Kremlə Orta Asiyadan ultimatum: artıq qəbul edilmir

Rusiyanın dövlət təbliğat maşınının əsas simalarından biri olan Vladimir Solovyov ətrafında qalmaqal Orta Asiyada yeni mərhələyə keçib. Onun son açıqlamaları regionda həm rəsmi hakimiyyət dairələrinin, həm də ictimai-siyasi fəalların və jurnalistlərin açıq etirazına səbəb olub.
Musavat.com xəbər verir ki, Solovyovun bəyanatlarına ilk açıq dövlət reaksiyası Qırğızıstandan gəlib. Prezidentin mətbuat katibi Askat Alaqozov bildirib ki, bu cür çıxışlar “boş və qeyri-ciddi” xarakter daşıyır və dövlət səviyyəsində cavablandırılmalı mövqe deyil.
Bununla yanaşı, Alaqozov Solovyovun Rusiya dövlət televiziyasında çalışmasının məsuliyyəti artırdığını da xüsusi vurğulayıb:
“Xalqlar arasında gərginlik yaradan bu cür anlaşılmaz bəyanatlar dost ölkələrin vətəndaşları arasında narazılıq doğurur və bəzi hallarda sərt tədbirlərin görülməsini zəruri edir. Ümid edirik ki, onun rəhbərliyi adekvat addımlar atacaq”, – deyə o qeyd edib.
Qırğızıstanda Solovyovun “persona non grata” elan olunması ehtimalı da açıq şəkildə müzakirə olunur.
Qalmaqal bununla bitməyib. Özbəkistandan olan tanınmış jurnalist Nikita Makarenko isə Solovyovu artıq təkcə qalmaqallı aparıcı deyil, ölkənin suverenliyinə təhdid kimi dəyərləndirib.
Makarenkonun sözlərinə görə, Solovyov müstəqil fikir daşıyıcısı deyil: “Solovyov öz ideyalarını danışmır. O, ona tapşırılan mesajları tirajlayır”, – deyə jurnalist bildirib.
Onun fikrincə, “xalqların dostluğu” və “ortaq keçmiş” kimi ifadələr əslində neokolonial siyasətin örtüyüdür və postsovet ölkələri Moskva tərəfindən yalnız resurs bazası kimi qəbul olunur. Bu baxımdan Makarenko “Русский дом” və oxşar strukturların fəaliyyətinə qarşı həm cəmiyyəti, həm də dövləti ayıq-sayıq olmağa çağırıb.
“Biz – Özbəkistanın rusdilli vətəndaşları – dinc, müstəqil və suveren dövlət ideyası ətrafında birləşməli, öz evimizi qorumalıyıq”, – deyə jurnalist vurğulayıb.
Beləliklə, Solovyovun adı ətrafında yaranan qalmaqal artıq sırf media müzakirəsi deyil. Qırğızıstanın rəsmi mövqeyi və Özbəkistandan gələn açıq çağırışlar göstərir ki, Kreml mediası Orta Asiyada əvvəlki təsir gücünü sürətlə itirir və regiondan ona açıq ultimatum verilir.
Polise.az



