Lavrov: “Rusiya regionda istənilən hərbi aktivliyin artmasının əleyhinədir”

Rusiya Cənubi Qafqazda hərbi aktivliyin artmasının, provakasiya xarakterli istənilən təlimin əleyhinədir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyin Əmir Abdullahianla Moskvada bu gün baş tutan görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Brifinq zamanı rusiyalı nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinin həyata keçirilməsinə və bölgədə münaqişədən sonrakı inkişaf məsələsinə də toxunub.

“Birgə Bəyanat bölgədəki bütün nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin yaradılması ilə bağlı işlər də daxil olmaqla tənzimləməni inkişaf etdirmək üçün gələcək addımları təyin edən prinsipləri ehtiva edir.

Bu, təkcə Ermənistan, Azərbaycan və Gürcüstana deyil, İran, Rusiya və Türkiyəyə də xeyir gətirəcək. Bu çərçivədə bu gün “3 + 3” formatını yaratmaq təşəbbüsünü müzakirə etdik.

İran buna müsbət münasibət bəsləyir. Eyni münasibəti Azərbaycanda və Türkiyədə də müşahidə edirik, Ermənistanla bu istiqamətdə işləyirik və Gürcüstana da güvənirik.

Biz burada istənilən hərbi fəaliyyətin artmasının, istənilən təxribat xarakterli təlimin əleyhinəyik.

İran tərəfindən hərbçilərin sərhəd yaxınlığında keçirilən son təlimləri ilə əlaqədar olaraq Azərbaycanın da narahatlıqları var”, – deyə Lavrov qeyd edib.

Eyni kontekstdə o, İranın hələ ratifikasiya etmədiyi Xəzər dənizinin statusu haqqında Konvensiyanın qüvvəyə minməsi məsələsinə toxunub:

“Xəzərə və xarici dövlətlərin Xəzər regionunun işlərinə müdaxiləsi üçün zəmin hazırlanmasına gəldikdə, bu gün həmsöhbətlərimizə Xəzər sahilində olmayan hər hansı bir dövlətin hərbi qüvvələrinin olmasını birbaşa qadağan edən Xəzərin hüquqi statusu haqqında Konvensiyanın mümkün qədər tez qüvvəyə minməsinin vacibliyini dəfələrlə vurğuladıq.

Konvensiya son ratifikasiya sənədi alındıqdan sonra qüvvəyə minəcək.

İndi bu məsələyə İran parlamentində baxılır. Ümid edirəm ki, ratifikasiya qərarı tez bir zamanda veriləcək və bundan sonra Konvensiya artıq Xəzərdə uyğun rejimi təmin edən tamhüquqlu beynəlxalq hüquqi sənədə çevriləcək”.

Hamısını Göstər

Related Articles

Back to top button