Kremldən AÇIQ MESAJ: “postsovet məkanı bizimdir”

ABŞ-ın Venesuelada Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırması Moskva üçün ciddi geosiyasi zərbə sayılsa da, Kreml bu prosesi strateji məğlubiyyət kimi qəbul etmir.
Musavat.com xəbər verir ki, “Reuters”in mövzuya dair geniş təhlilində Rusiyanın Latın Amerikasındakı təsirinin zəifləməsinə baxmayaraq, Moskvanın diqqətini əsasən daha böyük və prinsipial hədəfə Şərqi Avropa və postsovet məkanına yönəltdiyi bildirilir.
Rusiyalı yüksək rütbəli diplomatların və Kremlə yaxın mənbələrin “Reuters”ə açıqlamalarına görə, Maduronun gedişi Rusiya üçün mənfi hadisədir, lakin “bu dünyanın sonu deyil”. Moskva Venesuelada qalan iqtisadi aktivlərini və maraqlarını danışıqlar yolu ilə qorumağa çalışacaq.
Lakin əsas mesaj bununla məhdudlaşmır. Kreml açıq şəkildə bildirir ki, əgər ABŞ öz təsir zonalarını formalaşdırırsa, Rusiyanın da belə zonaları var. Moskva bu zonalara ilk növbədə Şərqi Avropa və postsovet məkanını daxil edir və Vaşinqtondan həmin regionlarda Rusiyanın dominant rolunun tanınmasını tələb edir.
“Reuters” yazır ki, Kreml postsovet məkanını “xüsusi maraq zonası” hesab edir və bu ərazidə mövcud olan siyasi rejimlərin Rusiyaya ya dost, ya da birbaşa müttəfiq olmalı olduğunu düşünür. Moskva bu regionda güc tətbiq etmək hüququna malik yeganə aktor kimi çıxış etdiyinə inanır.
Məqalədə qeyd olunur ki, ABŞ-nin diqqətini Latın Amerikası, Venesuela və digər uzaq regionlara yönəltməsi Rusiyanın Ukrayna, Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropada daha sərbəst manevr imkanları əldə etməsinə şərait yarada bilər. Kreml məhz bu kontekstdə Maduronun devrilməsini qlobal oyunun bir hissəsi kimi qiymətləndirir.
Beləliklə, “Reuters”in geniş təhlili göstərir ki, Venesuelada baş verənlər Moskva üçün son deyil, əksinə, ABŞ-la “təsir zonaları” üzərində yeni və daha açıq mərhələnin başlanğıcıdır. Kreml açıq mesaj verir: Latın Amerikası itki ola bilər, amma postsovet məkanı müzakirə mövzusu deyil.
Polise.az



