Koronavirus bəlası daha da ciddiləşir: qaydalara əməl etməsək bizi bunlar gözləyir…

Hazırda COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır.

Bu addımlara keçməzdən öncə qeyd edək ki, biz bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 62 milyon 659 min 34 nəfərdir. Ümumi ölüm sayı isə 1 milyon 459 min 822 nəfərə çatıb. Son 24 saat ərzində dünyada 574 min 177 nəfər koronavirusa yoluxub, 9 min 231 nəfər isə bu virus səbəbindən dünyasını dəyişib.

5e982a31c9de3d21504b946f.jpg (74 KB)

Azərbaycanda da ötən sutka yeni anti-rekord göstərici gördük (4 min 212 nəfər yoluxub).

Təcrübə göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar, tövsiyyələri qulaq ardına vururlar.

Mərkəzdən kənarda yerləşən marketlərə, dükanlara getdikcə bunu açıq-aşkar görmək olur-maskadan istifadə edənlər çox azdır…

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilir, insanlarda yaranmış ruh yüksəkliyi COVİD-19 pandemiyası təhlükəsini ikinci plana keçirir. Mütəxəssislər bildirirlər ki, Vətən müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirakı, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVİD-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi. Bundan sonrakı dövrdə də belə kütləvilik hallarının olacağını indidən demək üçün əsaslar var.

5e9e0e0dd3806c25c400d238.jpg (45 KB)

Mövcud vəziyyətin təhlili və proqnozlar nəyi göstərir?

Ekspertlər bildirirlər ki, vəziyyətin təhlili göstərir ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45,000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90,000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarından yuxarıdır.

Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.

Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Mövcud rəsmi statistikanı təhlil etdikdə görmək olur ki, hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Məlumdur ki, ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir.

Mütəxəssislər bildirirlər ki, ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib.
Rəsmi məlumatlara görə, çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40,000 nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə vətəndaşlarımız başa düşməlidir ki, bu imkanlarında bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb.

Həkimlər və bu sahə üzrə mütəxəssislər hesab edirlər ki, bu günə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər sərt məhdudiyyətlərin tətbiqi olub. Məhz bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və onun minimallaşdırılmasına nail olunub. Lakin bu məhdudiyyətlərin iqtisadi, insanlara sosial-psixoloji təsirləri hər birimizə məlumdur və arzuedilməzdir. Ona görə də mütəxəssislər qeyd edirlər ki, məhz bu səbəbdən də məhdudiyyətlərin tətbiqi hələlik minimal miqyasda həyata keçirilir.

Bəs vəziyyət bu istiqamətdə inkişaf edəcəyi, ölkənin səhiyyə sisteminə real təhlükə yaranacağı, yoluxma və ölüm hallarının arzuolunmaz miqyasda artacağı təqdirdə nə olacaq? Bu sual hamını düşündürməlidir. Hamı bilməlidir ki, vəziyyətin daha bir neçə gün belə davam etməsi yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlərlə nəticələnəcək.

Bu məsələ ilə bağlı danışan mütəxəssislər bildirirlər ki, bütün bunların baş verməməsi üçün vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar. COVİD-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır.

Hamısını Göstər

Related Articles

Back to top button