Kreml tarixdən dərs almalıdır! – “Bir nəfər də olsun Belovejsk sazişinə qarşı çıxmadı…”
Ramazan SİRACOĞLU
Son illər Rusiya-Ukrayna qarşıdurması kütləvi informasiya vasitələrinin və beynəlxalq ictimaiyyətinin daim diqqət mərkəzindədir və bu günlərdə bu tandemin gərgin münasibəti daha da tarıma çəkilmişdir.
Təbii ki, Rusiya- Ukrayna ziddiyyətlərinin kəskinləşməsi, ilk növbədə, region və Şərqi Avropa üçün ciddi təhlükədir. Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi Maydan hərəkatından başlamışdır. O vaxt, yəni 22 fevral 2014-cü ildə, ukraynalılar rusiyapərəst Prezidentlərini – Viktor Yanukoviçi devirdikdən 5 gün sonra Rusiya xüsusi təyinatlıları Krım Ali Sovetinin binasını ələ keçirdilər, “Rus birliyi” partiyasının lideri S.Aksyonovu da oraya başçı təyin etdilər. Yeni başçı da dərhal Rusiya siyasi rəhbərliyinə “Krım ərazisində sülhün və əmin-amanlığın bərpasına yardım göstərmək” üçün rəsmi müraciət etdi. Rusiya bu xahişi dərhal, məmnuniyyətlə yerinə yetirdi. (Bax: https://www.bbc.com/russian/international/2014/03/… ukraine_crimea_crisis)
16 mart 2014-cü ildə Krımda keçirilən referendumdan 2 gün sonra – 18 martda Krım rəsmən Rusiyaya birləşdirildi.
Krımın Rusiyaya birləşdirilməsindən sonra Rusiya-Ukrayna münasibətləri kəskin xarakter alıb. Qarşıdurmalarda indiyədək 14 mindən artıq şəxs həlak olub. Qərb dövlətləri – “Böyük yeddilik” (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, ABŞ və Yaponiya), NATO üzvləri, Avropa İttifaqı, Avropa Şurası – Rusiyanın Krımı özünə birləşdirməsi hadisəsinə kəskin etirazlar etsə də, ona qarşı müxtəlif sanksiyalar uyqulasalar da, Rusiya bütün beynəlxalq reaksiyalara rəğmən öz əməlindən çəkinmir. (Bax: https://worldview.stratfor.com/article/waiting-rea…
Sirr deyil ki, Ukraynanın Rusiya ilə dərin sosial, mədəni-tarixi bağlılığı, 2295 km. uzunluğunda böyük sərhəddi vardır. Beynəlxalq hüquqa görə, 603 549 kv.km. ərazisi, təqribən 42 milyon əhalisi olan Ukrayna həm də Belarus (1084 km.), Moldova (1222 km.), Macarıstan (137 km.), Polşa (542 km.), Rumınya ( 614 km.) və Slovakiya (98 km.) ilə həmsərhəddir.
Xatırladaq ki, ərazisinə görə bütün Avropa ölkələri arasında birinci yeri tutan Ukraynanın Donetsk vilayətində 7 aprel 2014-cü ildə özünü müstəqil dövlət elan etmiş “Donetsk Xalq Respublikası” və Luqansk vilayətində 27 aprel 2014-cü ildə yaradılmış “Luqansk Xalq Respublikası” mövcuddur.
Hal-hazırda Ukrayna ilə sərhəd boyu təqribən 100 minə yaxın əsgəri, hərbi texnikanı və döyüş vasitələrini cəmləşdirmiş Rusiya ciddi cəhdlə Ukrayna ilə işi olmadığını bəyan etsə də, heç kimi inandıra bilmir. Eyni zamanda, Rusiya heç vəchlə Ukraynanın NATO üzvü olmasını da istəmir. Rusiya Prezidenti V.Putin Ukraynanın NATO dövlətləri ilə sıcaq münasibətlərini Rusiyaya təhdid olaraq görür və açıq şəkildə bildirir ki, Rusiya özünə təhlükə mənbəyi olaraq gördüyü bütün əməllərə “müvafiq hərbi-texniki tədbirlərlə” cavab verəcəkdir. ( Bax: https://www.bbc.com/news/world-europe-56720589)
ABŞ Prezidenti Co Baydenin sözlərinə görə, V.Putin ondan iki məsələ üçün tam zəmanət istəyib:
1) Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq.
2) NATO Ukraynada strateji silahlar yerləşdirməyəcək.
(Bax: https://www.youtube.com/watch?v=Qg24-N0rAio Videonun 1.33-1.47 dəqiqələrində C.Baydən həmin şərtləri sadalayır.)
İki super-dövlətin lidəri qarşılıqlı ittihamlar irəli sürür: Rusiya NATO ölkələrini Ukraynanı silahla təchiz etməkdə, ABŞ isə Rusiyanı beynəlxalq gərginliyi artırmaqda suçlayır. V. Putin tələb edir ki, NATO Şərqi Avropada – Polşa və Rumınıyada, habelə, Baltikyanı dövlətlərdə bütün fəaliyyətini dayandırsın.
Maraq üçün xatırladaq ki, 1997-ci ildən sonra NATO-nun tərkibinə daha 14 dövlət – Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumınıya, Sloveniya, Xorvatiya, Monteneqro, Albaniya, Bolqarıstan və Şimali Makedoniya qaxil edilmişdir. Rusiya, eyni zamanda, ABŞ-dan öz ərazisi xaricində nüvə silahlarının yerləşdirilməsini qadağan edən müqavilə bağlamağı da təklif edir. ABŞ Prezidenti Co Bayden son mətbuat açıqlamasında Rusiyaya ciddi xəbərdarlıq etmişdir: “Əgər onlar Ukraynanı daha da işğal etsələr, bu, Rusiya üçün fəlakət olar – It is going to be a disaster for Russia if they further invade Ukraine”.
(Bax:https://www.france24.com/en/americas/20220119-bide… )
Co Baydenin Rusiya-Ukrayna sərhədində ehtimal olunan gəlişmələr haqqında çıxışında sərf etdiyi “önəmsiz, kiçik müdaxilə – a minor incursion” ifadəsi ictimai fikirlərdə müəyyən çaşqınlıq yaradıb. ABŞ-ın 79 yaşlı Prezidenti öncə qətiyyətli şəkildə belə söyləyir: “Düşünürəm ki, əgər Rusiya (Ukraynanı) işğal edərsə, onun hesab verəcəyini siz görəcəksiniz”. C. Baydən bir qədər sonra isə əlavə edir ki, “bu, onun (Rusiyanın) nə edəcəyindən asılıdır. Əgər bu, önəmsiz kiçik müdaxilədirsə, onda başqa məsələ”. (Bax: https://www.youtube.com/watch?v=Qg24-N0rAio Videonun 20-30-cu saniyələri)
Mətbuat konfransında bir müxbir, Prezidentdən həmin “minor incursion” ifadəsinin nə anlama gəldiyini maraq etmişdir: “Siz söyləmək istəyirsiniz ki, əgər Rusiya Ukrayna ərazisininin kiçik bir hissəsinə hərbi müdaxilə edəcəyi təqdirdə ona Sizin təhdid etdiyiniz sanksiyalar tətbiq olunmayacaq? Yoxsa Siz Putinə, faktik olaraq, ölkəyə hərbi müdaxilə etməsinə icazə verirsiniz?”
Ohayo ştatından olan senator Rob Portman öz tvitində Baydenin “önəmsiz, kiçik müdaxilə” ifadəsindən çox narahat olduğunu ifadə etmişdir. Həmin senatorun fikrinə görə, Rusiyanın istənilən müdaxiləsinə Avropanın sabitliyini pozacaq böyük müdaxilə kimi baxmaq lazımdır.
Arkanzasdan olan senator Tom Kotton isə öz yazısında daha müstəqim fikir söyləmişdir: “Prezident, Ukraynanı işğal etmək üçün az öncə Putinə yaşıl işıq yandırdı.” (Bax:https://nypost.com/2022/01/19/joe-biden-admits-rus…
Ağ Evin sözçüsü Jenifer Psaki isə bir qədər sonra çıxış edərək Prezidentin çıxışına aydınlıq gətirmişdir: “Rusiyanın hər hansı hərbi birləşməsi Ukrayna sərhəddini keçərsə, bu hərəkət yeni işğal olaraq dəyərləndiriləcək, Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə ona dərhal sürətli, kəskin cavab verəcəkdir”. (Bax: https://news.sky.com/story/russia-ukraine-crisis-u…
ABŞ Dövlət katibi A.Blinken də Rusiya Xarici İşlər naziri S.Lavrovla görüşdə eyni fikri səsləndirmişdir. S.Lavrov amerikan həmkarını “Rusiyanın Ukraynanı işğal etmək niyyəti yoxdur” sözləri ilə inandırmağa çalışsa da, A.Blinken “Biz söyləntilərə deyil, əməllərə və hərəkətlərə inanırıq” – deyə cavab vermişdir.
Böyük Britaniyanın Xarici İşlər naziri Elizabet Trass öz çıxışında Rusiyanın müxtəlif bəhanələrlə keçmiş sovet respublikalarına müdaxilə etmək girişimindən əndişə duyduqlarını sərt şəkildə dilə gətirmiş, konkret olaraq Prezident V.Putinin yenidən SSRİ yaratmaq iddiasına düşdüyünü söyləmişdir: “Kreml tarixdən dərs almamışdır. Onlar əraziləri etnik və dil xüsusiyyətlərinə bölərək Sovet İttifaqını yenidən qurmaq və ya daha böyük Rusiya yaratmaq arzusundadırlar…Biz Prezident Putinə böyük strateji səhvə yol vermədən öncə Ukraynadan əl çəkməsini və geri addım atmasını israrla tövsiyə edirik”. (Bax: https://www.youtube.com/watch?v=SCDRYl4tDHo Videonun 1-37-ci saniyələri)
Rusiya-Ukrayna qarşıdurması, əslində, iki dövlətin yox, Rusiya ilə NATO-nun konfliktidir. Rusiya qətiyyən öz mövqeyindən geri addım atana bənzəmir. Avropa siyasi elitası da mövcud vəziyyətin ciddiliyinin fərqindədir. Mövcud durumu birgə təhlil etmək, prinsipial məsələdə yekdil olduqlarını göstərmək və vahid cəbhədən çıxış etmək məqsədilə yaxın günlərdə Berlində bir araya gələn Avropa siyasiləri qarşısında fikir söyləyən ABŞ Dövlət katibi A. Blinken bildirmişdir ki, böhran vəziyyətinin kəskinləşməsi mənfi qlobal sonuclara apara bilər.
Qeyd edək ki, son həftə ərzində avropalı diplomatlar məsələylə bağlı 100-dən artıq müxtəlif səviyyəli görüşlər keçirmişlər.
ABŞ başda olmaqla NATO üzvü ölkələri açıq-aşkar görür ki, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar gözlənilən təsir gücünə malik deyildir. A.Blinken Rusiya əhalisinə də müraciət edir ki, dinç etiraz mitinqlərilə V.Putini Ukraynaya qarşı hərbi müdaxilədən çəkindirsinlər: “Siz dünyanın bütün qabaqcıl ölkələrinin vətəndaşları kimi, rifah və əmin-amanlıq şəraitində yaşamağa layiqsiniz. Heç bir qüvvə, nə ABŞ, nə NATO, nə də Ukrayna sizin ölkənizə təhlükə törətməkdə maraqlı deyildir. Sizin, xüsusən də, övladlarınız, gənc nəsil üçün əsl təhlükə, qonşunuz Ukrayna ilə baş verə biləcək mənasız muharibə və onun doğuracağı fəlakətli nəticələri olar”.
(Bax:https://www.pbs.org/newshour/politics/watch-any-as… )
Yazılı tarixdən məlum olduğu kimi, indiyə qədər baş vermiş müharibələrin ən fəlakətlisi I və II Dünya müharibələri sayılır. Bu müharibələrin heç birində ABŞ müharibəyə ilk qatılan dövlət olmayıb. ABŞ həm I Dünya müharibəsinə (6 aprel 1917-ci il), həm də II Dünya müharibəsinə (6 iyun 1944-cü il) qanlı hərbi əməliyyatların bitməsinə bir il qalmış qatılmışdır. Yəni, Rusiya strateqləri çox gözəl bilirlər ki, ABŞ heç vaxt onunla konfrantasiyaya gedən deyil. Hazırda NATO-nun 30 üzvü var. İki dünya müharibəsindən astronomik maddi, mənəvi və hərbi ziyanla çıxmış Almaniya Rusiyaya qarşı üçüncü dəfə əsla vuruşmaz. Quru qoşunlarının sayına görə NATO-nun ikinci hərbi qüvvəsi olan qardaş Türkiyə ilə Rusiya arasında hazırda sıcaq münasibətlər, 100 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur. Nə Türkiyə, nə də Almaniya öz ərazilərindən Rusiyaya hava zərbələri endirməyə əsla müsaidə etməzlər. Böyük Britaniya və Fransanın da Rusiya ilə uzaq keçmişdən xatiri saylır sarsılmaz iqtisadi-mədəni əlaqələri davam edir. NATO-ya daxil olan Yunanıstan, Lüksemburq, Latviya, Litva, Estoniya, İslandiya, Xorvatiya, Şimali Makedoniya, Çernoqoriya və digər ölkələrin isə Rusiya ilə müharibəyə başlayacağını düşünmək qətiyyən real görünmür.
Rusiya və ABŞ dövlət başçılarının hazırkı mövqeləri 1962-ci ilin oktyabr ayında bütün dünyanı vahimələndirən Karib böhranını xatırladır. O vaxt ABŞ Prezidenti Con Kennedi (1917-1963) və SSRİ-nin başçısı Nikita Xruşşov (1894- 1971) arasında Kubaya nüvə başlıqlı raketlər yerləşdirmək məsələsinə görə çox gərgin münasibət yaranmışdı. 22 oktyabr 1962-ci ildə C.Kennedi televiziya ilə ABŞ vətəndaşlarına müraciət edərək amerikan hərbi qüvvələrinə Kubaya nüvə silahları daşıyan sovet gəmilərinin qarşısını almaq və ölkənin təhlükəsizliyini təmin etmək üçün Kuba sahilləri boyu 500 mil (926 km.) ərazidə qarantin zonası yaratmağı əmr verdiyini bildirmişdi. SSRİ-nin dövlət başçısı N.Xruşşov da qəzəblənərək sovet gəmilərinə mane olmaq cəhdinə anında cavab verəcəklərini söyləmişdi. 25 oktyabr 1962-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının təcili iclası keçiriləndə, bəlkə də, diplomatiya tarixinin ən nadir hadislərindən biri baş vermişdi: ABŞ təmsilçisi Edlay (Adlai) Stivenson (1900- 1965) həmin toplantıda sovet diplomatı Valerian Zorinə (1902-1986) qarşı ittihamedici və qəzəbli tonla “Cənab səfir Zorin, siz mənim sadə sualıma dəqiq cavab verin: SSRİ Kubada orta mənzilli nüvə başlıqlı reket yerləşdiribmi? – Tərcüməni gözləmədən söyləyin – hə, yox?”, deyə cavab tələb etmişdi. V.Zorin də eyni tonla ona “Nə mən amerikan gəmisindəyəm, nə də siz prokurorsunuz. Sizin sualınız zəruri bildiyimiz vaxt cavablandırılacaqdır”, – deyə təpki vermişdir. (Bax: https://www.youtube.com/watch?v=CxDGtu-aMi0)
SSRİ ilə ABŞ arasında nüvə müharibəsi təhlükəsi son həddə çatdığı 27 oktyabr 1962-ci ilin şənbə gününün axşamı N.Xruşşov gözlənilmədən öz yaxın ətrafı ilə teatra getmiş, ertəsi günün səhəri də C.Kennediyə şəxsi məktub yazaraq Kuba lidərinə toxunulmayacağına təminat verildiyi təqdirdə sovet raketlərinin demontaj ediləcəyini bildirmişdir. Bu məktub Ağ Evdə bir anlıq çaşqınlığa səbəb olmuşdur. Hətta elə düşünülmüşdür ki, gecə bir çevriliş olmuş və məktubu tamamən başqa şəxs imzalamışdır, çünki məktubda Xruşşova məxsus hərbə-zorba tonundan əsər-əlamət yoxdu. Beləliklə, Karib böhranında gözlənilməz mutlu sona varılmışdır. Sonralar bu dəhşətli anları xatırlayan ABŞ-ın o zamankı Müdafiə naziri Robert Maknamara (1916- 2009) etiraf etmişdi ki, “27 oktyabr 1962-ci ildə vahiməylə düşünürdüm ki, bir daha günəşi görə bilməyəcəyəm“. (Bax: https://iz.ru/news/268669 )
Bizim fikrimizcə, indiki şərait də müharibəsiz başa çatacaqdır. Rusiya özünə məxsus ərazilərdə, Qara dənizdə, Ukraynanın sərhədləri boyunca geniş miqyaslı hərbi təlimlər keçirəcək, əzələ mümayiş etdirəcək, Ukraynaya qarşı kiberhücumlar gerçəkləşdirəcək, amma qətiyyən onun ərazisinə daxil olmayacaq. Əvəzində, Dumada müxtəlif fraksiyaları körükləyəcək, məsələn, kommunist və liberallar özlərini müstəqil elan etmiş bölgələrin hüquqi statusunun rəsmiləşdirilməsi məsələsinin gündəmə gətirilməsi məsələsini ortaya ata bilərlər. Rusiya indiyə qədər rəsmən tanımadığı Donetsk və Luqansk “respublikalarını” tanıya bilər. Sonra orada yaşayan “qardaşların” israrlı tələbini yerinə yetirərək xalqın tələbi ilə onları öz tərkibinə daxil edər. Necə deyərlər, demokratiyada çarələr tükənməz, bir halda ki, xalq tələb edir, nədən bu istək gerkləşməsin?…
Kreml tarixdən dərs almalıdır, SSRİ liderlərinin tarixi səhvlərini təkrarlamamalıdır. O zaman sürətlə silahlanma hərisliyinin nə ilə nəticələndiyi hamıya bəllidir. İnsanların əynindən, başından, boğazından, məişətindən, iqtisadi tələbatından kəsib hərbi təchizat yaratmaq avantürası SSRİ-ni darmadağın etdi. Bir nəfər də olsun Belovejsk sazişinə qarşı çıxmadı, etiraz səsini ucaltmadı. Niyə? Cavabı çox sadədir: SSRİ rəhbərliyi heç vaxt öz xalqını düşünmədi, sürəkli olaraq leninizm ideyalarını xarici ölkələrə yaymağa yönəlik siyasət apardığına görə öz vətəndaşlarını bəzəkli-düzəkli nağıllarla uyutmağa çalışdığı üçün, tribunalardan söylənilənlərlə reallıq arasında uçurum olduğu səbəbindən xalq dövlətdən üz döndərdi.
Dövlət müstəqilliyinin ən sarsılmaz təminatçısı xalqın özüdür. Maddi rifahı təmin edilən, tələbatı ödənilən, sabahına inamı, işi, maaşı olan, dövlətinin daimi qayğısını görən, qarşıya çıxan istənilən bürokratik əngəllərin hüquqi müstəvidə həll olunduğuna əmin olan xalq heç vaxt öz müstəqilliyindən vaz keçməz. O zaman xalq, neçəncisə kolon adlandırılanların hamısını bir sinif kimi yox edər, öz qanı və canı bahasına öz dövlətinin müstəqilliyini qoruyar.