilə əməkdaşlığı heç də İrana qarşı müharibəyə qoşulma sayılmır. Əksinə nəzərə almaq lazımdır ki, Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayanda, Ukraynanın əks-hücumları zamanı çətin vəziyyətə düşmüş Rusiyanı xilas edən ölkələrdən biri də İran oldu. Belə ki, İran Rusiyaya tədarük etdiyi ballistik raketləri, o cümlədən Şahid dronları Ukrayna ərazilərinin dağıdılmasında, yerlə yeksan edilməsində müstəsna rol oynadı”.

Politoloq vurğulayıb ki, İranın verdiyi dronlar vasitəsilə Rusiya Ukraynanın mülki yaşayış obyektlərini, kommunikasiya sistemlərini, infrastrukturunu hədəfə almaqla milyardlarla dollarla ölçülən zərər vurdu:
“Təcavüzkara dəstək verməklə, onu PUA və raketlərlə təmin etməklə, İran Ukraynadakı təcavüzkar müharibənin bir iştirakçısına çevrildi. O baxımdan hesab edirəm ki, İranın BMT-dəki nümayəndəsinin baş katibə göndərdiyi məktub hansısa bir əsasa dayanmır. Bunun Ukraynanın ərəb ölkələrinə PUA-larla mübarizə sahəsində əməkdaşlıq etməsi ilə heç bir əlaqəsi yoxdur. Bu sadəcə bir təbliğatdır. İranın Ukraynaya olan düşmən münasibətini göstərir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi başlanmadan öncə İran ərazisində də Ukraynanın mülki təyyarəsi vurulmuşdu, o zaman İran bunu boynuna almaq istəmirdi. Elə o zamandan bəri tərəflər arasında kifayət qədər gərginlik yaşanmışdı”.
Polise.az



