Kremldən İrəvana müəmmalı və şifrəli mesaj verildi: ABŞ və Qərb xəyanət edəcək, Rusiya isə bağışlamayacaq

Kreml bir tərəfdən rəsmi İrəvanın Rusiyaya xəyanətini xatırladır, digər tərəfdən isə Qərbin də Ermənistana xəyanət edəcəyini vurğulayır… Eyni zamanda, əgər, rəsmi İrəvan vaxtında Rusiyaya doğru geriyə dönüş etməzsə, Kreml Ermənistanı bağışlamayacağına da üstüörtülü eyham vurur…

Ermənistanda ölkədaxili siyasi proseslər intensivliyini artırmağa başlayıb. İndi Paşinyan hakimiyyəti “siyasi temperatur”un yüksəlişini daha ciddi şəkildə hiss etməkdədir. Rəsmi İrəvanın iddialarına görə, belə vəziyyət daha çox nəhəng dövlətlərin maraq toqquşmalarından qaynaqlanır. Halbuki, mövcud situasiyanın əsas ssenari müəllifinin məhz Paşinyan hakimiyyəti olması da qətiyyən şübhə doğurmur. Və bu baxımdan, rəsmi İrəvan hazırda “sürüşkən geopolitik oyunların” real nəticələri ilə üzləşmiş kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın həm ABŞ və Qərbdən, həm də Rusiyadan eyni vaxtda paralel faydalanma niyyəti Ermənistana indi bumeranq effekti ilə geri dönüş etməyə başlayıb. Ancaq bundan sonra Paşinyan hakimiyyətinə yeni xarici siyasət kursu planlaşdırmaq şansının tanına biləcəyi artıq qətiyyən inandırıcı görünmür. Yəni, indi rəsmi İrəvan konkret seçim etmək məcburiyyətində buraxılmış vəziyyətə düşüb. Və Ermənistana nəzarət iddiasında olan hər iki xarici güc mərkəzi öz xeyrinə seçim tələb edir.

Məsələ ondadır ki, ABŞ və Qərb üçün Cənubi Qafqaz indi daha böyük strateji əhəmiyyət daşıyır. Ona görə də, rəsmi İrəvandan Ermənistana göstərilmiş hərbi-siyasi dəstəyin əvəzinin geri qaytarılmasını səbrsizliklə gözləyir. Yəni, ABŞ və Qərb Paşinyan hakimiyyəti tərəfindən Rusiya əleyhinə prinsipial siyasi qərarların verilməsində israrlıdır. Xüsusilə də, Ermənistanın həm KTMT-dan, həm Avrasiya İqtisadi İttifaqından çıxması, həm də Rusiya ilə hərbi müttəfiqlik sazişini pozması məqsədilə Paşinyan hakimiyyətinə təzyiq göstərilir. Və bu hədəfə çatmaq üçün isə baş nazir Nikol Paşinyan postunu tezliklə itirə biləcəyi ilə təhdid olunur.

Maraqlıdır ki, son vaxtlar Qərb siyasi dairələri baş nazir Nikol Paşinyanın yerinə nəzərdə tutduqları alternativ siyasi fiquru tədricən ön plana çıxartmağa üstünlük verirlər. Belə ki, ABŞ və ya Avropa Birliyindən İrəvana səfər edən əksər Qərb rəsmiləri artıq yalnız baş nazir Nikol Paşinyan ilə görüşməklə kifayətlənmirlər. Əksinə, erməni baş nazirdən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da paralel təmaslara üstünlük verirlər. Və hər iki görüşdə müzakirə mövzuları da eyni məzmun daşıyır.

Belə anlaşılır ki, ABŞ və Qərb baş nazir Nikol Paşinyanı fakt qarşısında qoymağa çalışır. Erməni baş nazirə Qərbin maraqlarına uyğun addımların atılması gecikirsə və ya bundan imtina olunarsa, Armen Qriqoryan Ermənistanın növbəti siyasi lideri olacaq. Və baş nazir Nikol Paşinyan indi bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir.

Məsələ ondadır ki, ABŞ və Qərbin tələbləri yerinə yetiriləcəyi təqdirdə, bu dəfə Rusiyanın radikal reaksiyası qaçılmaz xarakter daşıyacaq. Xüsusilə də, Kremlin Ermənistana dərhal iqtisadi sanksiyalar tətbiq edə biləcəyi qətiyyən istisna deyil. Rəsmi İrəvanın isə Rusiyanın iqtisadi sanksiyalarının dağıdıcı təsirlərindən yayındırmaq şansı demək olar ki, mövcud deyil. Və Kreml bu barədə rəsmi İrəvana sərt xəbərdarlıq mesajlarını artıq açıq mətnlə sıralamağa da başlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova bəyan edib ki, rəsmi İrəvan KTMT, Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə hərbi müttəfiqlik barədə siyasi qərar verəcəyi təqdirdə, çox ehtiyatlı olmalıdır, bunun əks təsir effektini də mütləq nəzərə alınmalıdır. Rusiya diplomatiya idarəsinin təmsilçisi ona da eyham vurub ki, Kreml rəsmi İrəvanın yaxın vaxtlarda atmağa hazırlaşdığı addımlar barədə müəyyən məlumatlara artıq malikdir. Və bu, Rusiya kəşfiyyatının Ermənistanda fəal şəkildə işlədiyinə üstüörtülü işarə də sayıla bilər.

Hər halda, Ermənistanda Rusiya kəşfiyyatının nəzarətində olan siyasi qruplaşmalar da mövcuddur. Kreml hər an keçmiş prezidentlər və hərbi cinayətkarlar – Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi siyasi qüvvələri, xüsusilə də Qarabağ klanını hərəkətə keçirə bilər. Bu sıraya Ermənistana könüllü köçmüş və Paşinyan hakimiyyətindən narazı olan erməniləri də əlavə etdikdə situasiya daha da qəlizləşmiş olur. Və Rusiya kəşfiyyatının nəzarətində olan erməni qruplaşmaların əlində çoxlu sayda silah-sursatın cəmləşdiyi də rəsmi İrəvanın dəfələrlə etiraf etdiyi reallıqdır.

Maraqlıdır ki, rəsmi İrəvan bir neçə gün öncə Rusiya kəşfiyyatının planı əsasında Ermənistanda dövlət çevrilişinə hazırlaşan şəxslərin həbs olunduğu bəyan etmişdi. Həmin açıqlamada dövlət çevrilişi planlaşdıran qruplaşma üzvlərinin məhz Rusiya ərazisində təlim keçdiyi də vurğulanmışdı. Yəni, Kremlin rəsmi İrəvana təzyiq və təsir mexanizmlərinin artıq hərəkətə gətirildiyi açıq-aşkar müşahidə olunur. Və Paşinyan hakimiyyətinin belə situasiyada necə davranacağı da maraq doğurur.

Onu da qeyd etmək lazımdır ki, Kreml Paşinyan hakimiyyətinə müəyyən mənada, üstüörtülü tövsiyələrin verilməsinə də xüsusi həvəs göstərir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, rəsmi İrəvanın ABŞ və Qərbin vədlərinə şirniklənərək, siyasi qərarlar verməsi Ermənistan üçün yaxın gələcəkdə böyük təhlükələr törədə bilər. Rus diplomatiyası vurğulayıb ki, Qərbin müəyyən müddət ərzində faydalandığı ölkələrə sonradan xəyanət etmək vərdişləri də mövcuddur. Və rəsmi İrəvan Qərbin bu vərdişlərini mütləq indi nəzərə almalıdır ki, sonra Ermənistan üçün ümumiyyətlə, çıxılmaz vəziyyət yaranmasın.

Təbii ki, bu, Kremlin rəsmi İrəvana şifrəli xəbərdarlıq mesajı verməsi anlamı daşıyır. Kreml bununla bir tərəfdən Ermənistanın Rusiyaya xəyanət etməsini xatırladır. Digər tərəfdən isə Qərbin də Ermənistana xəyanət edəcəyini iddia edir. Buna paralel olaraq isə əgər, rəsmi İrəvan vaxtında Rusiya istiqamətində geriyə dönüş etməzsə, Kremlin rəsmi İrəvanı bağışlamağa həvəsli olmayacağına da eyham vurur. Və bu baxımdan, Paşinyan hakimiyyətinin qarşısında olduqca qəliz, taleyüklü bir mərhələnin olduğunu qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button