Kritik an çatdı: Tehran vurulsa… – “domino effekti” Azərbaycana nə vəd edir…

Dünyada ən çox azərbaycanlının yaşadığı şəhər təhlükədədir və İsrail əhalini təxliyəyə çağırıb; Netanyahunun iqamətgahına dron zərbəsi və Baydenin son açıqlaması İrana hücumun olacağını tam qətiləşdirib – analitiklərdən fərqli şərhlər…

İsrailin baş naziri Benyamin Netanyahunun malikanəsinə endirilən PUA zərbəsi tezliklə Tehrana hücum olacağı ehtimalını gücləndirib. Hətta İran paytaxtının vurulmasına saatlar qaldığı proqnozlaşdırılır. Yəhudi ordusunun Qəzza və Livanda apardığı antiterror əməliyyatlarına cavab olaraq “Hizbullah”ın baş nazirin Haifa şəhərindəki iqamətgahını hədəf alması düşündürücü faktdır.

Çünki MOSSAD kimi güclü bir kəşfiyyatın olduğu, ölkənin rəhbərinin isə hamıdan daha yüksək səviyyədə qorunduğu bir vaxtda “Hizbullah” Netanyahunun evini necə müəyyən edə bilib… Görünür, ya daxildən kəşfiyyat məlumatı ötürülüb, ya da hava hücumundan müdafiədə ciddi çatışmazlıqlar yaranıb. Nədən ki, İranın son hücumu zamanı da İsrailin raketlərin heç də çoxunu vura bilmədiyi üzə çıxmışdı.

Netanyahu bunu İranın və ona bağlı proksi qüvvələrin kobud səhvi adlandırmış, cavabın mütləq olacağını bildirmişdi. Musavat.com-un diplomatik kanallardan və beynəlxalq mediadan əldə etdiyi məlumatlar isə göstərir ki, İsrail Tehrana genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Bu zərbənin İranın strateji obyektlərini və əsas hədəflərini məhv etməyi hədəflədiyi bildirilir. Tehran sakinləri isə bu ehtimal qarşısında narahatdırlar. İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü oktyabrın 20-də fars dilində yaydığı açıqlama ilə Tehranda yaşayanları təcili təxliyəyə çağırıb. Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olan ünsürlər Tehranın bəzi məhəllələrində gizləniblər və onların aradan qaldırılması üçün hərbi əməliyyatların həyata keçirilməsi labüddür. Tehran sakinlərindən bu təhlükəli ərazilərdən uzaq durmaları və əlavə təlimatları gözləmələri tələb olunur.

Belə bir hücum bölgədə böyükmiqyaslı toqquşmalara gətirə bilər. Əgər İsrail Tehranı birbaşa hədəf alarsa, bu, Yaxın Şərqdə güclü “domino effekti” yaradacaq. İranın regiondakı müttəfiqləri İsrailə qarşı daha genişmiqyaslı hücumlar həyata keçirə bilər. Bu isə qlobal müharibənin başlamasına səbəb ola bilər. Digər tərəfdən, ABŞ-ın indiki anda bu vəziyyətə nə qədər aktiv müdaxilə edəcəyi də sual altındadır. İndi beynəlxalq ictimaiyyətin gözü İsrailin atacağı növbəti addıma yönəlib. Tehran sakinləri isə böyük təhlükə ilə üz-üzədir. Tehranda 6-7 milyon Azərbaycan türkü yaşayır. Tehran dünya üzrə azərbaycanlıların ən sıx yaşadığı 1-ci şəhərdir. İsrailin təhdidi həm də birbaşa onlara yönəlib. İranda yaşayan Azərbaycan türklərinin tam sayı isə 40 milyona yaxındır.

Öz növbəsində İran da son günlər bir neçə dəfə İsraili xəbərdar edib. O sırada xarici işlər naziri Abbas Arakçı deyib ki, İran İsrailə endiriləcək cavab zərbəsi üçün artıq hədəfləri müəyyən edib. “İrana qarşı istənilən hücum qırmızı xəttin keçilməsidir”, – deyə XİN rəhbəri bildirib. Bəs Tehran vurularsa, bunun Azərbaycana yaxın-uzaq təsirləri nə ola bilər? “Domino effekti” Azərbaycana nə vəd edir? Yeri gəlmişkən, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın paytaxtı Beyrutun Həriri adına beynəlxalq hava limanından 500 metr uzaqlıqdakı “Hizbullah” hədəflərinə zərbə endirib. Qeyd edilir ki, ötən ilin oktyabrından bəri İsrail aviazərbələri və artilleriya hücumları nəticəsində Livanda 2464 nəfər ölüb, 11 530 nəfər xəsarət alıb.

Rüstəm Tağızadə: “Ermənistanın təxribata əl atması Ağdam yolu ilə bağlıdır” – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

 Rüstəm Tağızadə

Politoloq Rüstəm Tağızadənin sözlərinə görə, İsrail hələ ki İranın son hücumuna cavab verməyib, amma hazırlıqlar barədə tez-tez bəyanatlar səslənir. Onun fikrincə, fakt budur ki, İran bu müharibədə aktordur və dolayısı ilə münaqişənin iştirakçısı sayılır: “O səbəbdən İsrailin İrana zərbəsi gözləniləndir. Sadəcə, ABŞ İsraili İranın neft bazalarına zərbə endirməkdən çəkindirir. Çünki bu zaman dünya bazarında neftin qiyməti qalxacaq. Bununla belə, İsrail onun sözünə baxmır və müttəfiq ölkədən gələn xəbərdarlıqların əksinə hərəkət etməkdədir”. R.Tağızadə hesab edir ki, İran isə sanksiyalar altındadır və İsraillə müharibə ona sərfəli deyil: “Tehran maraqlıdır ki, proksi qüvvələrinin vasitəsilə İsrailin başını qarışdırsın. Ümumiyyətlə, Yaxın Şərq siyasi cəhətdən mürəkkəb hal alıb. Yəni bu müharibə hər yerə sıçraya bilər. Türkiyə prezidentinin son açıqlamasında da bu narahatlıq var. Hazırda gedişat göstərir ki, İsrail “Hizbullah”la müharibəni davam etdirəcək və hadisələr sərhəd ölkələrə sıçraya bilər. Xüsusən də Suriyaya doğru yönəldiyi müşahidə edilir ki, nəticədə başqa terror qruplarının fəallaşması mümkündür. Amma münaqişənin yaxın gələcəkdə Türkiyəyə sıçraması gözlənilmir. Çünki sərhədlərinin təhlükəsizliyini də gücləndirib. İsrail və Türkiyənin birbaşa problemi də yoxdur”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova İsrailin bütün hallarda İranın son hücumunu cavabsız qoymayacağına əmindir: “Təbii ki, cavab olacaq. Amma necə, hansı obyektlərə… Bayden ötən həftə təsdiqlədi ki, İsrailin necə cavab verəcəyini bilir, amma təfərrüatını açıqlamazdı da. Yəni İsrail hərbi hədəflərə zərbə endirəcək. Bunu ən azı öz imicini qorumaq üçün etməlidir. Amma uzunmüddətli müharibə olacağını gözləmirəm. ABŞ da böyük bir cəbhənin açılmasının əleyhinədir. O baxımdan İsraili çəkindirməyə çalışırlar. İran isə proksi müharibəni davam etdirməyə məhkumdur. Hərçənd bir il ərzində İran rejiminin dəstəklədiyi HƏMAS və “Hizbullah” ağır zərbələr alıb, xeyli zəiflədilib. Sadəcə, ərəblər döyüşəcəklər, maliyyə qaynaqları kəsilənədək savaş davam edəcək”.

Fransa daha bir total hücuma başlamaq istəyir-Aqşin Kərimov » www.Bia.Az

 Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, İsrail İranda SEPAHdaxili şübhə trayektoriyasını yönləndirmək və onu şiddətləndirməklə Tehranı daxildən zəiflədən kodeksini işə salır: “Yəni İran İsrail agentlikləri ilə əməkdaşlıqda ittiham olunan kəşfiyyat rəsmiləri ilə bağlı bir sıra yüksək səviyyəli iddialarla üzləşdiyi zamanda Sinvarın ölümü bu prosesə əlavə rəng qatacaq. İsrailin İran və onun proksi oxlarına qarşı bu qədər hücumundan sonra İranın daxilində hakimiyyətdaxili rəqabətdə qazanclı çıxan əsas şəxs Seyid Əli Xameneidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button