Kürd kartı yenidən masada: Yaxın Şərqdə yeni savaş planı işə düşür?

Türkiyə İran və İsrailə xəbərdarlıq edib ki, Suriyada PKK qüvvələri proksi qüvvə kimi istifadə olunarsa və sərhədə yönləndirilərsə  bu müharibəyə səbəb olacaq. Bəs həqiqətən belə bir təhlükə varmı? Türkiyənin şübhələri özünü doğruldarsa, bunun real müharibəyə keçmə ehtimalı nə qədərdir? İran və İsrailin kürd kartından istifadə etməsi real görünürmü? Yaxın Şərqdə yeni hibrid müharibənin başlanılması gözlənilirmi?
Moderator.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki,  Türkiyənin artıq sadəcə regional oyunçu olmadığı, öz səsini yüksəldə bilən, mövqelərini müdafiə edə bilən və əzələ nümayiş etdirməyi bacaran, müstəqil bir güc olduğu hər kəs tərəfindən qəbul olunur.
Onun sözlərinə görə,  uzun illər Türkiyəni Avropa İttifaqına üzvlük üçün gözlədən və bu gün öz təhlükəsizliyini təmin etmək üçün Türkiyəni xilas olaraq görən Avropa İttifaqı da, öz əzəli müttəfiqi İsrailə Türkiyə ilə münasibətlərin düzəldilməsinin vacibliyini təlqin edən ABŞ da Türkiyənin necə bir güc olduğunun fərqindədirlər:
“Xüsusilə də Suriyada Əsəd rejiminin devrilməsi və ardınca 50 ilə yaxın Türkiyə, İraq, Suriya, İran və digər ərazilərdə terror həyata keçirən PKK-nın silahı yerə qoyması ilə Türkiyənin mövqelərinin daha da gücləndiyi ortadadır. Bundan narahat olanlar isə təbii ki, var. İlk növbədə Suriyada təsir imkanlarını itirmiş İran və Suriyada Türkiyənin möhkəmlənməsini istəməyən İsrail. Hər iki ölkənin istər ayrı-ayrı hərbi qruplaşmalar, terror təşkilatları ilə əlaqələr qurması, istərsə də Suriyadakı etnik qruplara təsir edərək vəziyyəti mürəkkəbləşdirmək istəməsi faktdır.
Türkiyə də təbii ki, bunları görür və müvafiq addımlar atacağına dair açıq bəyanatlarla çıxış edir. Bu gün Türkiyənin çağırışı ilə həm ABŞ-ın, həm də Avropa İttifaqının Suriyaya qarşı qəbul olunmuş sanksiyaları götürdüyü bir vaxtda İsrail və İran kimi ölkələrin öz maraqları naminə Suriyanı yenidən qana boyamaq cəhdlərinə təbii ki, rəsmi Ankaranın sakit qalması mümkün deyil.
İndi həm İranın, həm də İsrailin Türkiyənin xəbərdarlıqlarından nəticəsi çıxarması lazımdır. Çünki əks halda bu həqiqətən də yeni müharibəyə səbəb ola bilər. İran və İsrailin isə Türkiyə ilə birbaşa genişmiqyaslı müharibəyə girməsi inandırıcı deyil. İsrail ABŞ-ın dəstəyi olmadan heç bir halda belə bir avantüraya getməz. Onlar yalnız ayrı-ayrı qruplaşmalardan istifadə edərək Türkiyənin maraqlarına zərbə vurulması istiqamətində addımlar ata bilərlər ki, bu da hər hansı nəticə verməyəcək”.
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button