KTMT-nin qeyri-qanuni addımı: “4”lə “51” arasındakı uğursuz paralel – Şərh
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki iğtişaşların yatırılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəməsi hadisələrdə Rusiyanın əlini gücləndirən amilə çevrilir.
Hələlik Qazaxıstan ətrafında cari situasiyanın hansı nəticələr doğuracağı qeyri-müəyyən qalsa da, deyə bilərik ki, KTMT-nin söz sahibi Rusiya ilkin mərhələdə öz istəyinə nail olub.
Rusiya KTMT qoşunlarının Qazaxıstana yeridilməsi ilə əks cəbhədə durduğu NATO-ya əzələ nümayişini döyüş meydanına daşıdı.
Rusiya bununla da KTMT-nin NATO qüvvələrinə alternativ görünməsi qənaətlərini formalaşdırmaq cəhdlərini ortaya qoydu.
Düzdür, Qazaxıstan KTMT-nin üzvüdür, bu hərbi təşkilatın nizamnaməsi onu tələb edir ki, üzv ölkələrə təcavüz olacağı təqdirdə qurum proseslərə müdaxilə etsin.
Ancaq əsas sual budur: KTMT-nin Qazaxıstana kontingent yollaması Rusiya “NATO”sunun nizamnaməsi ilə uyğunluq təşkil edirmi?
Məsələ burasındadır ki, cənab Tokayevin ölkəsindəki hadisələri xarici təzyiqlərlə əlaqələndirməsi, Rusiyanın əlinə güclü “kozır” verdi.
KTMT nizamnaməsinin 4-cü maddəsi BMT nizamnaməsinin 51-ci maddəsinin bazasına əsaslanır, üzv dövlətlərdən birinə təcavüz olarsa, onlar kollektiv müdafiə hüququna malikdirlər.
Qazaxıstandakı hadisələrə münasibətdə isə 4-cü bənd keçərli sayıla bilməz, çünki proseslərin haradan idarə edilib-edilməməsindən asılı olmayaraq, onun motivi və xarakteri daxili məsələyə gəlib çıxır.
KTMT-nin isə üzv ölkələrin daxili məsələlərə qarışmaq hüququ yoxdur, Tokayev müraciət etsə belə, KTMT onun bu müraciətinin əsası olmadığını dilə gətirməli idi.
Bu prosedur qaydalarının kobud şəkildə pozulması onu göstərir ki, Rusiya hər necə olursa-olsun, Qazaxıstana müdaxiləni əvvəlcədən planlaşdırıb.
Hələ 2021-ci ilin dekabrında Rusiya özünün nəzarət kurasiyasına daxil etmək istədiyi dövlətlərə xəbərdarlıq mesajı göndərmişdi ki, onlar NATO proqramlarında iştirakla NATO-ya inteqrasiyanın sərhədlərini bilməlidirlər.
Qazaxıstanda cərəyan edən hadisələrə müdaxilə imkanlarını dəyərləndirərkən 4-cü maddə ilə BMT nizamnaməsinin 51-ci maddəsi arasında paralellər aparmaq sadəcə öz əsl niyyətlərini pərdələmək cəhdindən başqa bir şey deyil.
Təbii ki, KTMT Şurasının sədri, Ermənistanın baş naziri Nikol Paşinyanın Tokayevin müraciəti barədə müstəqil qərarvermə iradəsinin mövcudluğundan söhbət belə gedə bilməz.
Rusiyanın diktəsi, Belarusun ona xeyir-duası ilə proseslərin hərbi müstəviyə keçidi rəsmiləşdi.
Aqşin Kərimov