Kremlin Azərbaycan diasporuna yeni hücum planı

Şimal ölkənin mediası yazır ki, Azərbaycan diasporu Rusiyada daxili sabitlik üçün katalizator ola bilər

Fevralın 14-də Moskva Şəhər Məhkəməsi Moskva prokurorluğunun “Rusiyada Azərbaycan təşkilatı” kimi təqdim edilən VBON (Vo blaqo obheqo naroda-tərcüməsi-Sadə Xalqın Xeyrinə ) fəaliyyətini qadağan edib.

Qeyd edək ki, ölkəmizdə böyük əksəriyyətin adını ilk dəfə eşitdiyi bu təşkilatın işində Rusiyanın media resursları Azərbaycanın adını məqsədli şəkildə hallandırıb. “Rusiyada yaşayan azərbaycanlıları birləşdirən və ənənəvi dəyərləri müdafiə edən təşkilat” kimi təqdim edilib. Azərbaycan səfirliyi hələ o zaman da belə bir təşkilatın anti-Azərbaycan qüvvələri tərəfindən etnik nifrəti qızışdırmaq və azərbaycanlıları ləkələmək üçün təşkil edildiyini rəsmən bəyan edib. Tezliklə o da məlum olub ki, özlərini Azərbaycan təşkilatı kimi təqdim edənlər əslində radikal vəhhabi qruplarına yaxındılar, eləcə də İŞİD-lə əlaqəli şəxslərdir. Bəzi mənbələr təşkilata üzv olanların əksəriyyətinin də məhz Rusiya vətəndaşlığı olduğunu deyiblər.

Rusiya son illər xarici diaspor təşkilatlarına qarşı nəzarəti artırıb. “Xarici agent”, “arzuolunmaz təşkilat” kimi hüquqi mexanizmlər vasitəsilə hökumət ölkə daxilində siyasi və ictimai fəaliyyətləri daha sərt tənzimləyir. Bu siyasət yalnız azərbaycanlılara yox, müxtəlif diasporalara tətbiq olunur. Cənubi Qafqaz regionunda təsir uğrunda rəqabət artdıqca, Moskva postsovet məkanındakı diasporaları öz siyasi orbitində saxlamağa çalışır. Azərbaycana dəxli olmayan qrupun adı “Azərbaycan təşkilatı” kimi hallandırılanda məsuliyyət fərdi şəxslərdən kollektiv kimliyə yönəldilmiş olur. Bu isə diaspor üzərində psixoloji təzyiq mexanizmidir.

Yada salaq ki, Rusiya hakimiyyəti son ilyarımda Azərbaycan diasporuna qarşı məqsədyönlü siyasət aparır.

Bu hadisə həm də Azərbaycanla münasibətlər kontekstində oxuna bilər. Maraqlıdır ki, bu qərar Prezident İlham Əliyevin Münhendə qatıldığı panel müzakirələrdə çıxışı zamanı Ukraynadakı səfirliyimizə hücum mövzusuna da toxunduqdan dərhal sonra yayılıb.

fikret.jpeg (167 KB)

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov dedi ki,  Rusiyanın son bir neçə ildə Azərbaycana qarşı açdığı “soyuq müharibənin” son günlər bir qədər də şiddətlənməsi həm də haqlı suallar doğurur: “Rusiya Azərbaycandan nə istəyir? Kreml nədən bir neçə il öncə “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzaladığı Azərbaycanla ədavət aparmaqdan usanmır? Bu sıradan olan suallar çoxdur. Rusiya hakimiyyətinin bu davranışının kökündə birmənalı olaraq velikorus şovinizmi dayanır. Dəfələrlə demişik, bunlar tarix boyu özlərini  digər xalqlardan üstün hesab ediblər. Ancaq bu üstünlüyün nədən ibarət olduğunu heç kimə anlada bilməyiblər.

Baxın, bu gün Rusiyanın qonşuluğunda olan dövlətlərin xalqlarının nifrətindən başqa ortada nə var? Əski Sovetlər İttifaqında birləşmiş – şimaldan Baltikyanı ölkələr, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan, Mərkəzi Asiya ölkələri – bunların hansında Rusiya sevgisi var? Heç birində. Kimsə deyə bilər ki, Belarus hakimiyyəti Rusiyaya yaxındır. Bu  Rusiya sevgisindən irəli gəlmir, sadəcə, onlar öz hakimiyyətlərini qorumaq xatirinə Moskvanın ətəyindən tutmaq zorunda qalıblar”.

Sabiq nazir onu da qeyd etdi ki, Rusiyanın Ukraynada öz slavyan qardaşlarına qarşı başlatdığı işğal Moskvaya nifrətin coğrafiyasını on dəfələrlə böyütdü: “Kremldəki başbilənlər məğlub olduqlarının fərqindədirlər, ancaq  qazdıqları quyu o qədər dərindir ki, oradan çıxmaq haqqında belə düşünə bilmirlər. Rusiya hökuməti və onun başında dayanan Putin bu gün qarşısında dayanan, “sözünə baxmayan” hər bir tərəfi əzib keçməyə hazırdır, lakin bunu edə bilmir, çünki artıq Rusiya dövlətinin həm mənəvi, həm də fiziki gücü tükənib və son nəfəsini verir.

Azərbaycanın beynəlxalq siyasi müstəvidə ard-arda qazandığı uğurlar Rusiya hökumətini boğur. Bu səbəbdən də Kreml ölkəmizə qarşı belə aqressiv davranış nümayiş etdirir. Ancaq Moskva anlamaq istəmir ki, Rusiyanın “qatarı artıq çoxdan gedib”, indi yeni dünya nizamı qurulur və bu nizamda Azərbaycan artıq dünyanın iki böyük nəhəngini – ABŞ və Çini özünün strateji tərəfdaşına çevirib…”\Cavanşir ABBASLI,“Yeni Müsavat”\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button