Kremldən Bakıya qarşı növbəti TƏXRİBAT

“Bu gün hər kəsə aydındır ki, Mehman və Emin Hüseynov qardaşları bilərəkdən Rusiya xüsusi xidmət orqanlarının Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər. “Qərb-Avropa” mövqeləri sadəcə onların “əfsanəsi” üçün bir maskalanmadır”.
Musavat.com qeyd edir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“Aydındır ki, bizim həbsxanada “yurd salmış”, Rusiya elitasının “maliyyə çamaşırxanası” olan Vardanyan haqqında film Kremlin kölələrin zəhməti ilə qazanılmış nailiyyətlərinə təhdid siqnalına çevrilib. Düşünürəm ki, hökmdən sonra artıq himayədarlarına etibar etməməli olduğuna əmin olan Vardanyan rəqəmlər və tarixlərlə daha çox sənədli şəkildə danışacaq. Üstəlik, bu “səmimilik” çox güman ki, Rusiyada siyasi mənzərədə dəyişiklik etməyə hazırlaşanlar üçün əsas təbliğat tətikləyicisinə çevriləcək. Epşteyn kimi Vardanyanın da sənədləri studiyaya gəlsin. Gözləyirik!” – Zülfüqarov qeyd edib.
Beləcə, “izlər” yenə Rusiyaya aparır.
Bəs Kremli təlaşlandıran nədir?

Rusiyanın hibrid hücumu
Bu arada Minval Politika sensasion sayılacaq məlumat yayıb. Məlumatda deyilir ki, Rusiyanın Azərbaycana qarşı informasiya kampaniyası yaxın günlərdə yeni, daha aqressiv və iyrənc mərhələyə keçə bilər. “Mənbələr bildirir ki, söhbət yalnızca ayrı-ayrı ekspertlərin şərhlərindən və ya media yazılarından yox, həm də Azərbaycana və şəxsən ölkə rəhbərliyinə qarşı hədəflənmiş yeni informasiya hücumları dalğasından gedir. Əsas diqqət rezonans doğuracaq informasiya sızmalarına və mənfi rəy yaratmaq cəhdlərinə yönələcək”, – deyə qeyd olunur.
Həmçinin, bildirilir ki, bu kampaniyada Rusiyada yaşayan tanınmış bir Azərbaycan ailəsinin üzvü də iştirak edə bilər. Hansı ailə? Bu kim(lər) ola bilər?
Yeri gəlmişkən, bu mövzuda Milli.az yazır ki, son həftələr sosial media məkanında Azərbaycana, xüsusilə də Prezidentə və onun ailə üzvlərinə qarşı başladılan koordinasiyalı çirkli kampaniya təsadüfi emosional çıxışların toplamı deyil. Yazıda deyilir ki, bu, sistemli, planlı və mərkəzdən idarə olunan informasiya təxribatıdır, izlər birbaşa Kremlə gedib çıxır: “Etibarlı mənbədən aldığım məlumata görə, bu proses Rusiyanın Azərbaycana qarşı genişləndirdiyi hibrid müharibənin yeni mərhələsidir. Əgər əvvəlki mərhələdə əsas alət kiber hücumlar idisə, indi informasiya terroru ön plana çəkilib. Dövlət qurumlarına, media resurslarına, infrastruktur sistemlərinə qarşı genişmiqyaslı kiber zərbələr endirildi. Bu hücumların texniki arxitekturası, istifadə olunan server zəncirləri və koordinasiya mərkəzləri barədə Azərbaycan tərəfdə kifayət qədər məlumat var. İndi isə taktika dəyişib: hədəf cəmiyyətin psixoloji dayanıqlığıdır. Hazırkı mərhələdə önə atılan fiqurlar Mehman və Emin Hüseynov qardaşları kimi siyasi klounlardır. Onların sosial şəbəkələrdə səsləndirdiyi ittihamlar nə faktoloji baza, nə hüquqi əsas, nə də ictimai legitimlik baxımından ciddi qəbul edilə bilər. Lakin burada məsələ onların kimliyi deyil, istifadə olunma mexanizmidir”.
“Azərbaycan diplomatiyasının manevrli tərpənişi kimlərinsə xoşuna gəlmir”
AzTV-nin İctimai-Siyasi Proqramlar üzrə Departamentinin rəhbəri, politoloq Tofiq Abbasovun Musavat.com-a bildirdiyinə görə, Azərbaycan ilk dəfə deyil ki, bu vəziyyətlə rastlaşır. Onun fikrincə, rəsmi Bakının xarici siyasətdə addımları və uğurları bundan əvvəl də hədyanlarla qarşılanıb. “Sadəcə, dünya siyasi arenasında dəyişikliklər gedir və Azərbaycan kimi yığcam, əslində, orta gücü təcəssüm etdirən dövlətin müstəqil addımları bizi diqqət mərkəzinə gətirir. Donald Tramp da Sülh Şurasında Azərbaycanın mühüm rolunu vurğuladı və bu da bizə olan diqqəti artırır. Ona görə də dostlar uğurumuza sevinirlər, qeyri-dostlar isə qısqanclıqla yanaşırlar”, – deyə T.Abbasov vurğulayıb.

Ukrayna və İran ətrafında gərginliyin davam etdiyini xatırladan politoloqun sözlərinə görə, sülh prosesi işləmir, amma Azərbaycan Şərqdə və Qərbdə sülhə töhfə verməyə çalışır: “O ki qaldı Vaşinqtonla yaxınlaşma və uzaqlaşmağa, bu qabarma-çəkilmə həmişə olur. Elə Rusiyanın özü ilə də olub. Çünki geosiyasi iqlimlə bağlı məsələlərdir. Məsələn, görürsən ki, bir administrasiya əvvəlkinin addımlarını sıfırlayır və bu da münasibətlərə təsir edir. O baxımdan, Qərb dövlətləri, eləcə də ABŞ və Rusiya qeyri-adekvat addımlara üstünlük verir. Rusiya bəyəm bilmir ki, Azərbaycan Şərqdə və Qərbdə sülhə töhfə verir? Ona görə də ölkəmizə qarşı bu kampaniyalar təsadüfi xarakter daşımır. Əslində, Azərbaycanın suveren, müstəqil siyasətinə olan reaksiyalardır”.
T.Abbasov onu da yada salıb ki, “Avroviziya”, “COP29” tədbirləri vaxtı çirkin kampaniyalar aparılmışdı: “Bu gün Azərbaycan diplomatiyasının manevrli tərpənişi kimlərinsə xoşuna gəlmir. Ancaq biz buna öyrəncəliyik, belə kampaniyalara cavab verməyə həmişə hazırıq. Əsas odur ki, hədəflərimiz var və ona doğru irəliləməliyik”.\Emil Salamoğlu Musavat.com\
Polise.az



