“Kürd və erməni kartı” işə salınır: Vaşinqtondakı türk düşmənçiliyinin pərdəarxası

ABŞ prezidentliyinə Demokratlar Partiyasından olan namizəd Cozef Baydenin Türkiyə hakimiyyəti barədə açıqlaması iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Baydenin “Türkiyədə müxalifətlə bir olub Ərdoğanı devirəcəyik”deməsi onun prezident seçiləcəyi təqdirdə Vaşinqtonla Ankara arasında gərginliyin artacağına dair rəy yaradıb.

Qeyd edək ki, C. Baydenin ötən ilin dekar ayında “The New York Times” qəzetinə verdiyi müsahibədə Türkiyə hakimiyyətinin əleyhinə işlətdiyi həqarətli ifadələr bu yaxınlarda sosial şəbəkələrdə üzə çıxıb və böyük siyasi rezonans doğurub. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı devirmək üçün müxalifətə dəstək vermək çağırışı ciddi narazılıq yaradıb.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bu fikrə sərt cavab verib. “Baydenin təhlili cəhalətə söykənir. Əmr verilən günlər keçmişdə qaldı”,-deyə Kalın özünün “Tvitter” səhifəsində yazıb.

Son rəy sorğularına əsasən Baydenin noyabrda keçiriləcək seçkilərdə hazırkı prezident Donald Trampa qalib gəlmək şansının yüksək olduğunu nəzərə alsaq, o zaman ABŞ-Türkiyə münasibətlərinin gələn ildən etibarən gərgin mərhələyə daxil olacağını proqnozlaşdırmaq olar.

Təbii ki, Baydenin açıqlaması onun bəlkə də 2016-cı ilin 15 iyul dövlət çevrilişinə cəhdin təkrar olunacağına dair siyasi illüziyasına hələ də inandığı deməyə əsas verir. Ötən dörd ildə həm Türkiyənin daxilində, həm də regionda geosiyasi reallıqlar çox dəyişib. Bunları nəzərə almamaq ABŞ-ın Yaxın Şərq siyasətində ciddi problemlər yarada bilər. Bu müddətdə Ərdoğan hakimiyyətinin güclənməsi nəinki ölkə daxilində, o cümlədən regionda Türkiyəni söz sahibinə çevirib.

Qeyd edək ki, Bayden müsahibəsində Türkiyə müxalifəti deyərkən nə Cümhuriyyət Xalq Partiyasını, nə də İyi Partiyanı nəzərdə tutmayıb. Bayden müxalifət kimi PKK terror təşkilatına bağlı olan qüvvələrdən söz açır. Çox güman ki, bu zaman prezidentliyə namizəd Xalqların Demokratik Partiyasını Türkiyədə hakimiyyətə gətirmək planları barədə düşünüb.

Bayden Türkiyə prezidentini avtokrat adlandıraraq onun kürd siyasətini tənqid edib: “Düşünürəm ki, müxalifət rəhbərliyini dəstəklədiyimizi açıq şəkildə göstərərək, ona olan yanaşmanı dəyişdirmək lazımdır”.

Göründüyü kimi, Bayden vitse-prezident olduğu 2008-2016-cı illərdə olduğu kimi yenə də Türkiyədə və Yaxın Şərqdə kürd kartından istifadə etmək barədə düşünür. Bu isə göstərir ki, Bayden prezident seçiləcəyi təqdirdə xarici siyasətə ciddi yenilik gətirməyəcək. Yəni Yaxın Şərqdə, o cümlədən Türkiyə ilə münasibətlərdə Barak Obamanın buraxdığı səhvləri təkrarlayacaq. Təbii ki, Türkiyədə dövlət çevrilişinə dəstək, Türkiyə, İran, İraq, Suriyanın parçalanması hesabına Kürdüstan dövlətinin yaradılması, Bəşər Əsəd rejiminin həmin 2012-2016-cı illərdə 700 min insanı qətlə yetirməsini görməzdən gəlmək, Rusiyanın Suriyaya daxil olmasına mane olmamaq, İrana ayrılan 200 milyard dollar vəsaitin nəzarətsiz şəkildə Yaxın Şərqdəki müharibələrə xərclənməsi Baydenin vitse-prezident olduğu hakimiyyətin buraxdığı səhvlər olub. Nəticədə, NATO-nun cənub-şərq cinahı zəifləyib, Rusiya Yaxın Şərqdə geosiyasi üstünlük qazanıb, regionda terrorçuluq artıb, İran faktiki olaraq, İraqı, Suriyanı və Yəməni işğal edərək İsrail sərhəddinə çıxıb və “Hizbullah”la quru əlaqəsi yaradıb. Türkiyənin ABŞ və NATO ilə münasibətlərinin pisləşməsi və Rusiyanın bundan istifadə etməsi transatlantik məkanda ziddiyyət yaradıb. Donald Tramp prezident seçildikdən sonra Avropadakı müttəfiqlərini rəqib elan etməklə bu bölünmə prosesini dərinləşdirib. Lakin Baydenin tənqidçiləri də onun qlobalizm tərəfdarı olmasına baxmayaraq, transatlantik inteqrasiya barədə heç bir proqrama malik olmadığını bildirir. Əksinə Türkiyəyə qarşı növbəti hücumlar və kürd terrorçularına növbəti açıq dəstəyin göstərilməsi NATO müttəfiqləri arasında yaranmış qarşıdurmanı bir qədər də artıra bilər.

Lakin Co Baydenin vitse-prezident olduğu və prezident olacağı geosiyasi situasiya arasında ciddi fərqlər yaranıb. Bu müddətdə Türkiyə Yaxın Şərqin ən güclü regional dövlətlərindən birinə çevrilib. PKK terror təşkilatı demək olar ki, sıradan çıxarılıb. İraqın və Suriyanın şimalına nəzarət Türkiyənin əlində keçib. Bayden ABŞ-ın başlıca düşməninin Rusiya olduğunu iddia edir. Bu gün Türkiyə əslində Suriyada və Liviyada Rusiyanın hegemonluğunun qarşısını alan geosiyasi balans rolunu oynayır. Əks təqdirdə, bu ölkələrin neft və qaz yataqları Rusiyanın nəzarətinə keçə bilər.

Baydenin sözləri həm də seçkidə erməni diasporunun səslərini qazanmağa hesablana bilər. Çünki özü erməni lobbisinin fəal nümayəndələrindən sayılır. Ötən il ABŞ-a səfər edən Ermənistan Prezidenti Armen Sarkisyan Baydenlə görüş keçirmişdi. Bu baxımdan, Bayden anti-türk mövqeli siyasətçi kimi tanınır. Onun Türkiyə barəsində fikirləri eyni zamanda, buradan qaynaqlanır.

Ancaq siyasət reallıq tələb edir. Yəqin ki, Co Bayden prezident seçilərsə, Yaxın Şərq siyasətində Türkiyə amilini nəzərə almaq məcburiyyətində qalacaq. Çünki regionun xəritəsini artıq silahlı kürd dəstələri deyil, Türkiyə çəkir.

Mənbə
cebhe.info
Hamısını Göstər

Related Articles

Back to top button