Kreml İrəvandakı nökərlərinin əli ilə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasını gündəmə gətirir

Ermənistanın baş naziri Nikol Paşinyanın “Tarixi Ermənistan” anlayışını açıq şəkildə boş və mənasız mif adlandırması, türk düşmənçiliyinin isə onilliklər boyu Rusiya kəşfiyyatı tərəfindən erməni cəmiyyətinə məqsədli şəkildə aşılandığını dəfələrlə bəyan etməsindən sonra Kremlə bağlı təbliğat şəbəkələri açıq fazaya keçib.
Musavat.com xəbər verir ki, Kremlin əsas informasiya ruporlarından biri olan “Sputnik Ermənistan” bu mərhələdə yenidən aktivləşdirilib və rus müstəmləkə düşüncəsinin daşıyıcısı olan veriliş aparıcısı Arman Abovyan vasitəsilə İrəvandan Bakıya və Ankaraya yönəlik aqressiv, revanşist ritorika tirajlanmağa başlanıb.
Abovyanın son yazıları və çıxışları təsadüfi deyil. O, faktiki olaraq şəxsi mövqeyini deyil, Kremlin sifarişlərini icra edərək Rusiyanın Ermənistanda hansı mövzularda xüsusilə həssas olduğunu bir daha açıq şəkildə nümayiş etdirir. Bu “həssas mövzular” isə dəyişməz olaraq eyni xətt üzərində qurulub:
– Türkiyəyə qarşı ərazi iddialarının diri saxlanılması,
– Naxçıvanla bağlı əsassız və absurd iddiaların gündəmdə tutulması,
– Qarabağ mövzusunun süni şəkildə yenidən qabardılması.
Məhz bu kontekstdə Abovyan “Vətən” anlayışını siyasi alətə çevirərək iddia edir ki, ermənilər üçün Vətən abstrakt anlayış və ya hüquqi termin deyil, “tarixi fundamentdir”. O, bu “fundament”ə Qərbi Ermənistan (Türkiyə ərazisi), Naxçıvan və “Artsax”ı daxil etməklə açıq şəkildə revanşist ideologiyanı legitimləşdirməyə çalışır. Bununla da Paşinyan hakimiyyətinin “Tarixi Ermənistan” mifindən imtina xəttinə qarşı ideoloji hücum həyata keçirilir.
Paşinyan hökuməti Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışdığı, Ermənistanın Azərbaycandan yanacaq və taxıl tədarükünə başladığı bir mərhələdə Kreml prosesləri sakit izləmək niyyətində deyil. Moskva bölgədə təsir rıçaqlarını itirdikcə, İrəvandakı informasiya “nökərlərini” işə salır və cəmiyyətə köhnə mifləri yenidən sırıyır.
Məqsəd aydındır: erməni cəmiyyətində yenidən revanşist meylləri alovlandırmaq, normallaşma prosesini sabotaj etmək və Ermənistanı bir daha regional qarşıdurmanın alətinə çevirmək. Bunun üçün Kremlin informasiya maşını köhnə, sınaqdan çıxmış metodlara əl atır – “Sputnik” dili ilə danışan fiqurlar vasitəsilə qorxu, nifrət və saxta “tarixi iddialar” dövriyyəyə buraxılır.
Reallıq isə dəyişmir: Ermənistanın gələcəyi uydurma “tarixi torpaq” iddialarında deyil, region ölkələri ilə sağlam və praqmatik münasibətlər qurmaqdan keçir. Kreml bunu çox yaxşı anlayır və məhz buna görə də Paşinyanın kursu fonunda İrəvandan hürməyə başlayır.
Polise.az



