Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
***
11:25
BAKI, 28 may. TELEQRAF
Bu dəqiqələrdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edirlər.
Dövlət başçılarına aeroportun simvolik açarları təqdim olunub.
Bununla da Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda fəaliyyət göstərən hava limanlarının sayı 3-ə çatıb.
Qeyd edək ki, təməli 2021-ci ildə qoyulan hava limanı Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşir. Hava limanının uzunluğu 3 min metr, eni 60 metr olan uçuş-enmə zolağı, saatda 200 sərnişinə xidmət göstərə bilən terminal binası var. 1800 metr yüksəklikdə yerləşən hava limanı dağlıq əraziyə qayaların oyulması və ərazinin hamarlanması yolu ilə tikilib. Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən hündür hava limanı hesab edilir.
Azərbaycanın Baş Naziri Əli Əsədovun müvafiq sərəncamı ilə Laçın Hava Limanına “beynəlxalq hava limanı” statusu verilib. Bu statusla bağlı beynəlxalq təşkilatlara da məlumat göndərilib. Bununla da Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatıb.
Azərbaycanın işğaldan azad etdiyi rayonlarda inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da prezident Ərdoğan və Əliyevin iştirakı ilə istifadəyə verilib.
Ərdoğan və Əliyev 20 oktyabr 2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının açılışını da ediblər.