Laçının bu kəndlərinin sakinləri Prezidentə müraciət ünvanladı: “Xahiş edirik, mümkün qədər tez…”

“İşğalçılar tərəfindən məhv edilmiş uca dağlıq relyefdə yerləşən kəndlərimizin bərpası müstəqil Azərbaycan dövləti və hökuməti üçün başucalığı olar…”
“Zaman bizim əleyhimizə işləyir, yaşlı nəslimizin ömür vəfası tükənməkdədir…”
Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsinin Fətəlipəyə, Ağanus, Turşsu, Unannovu, Ərəb və Kəravuz kəndlərinin sakinləri tərəfindən Azərbaycan Prezidenti, İlham Əliyev cənablarına müraciət ünvanlanıb. Müraciət müəlliflərinin xahişini nəzərə alaraq onun mətnini olduğu kimi Moderator.az saytında təqdim edirik:
“Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Biz – artıq 35-ci ildir ki, yurd həsrəti ilə yaşayan, lakin Sizin qətiyyətiniz və rəşadətli ordumuzun qanı bahasına doğma torpaqlarını, dədə-baba ocaqlarının xarabalıqlarını və məzarlıqlarını ziyarət etmək imkanı əldə etmiş Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsinin Fətəlipəyə, Ağanus, Turşsu, Unannovu, Ərəb və Kəravuz kəndlərinin sakinləri bu gün Qarabağda və Şərqi Zəngəzurda Sizin birbaşa nəzarətinizlə aparılan möhtəşəm quruculuq işlərini böyük qürurla izləyirik. Laçının hər bir guşəsinin yenidən doğulması bizi bəxtiyar edir. Lakin bizim Sizin ali diqqətinizə çatdırmaq istədiyimiz, ürəyimizi sızladan mənəvi bir narahatlığımız, zamanla yarışan bir ağrımız var…
Kəndlərimizin köklü sakinlərinin böyük bir qismi artıq yaşlaşmış, ömrünün qürub çağına qədəm qoymuş və xeyli hissəsi də yataqxanalarda, məktəb, uşaq bağçaları binalarında, digər ümumi inzibati tikililərdə, özgə qapılarında və s. müvəqqəti məskunlaşmış insanlardır. 30 ildən çox didərginlik həyatı yaşayan və artıq barmaqla sayılası ağsaqqal və ağbirçəklərimiz hər gün eyni arzu ilə oyanırlar: doğma kəndlərinin havasını son dəfə udmaq, doğma yurdun torpağına toxunmaq və əcəl yetişib dünyalarını dəyişəndə babalarının uyduğu o müqəddəs kənd qəbiristanlığında torpağa tapşırılmaq…
Biz, övladları olaraq, valideynlərimizin bu dünyadan kəndlərimizin həsrəti ilə köçməsindən, bu tarixi yaddaşın canlı şahidlərini doğma yurdlarımızı görmədən, orada heç olmasa bir neçə gün yaşamadan itirməkdən çox qorxuruq. Zaman bizim əleyhimizə işləyir, yaşlı nəslimizin ömür vəfası tükənməkdədir. Əksəriyyəti didərginlik illərində Azərbaycanın müxtəlif guşələrində, əsasən şəhər və ya aran, düzən şəraitində doğulub-böyümüş cavanlarımızın isə dağlıq şəraitdə həyat qurmaq, yaşamaq təcrübəsi yoxdur, onlar oradakı yurd yerlərimizə bələd deyillər. Sözsüz ki, onların çoxu doğma kəndlərini xatırlamasa da, o yurdlara qayıtmaq əzmindədirlər. Lakin bir dağ kəndində həyat qurmaq üçün onların mütləq böyüklərin təcrübə və tövsiyələrinə ehtiyacı var. Nəsillərarası bu mənəvi və praktiki varisliyin təmin olunması kəndlərimizin gələcək dayanıqlı inkişafı üçün həyati əhəmiyyət kəsb edir…
Əlbəttə, bu gün də hər bir keçmiş məcburi köçkünün ən böyük arzusu, istəyi öz yeni ocağının bilavasitə işğaldan öncəki məkanda salınması və həyatda olan bütün həmyerlilərinin həmin obaya, öz dədə-baba yurdlarına yerləşməsidir. Bəli, biz hamımız mümkün qədər tez və bilavasitə öz tarixi yurdlarımıza köçüb ömrümüzün qalan hissəsini istədiyimiz vaxt işğaldan öncə və işğal zamanı dünyasını dəyişmiş baba-nənələrimizin, ata-analarımızın, digər doğma, qohum və dostlarımızın məzarlarını ziyarət edə biləcəyimiz bir məkanda keçirmək arzusundayıq.
Cənab Müzəffər Ali Baş Komandan!
Sadaladığımız bu və digər səbəblərdən Sizdən kəndimizin yenidən salınması işlərinin mümkün qədər tez – elə indidən -2026-cə ildən başlanması üçün göstəriş verməyinizi xahiş edirik.
Düşünürük ki, bütün bunlar Qalib, iqtisadi cəhətdən güclü dövlətimizin asanlıqlı öhdəsindən gələ biləcəyi bir işdir. Hər halda ən azı, Ağanus( 56 ailə -192 nəfər), Fətəlipəyə(42- 146), Turşsu(37 – 125), və Unannovu(22- 81) kəndləri ailə təsərrüfatlarının sayı baxımından öz yerlərində bərpa edilə bilər.
Düzdür, Ağanus və Unannovu kəndləri relyef baxımından nisbətən çətin ərazidə, dəniz səviyyəsindən təxminən 1500-1600 metr yüksəklikdə yerləşir.
Ancaq əvvəla, əgər maliyyə vəsaitlərinin, texniki və texnoloji imkanların indikindən dəfələrlə məhdud olduğu sovet dövründə Ağanus və Unnannovu kəndlərinə işıq, telefon, qaz çəkilibsə, kəndlərin ərazisində məktəb, feldşer-mama məntəqəsi, mağaza yerləşibsə, bugünkü imkanlarla daha çoxunu etmək mümkündür…
Üçüncüsü də, işğalçılar tərəfindən məhv edilmiş uca dağlıq relyefdə yerləşən kəndlərimizin bərpası müstəqil Azərbaycan dövləti və hökuməti üçün başucalığı olar…
Möhtərəm cənab Prezident!
Sizə hər kəsdən yaxşı məlumdur ki, Avropa və Amerikanın bir sıra çox yüksək dağ ərazilərində ən müasir yerli və turizm infrastrukturuna malik kənd və qəsəbələr var. Onlar dünyaca məşhur məkanlardır. Məsələn, İsveçrə Alplarında dəniz səviyyəsindən 1600 metrdən yüksəkdə yerləşən Sermatt (Zermatt) və Mürren (Murren), eləcə də Fransanın 2040 metr hündürlükdə qurulmuş Sen-Veran (Saint-Véran) kəndləri bu gün bənzərsiz relyefləri və müasir infrastrukturları ilə qlobal dağ turizminin zirvəsini təşkil edirlər. Odur ki, işğaldan azad edilmiş torpaqların ən uca dağlarındakı kəndlərimizi də öz keçmiş yerlərində gərəyincə bərpa etmək dövlətimizə həm yerli, regional, həm də beynəlxalq səviyyədə böyük nüfuz gətirər…
Üstəlik, kəndlərimiz füsunkar dağ mənzərəsi, zəngin təbiəti ilə yanaşı, həm də çox böyük strateji turizm potensialına malikdir. Ərazimizdə yerləşən məşhur Turşsu mineral bulağı, onlarla təmiz, buz bulaqlı su mənbələrimiz və qədim Alban kilsəsi (məbədi) kimi tanınan tarixi-mədəni abidələrimiz bərpadan sonra bu ərazini Şərqi Zəngəzurun ən cəlbedici istirahət və ekoturizm mərkəzlərindən birinə çevirmək üçün geniş imkanlar vəd edir…
Adı çəkilən kəndlərin sakinləri olaraq bizlər, doğma kəndlərimizə qayıtdıqdan sonra burada kənd turizminin qurulmasında, tarixi irsimizin qorunmasında və kəndlərimizin dövlətimizin qüdrətlənməsinə xidmət edən bir turizm mirvarisinə çevrilməsi işində mütəşəkkil şəkildə iştirak etməyə, bütün gücümüzlə dövlətimizin qulluğunda durmağa tam hazır və istəkliyik…
Möhtərəm cənab Prezident!
Sizin çıxışlarınızda ifadə etdiyiniz insanpərvərliyə, vətəndaşa olan sevginizə və Laçına olan xüsusi diqqətinizə sığınaraq xahiş edirik: kəndlərimizin mümkün qədər tez və öz tarixi yerlərində, yüksək dağ potensialı və gənclərimizin məskunlaşma ehtiyacları nəzərə alınmaqla sürətli bərpası və sakinlərinin mümkün qədər tez doğma yurda qaytarılması üçün aidiyyəti qurumlara xüsusi göstəriş verəsiniz. Yox, əgər dövlət əsaslı olaraq Ağanus, Turşsu, Fətəlipəyə, Unannovu, Ərəb və Kəravuz kəndlərinin öz yerində salınmasını məqsədəuyğun saymırsa, o halda bu kəndlərin birləşmiş bir qəsəbə şəklində salındığı məkanın müəyyən olunmasında Laçın Rayon İcra Hakimiyyəti nümayəndələrinin, inzibati kənd ərazisi üzrə icra nümayəndəliyinin və kəndlərin ağsaqqallarından ibarət ictimai şuranın təklif və tövsiyələrinin nəzərə alınması təmin edilsin.
Möhtərəm cənab Prezident!
Adları çəkilən bu kəndlər XX əsrin əvvəllərindən 1992-ci ilədək dəfələrlə işğalçılar tərəfindən yandırılıb, sakinləri didərgin salınıb, lakin dədə-babalarımız yenidən qayıdıb yurdlarını azad edib və doğma kəndlərinin daha abad şəkildə bərpasına nail olublar. İnanırıq ki, Sizin rəhbərliyiniz və dövlətimizin gücü, sayəsində bizlər də tezliklə kəndlərimizin ən yüksək səviyyədə bərpasına nail olacağıq…
Və bir xahişimiz də ondan ibarətdir ki, bu 6 kəndin 571 nəfər sakini üçün salınacaq məntəqənin ümumi adı “Bağırbəyli” qoyulsun. Çünki bu, bizim kəndlərin əksər sakinlərinin mənsub olduğu qədim türk tayfasının adıdır. Və elə tarixən də bu ərazidə qurulmuş ilk məkanın adı Bağırbəyli olub. Həmin məntəqə XVII əsrdən bəri Osmanlı və Rusiya tarixi mənbələrində, arxiv və xəritələrində tapmaq mümkündür.
Dövlətimiz bu arzularımızı həyata keçirmiş olsa, yüz illərlə o tarixi yurdlarda yaşamış və müxtəlif işğalçılarla mübarizədə canlarını fəda etmiş babalarımızın ruhu da şad olar.
Cənab Müzəffər Ali Baş Komandan!
İnanırıq ki, Sizin bir sərəncamınızla kəndləriimizin ahıl və yaşlı sakinlərinin gözü yolda qalmayacaq, onların öz doğma yurdlarında son mənzil arzusu çin olacaq, gənclərimiz isə Sizin rəhbərliyinizlə kəndimizi yenidən çiçəkləndirəcəkdir.
Allah Sizi və dövlətimizi qorusun!
Dərin hörmət və ehtiramla,
Laçın rayonu Fətəlipəyə, Ağanus, Turşsu, Unannovu, Ərəb və Kəravuz kənd sakinləri…
Qeyd:
Respublika Prezidentinə ünvanlanmış bu müraciətin surətlərinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinə, Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında Regional İnkişaf İdarəsinə, Laçın Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə də göndərilməsi nəzərdə tutulub…



