Kreml Qafqazdan əl çəkmir: son silahlarından birini yenidən işə saldı

Əsrlər boyu Cənubi Qafqazı bütün mümkün vasitələrlə öz təsir orbitində saxlamağa çalışan Rusiya bu dəfə də köhnə, lakin hələ də təsir gücünü itirməmiş alətinə — “yumşaq güc” siyasətinə əl atıb.
Musavat.com xəbər verir ki, İrəvanda rus dilində keçirilən ali məktəblərarası debat çempionatı bu strategiyanın növbəti, açıq-aydın nümunəsidir. Tədbir zahirən mədəni və təhsil təşəbbüsü kimi təqdim olunsa da, mahiyyət etibarilə Kremlin regiondakı ideoloji təsir mexanizmlərinin yeni mərhələyə keçdiyini göstərir.
Söhbət Ermənistan tarixində ilk dəfə rus dilində təşkil olunan debat yarışmasından gedir. Çempionatda altı Ermənistan universitetinin komandası iştirak edib, final qarşılaşmasında isə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin İrəvan filialının komandası Amerika Universitetinin komandasını məğlub edib. Yarışmanın münsiflər heyətində Rusiya səfirliyinin diplomatı ilə yanaşı, yerli erməni ekspertlərin də yer alması tədbirin arxasında dayanan siyasi-ideoloji çərçivəni gizlətmir, əksinə, daha da aşkar edir.
Bu dırnaqarası “maarifləndirici” təşəbbüsün əsas hədəfi rus dilinin Ermənistan cəmiyyətində, xüsusilə də gənc nəsil arasında tədricən zəifləyən mövqelərini bərpa etməkdir. Kreml çox yaxşı anlayır ki, rus dili regionda nüfuzunu itirdikcə, Moskvanın Cənubi Qafqaz üzərində təsir imkanları da paralel şəkildə azalır. Elə bu səbəbdən də dil məsələsi Rusiya üçün sadəcə mədəni seçim deyil, strateji nəzarət və təsir rıçağıdır.
Rusiya uzun illərdir dil siyasətini ideoloji təsirin, psixoloji asılılığın və geosiyasi nüfuzun ayrılmaz tərkib hissəsi kimi istifadə edir. Debat, təhsil proqramları, mədəni mübadilə layihələri adı altında aparılan bu fəaliyyətlər əslində regionu düşüncə səviyyəsində Moskvanın təsir dairəsində saxlamağa hesablanıb.
Məqsəd açıqdır: siyasi təsir zəiflədikcə, ideoloji və mədəni kanallar vasitəsilə itirilən mövqeləri kompensasiya etmək.
Kreml yaxşı bilir ki, Cənubi Qafqazda rus dili mövqelərini birdəfəlik itirərsə, onun əlindən daha bir mühüm təsir rıçağı çıxacaq. Məhz buna görə də “silahın” forması dəyişir, qablaşdırma yenilənir, amma məqsəd dəyişmir. Dil siyasəti bu gün də Kremlin ən səssiz, ən az gözə çarpan, lakin ən təhlükəli təsir alətlərindən biri olaraq qalmaqdadır.
Polise.az



