Kremlin İrəvandakı “işığı söndü”

Paşinyanın Üçkilsə qələbəsi 2026-cı il parlament seçkilərinin anonsu hesab olunur; amma hakim partiya “vint”ləri bərkitməklə daha rahat qələbə qazanmağı hədəfləyir; baş nazir aradan götürülə bilərmi?

İnzibati mərkəzi Eçmiədzin (Üçkilsə) olan Vaqarşapatda keçirilən yerli seçkilərdə Ermənistanın baş naziri Nikol Paşinyanın partiyasının qalib gəlməsi yaxınlaşmaqda olan parlament seçkilərinin anonsu da sayıla bilər. Nəticələrə əsasən, mütləq çoxluğu təmin edən hakim partiya bələdiyyə sədrini təkbaşına təyin edə biləcək.

Beləliklə, Nikol Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında artan gərginlik fonunda baş tutan səsvermənin nəticələri müxalifətin proqnozlarının əksinə oldu. Paşinyan öz Facebook səhifəsində nəticələri 2026-cı il ümummilli seçkilərinə “rezonanslı müqəddimə” adlandırıb. O, səsverməni onun “suverenliyin və dövlətçiliyin möhkəmləndirilməsi” strategiyasına dəstək kimi qiymətləndirib. O, bu seçkinin nəticələrinin katolikos II Qareginin taleyini də həll edəcəyinə açıq işarə edib.

Müxalifət şərhçiləri isə seçkinin nəticələrini tamam fərqli şərh edirlər. Müxalifətdəki “Birlik qanadları” partiyasından David Ananyan Facebook-da qeyd edib ki, Paşinyanın partiyası “ictimai səs çoxluğu ilə deyil, seçki riyaziyyatı” ilə qalib elan edilib. O vurğulayıb ki, hakim partiya mandatların əksəriyyətini qazansa da, onun nəticəsi (15 298 səs) icmada qeydə alınmış seçicilərin cəmi 21,8%-nin (69 866) dəstəyini ifadə edib. O iddia edib ki, mövcud seçki sistemi “süni çoxluq” yaradır və qalib gələ bilməyən partiyalar üçün verilən səsləri “yandırır”. Ananyan bunu 2026-cı il üçün “xəbərdarlıq” adlandırıb: əgər müxalifət parçalanmış vəziyyətdə qalsa, əksəriyyət dəstəyi olmasa belə, hakimiyyət yenə eyni “riyazi məntiq”lə qalib gələcək.

Bu arada, müxalif “Hraparak” qəzetinin redaktoru Armine Ohanyan müxalifətin uğursuzluğunun üç səbəbini göstərib: zəif namizədlər, kiçik partiyaların seçkiyə qoşularaq müxalifətin səsini parçalaması və xalqla təmasın olmaması. O, müxalifəti “ofislərini tərk etməyə”, “intriqalara” son qoymağa, bölgələrdə xalqla real işə başlamağa çağırıb, onları seçicilərə məhəl qoymamaqda ittiham edib. Müxalifətdən söz düşmüşkən, həbsdə olan iş adamı Samvel Karapetyana məxsus “Taşir kapital” “Ermənistan elektrik şəbəkələri”nin elektrik enerjisinin paylanması lisenziyasından məhrum edilib. Bu barədə məlumatı Ermənistan mediası ölkənin İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına istinadən yayıb. Bildirilir ki, qərar komissiyada üç gün davam edən müzakirələrin nəticəsində verilib. Rusiya vətəndaşlığı olan Samvel Karapetyan “Bizim yolumuz” adlı müxalifət hərəkatı yaradıb.

Noyabrın 18-də isə İrəvan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Karapetyanın müdafiəçilərinin “kilsənin donoru” adını qazanmış iş adamının azadlığa buraxılması ilə bağlı apelyasiyasını rədd edib. Məhkəmənin qərarına əsasən, Samvel Karapetyan daha iki ay həbsdə qalacaq. Belə görünür ki, Paşinyan hakimiyyəti həm seçkidə qalib gəlməklə, həm də Karapetyanın şirkətini əlindən almaqla Rusiyanın İrəvanda hakimiyyət dəyişikliyinə olan ümid “işığını söndürdü”.

Bundan sonrakı gedişat nə vəd edir, terror, yoxsa?.. Qeyd etdiyimiz kimi, Paşinyanın Üçkilsə qələbəsi 2026-cı il parlament seçkilərinin anonsu hesab olunur. Amma hakim partiya “vint”ləri bərkitməklə daha rahat qələbə qazanmağı hədəfləyir. Belə olduğu halda, 1999-cu ilin oktyabr terroru təkrarlana, baş nazir aradan götürülə bilərmi?

Sahib Alıyev: Dəyən zərər qiymətləndirilərkən bir çox strukturlar ədalətsizliyə yol verirlər

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, katolikosun iqamətgahı yerləşən bir bölgədə seçkinin bu cür nəticələnməsi elə-belə baş vermədi: “Həmçinin burada son iki ildə hakimiyyətin Paşinyanın sözlərini xatırlatmaqla desək, “kilsəni murdarlayan” Qaregin və çevrəsindəkilərin faktlarla ifşası təbii ki, öz rolunu oynadı. Amma hakimiyyətə müxtəlif səbəblərdən dolayı, eləcə də açıq dəstəklər də oldu. Dəstək verənlərdən biri ABŞ-nin bizim tarixdən yaxşı tanıdığımız keçmiş prezidenti Vudro Vilsonun nəticəsi Donald Uilyam Buşun dediyinə görə, onun ölkəsidir. “Armenian National Associations”ə rəhbərlik edən, haradasa ulu babasının yolu ilə gedən bu hay muzdlusu bildirir ki, ABŞ Paşinyan-Qaregin qarşıdurmasında birincini ona görə dəstəkləyir ki, hay kilsəsini Rusiyanın təsirindən azad etmək lazımdır. Avropa Birliyinin də yanaşması bu baxımdan ABŞ-ninkindən çox da fərqlənmir. Məhz ona görə bu quruma üzv dövlətlərin Ermənistandakı səfirləri Vaqaqşapatdakı seçkiyə cəmisi 4-5 gün qalmış Paşinyanla görüşdülər ki, əslində bu, dəstək xarakteri daşıyırdı. Və hay toplumuna bu görüşlə belə bir ümid aşılanırdı ki, Ermənistanın Avropa Birliyinə üzvlüyü yaxın perspektivdə mümkün olmasa da, Paşinyan tezliklə onların Avropaya vizasız gediş-gəlişlərini təmin edə biləcək”. S.Alıyev əlavə etdi ki, seçkiyə cəmisi bir gün qalmış həm onların, həm də ABŞ səfirinin Paşinyanın təşkil etdiyi dini ayinli səhər və şam yeməklərinə qatılmaları da yenə hay cəmiyyətinə göstərmək idi: yəni onlar Ermənistan baş nazirinin atdığı addımların kilsəyə deyil, Rusiyanın kilsədəki agentura şəbəkəsinə qarşı olduğunu görür və dəstəkləyirlər. Xatırladım ki, Donald Trampın oğlunun da Ermənistana gələrək bu ayinli səhər yeməyinə qatılacağı bildirilirdi. Amma Rusiyanın muzdlusu kimi tanınan məşhur jurnalist Taker Karlsonun şousu, onunla eyni mərkəzə xidmət edən vəkil Robert Amsterdamın Paşinyanı kilsə əleyhdarı kimi təqdim edən açıqlamaları buna mane oldu. Əlbəttə, əgər doğrudan da belə bir səfər planlaşdırılırdısa… Çünki elektoratının böyük bir hissəsi ölkəsindəki dindarlardan ibarət olan Trampa oğlunu kilsə əleyhdarı kimi təqdim edilən birinin dini mahiyyət daşısa da, elə həmin kilsəyə qarşı olduğu bildirilən tədbirinə qatılması əl verməzdi. Özü də yalan, ya doğru fərqi yoxdur, bu haqda informasiyanın hələ tozu qurumamış”. Deputat digər məqama da diqqət çəkdi: “Baxın, elə buradan da Rusiyanın Ermənistandakı prosesləri necə həssaslıqla izlədiyini və onun marağına uyğun gəlməyən yöndə getməsini əngəlləmək üçün karlsonsayaq muzdlulardan faydalanmaq kimi incə metodlara da getdiyini görmək mümkündür. Amma mənə elə gəlir ki, Vaqarşapatdakı səsverməyə, eləcə də gözlənilən parlament seçkisinə də ən böyük təsiri 8 avqust Vaşinqton görüşü və Azərbaycanın keçirdiyi parad göstərdi və göstərəcək. Çünki Vaşinqton görüşü məhz Paşinyan hakimiyyətdə qalarsa, savaş təhlükəsinin aradan qalxacağı təəssüratı yaradırdısa, hərbi parad da göstərdi ki, Ermənistanın baş naziri Azərbaycanla sülhə üstünlük verməklə son dərəcə rasional davranır. Və o, əleyhdarlarının təqdim etdikləri kimi, Azərbaycanın təklif etdiyi sülh planı ilə ona görə razılaşmayıb ki, “türk agenti”dir, yaxud da ağılsız və iradəsiz biridir. Sadəcə, belə bir güc ortadaykən, üstəlik, havadar dövlətlər də yaranmış reallığı həzm etdikləri halda bu, ən rasional addımdır”. İndən sonra proseslərin hansı yöndə gedəcəyinə, daha dəqiqi, Paşinyana qarşı terroraktı törədilib-törədilməyəcəyinə gəldikdə, S.Alıyevin fikrincə, Ermənistan baş nazirinə hər cür dəstək verənlər onu mühafizəsini də unutmurlar: “Üstəlik, indiki geosiyasi reallıq şəraitində və Ermənistandakı vəziyyət ortadaykən Paşinyan terrorla aradan götürülsə, onda bu, orada Rusiyanın mövqelərinin güclənməsindənsə, darmadağın olmasına aparıb çıxarar. Hətta indi elə bir vəziyyət yaranıb ki, Rusiyanın iqtisadi təzyiqləri də tutaq ki, Ermənistan hakimiyyəti üçün 5 il bundan öncəki qədər təhlükəli deyil. Çünki onun təhlükəlilik dərəcəsini azaltmaq üçün çox dövlətlər hərəkətə keçəcəklər, fikrimcə, hətta Azərbaycan belə…”\E.PAŞASOY“Yeni Müsavat”\

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button