Lavrovun “şifrəli” bəyanatları, erməni “ağzı” olan Milonovun anti-Azərbaycan mövqeyi

Rusiya prezidentinin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” bəyanatından sonra da Moskvada “xaric səslər” eşidilməkdədir; Kremlin Azərbaycanla bağlı mövqeyi dəyişə bilərmi?; Elçin Mirzəbəyli: “Milonovun Azərbaycan və azərbaycanlılarla bağlı aqressiv, böhtan xarakterli və təhqiramiz fikirlər səsləndirməsi sifarişlidir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov son zamanlar davamlı şəkildə Qarabağ məsələsi ilə bağlı açıqlamalar verir. İlkin təəssürat belə ola bilər ki, bölgədəki dəhşətli müharibənin dayandırılmasında və faktiki olaraq Ermənistanın kapitulyasiya aktına imza atmasında aparıcı rola malik bir ölkənin baş diplomatının məsələni diqqətdə saxlaması normal haldır. Lakin rusiyalı diplomatın açıqlamalarını dərindən izləyəndə görmək olur ki, o, hər zaman balanslı mövqe sərgiləməkdən çox, “tərəzinin gözü”nü Ermənistan və ermənilər tərəfə əyməyə çalışır.

Əslində S.Lavrovun keçmişinə, Azərbaycana olan münasibətinə baxdıqda, bu, o qədər də təəccüblü görünmür. Xatırladaq ki, 2017-ci ilin yanvarında Rusiya XİN başçısı Dağlıq Qarabağ məsələsinin Azərbaycanın “daxili işi olmadığına” dair qərəzli və heyrətamiz açıqlama vermişdi və həmin açıqlama rəsmi Bakının, eyni zamanda Azərbaycan ictimaiyyətinin sərt təpkisinə səbəb olmuşdu. Hazırda Rusiya prezidenti Vladimir Putinin Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi, “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” yanaşması S.Lavrovu bəyanatlarda korrektələr etməyə vadar etsə də, bir sıra hallarda “mərkəzdənqaçma” meyilləri də aydın görünür.

XİN rəhbəri deyib ki, Rusiya çox illər ərzində Dağlıq Qarabağ münaqişəsinə ən yaxın diqqəti göstərib. “ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyündən biz, obyektiv baxsaq, daha çox ardıcıl şəkildə münaqişənin nizamlanmasına nail olmaq üçün müxtəlif ideyalar irəli sürmüşük. Bir neçə il bundan qabaq bizim şansımız olub. Rusiyanın təklifi əsasında digər həmsədrlərin dəstəklədiyi razılıq əldə olunub, hansı ki, bu, Ermənistan və Azərbaycan tərəfindən yüz minlərlə insanın həyatını qorumağa köməklik edə bilərdi. Təəssüflər olsun ki, o zaman bu, alınmadı. İndi biz yerdə real vəziyyəti görürük, hansı ki, bu vəziyyətə Rusiya prezidentinin şəxsi vasitəçi səyləri nəticəsində nail olunub. Onun Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə çoxsaatlıq danışıqları ilə 9 noyabr razılaşması baş tutub. Yeri gəlmişkən, bu razılaşmada hərbi əməliyyatların dayandırılmasından əlavə, əldə olunan razılıqlar vaxtında Rusiya və digər həmsədrlər tərəfindən formalaşdırılan prinsiplərə əsaslanır. Lakin bir daha təkrar edirəm ki, vəziyyət daha çox həmin prinsiplər əsasında həyata keçdi, lakin böyük sayda insan itkisi nəticəsində başa gəldi”. S.Lavrovun sonrakı fikirlərinə diqqət edək: “Yəqin ki, bu, gələcəkdə bu cür münaqişələrin iştirakçıları üçün dərs olacaq. Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq. Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü bunun təsdiqidir”.

S.Lavrovun itkilərdən danışarkən “yəqin ki, bu, gələcəkdə bu cür münaqişələrin iştirakçıları üçün dərs olacaq”, həmçinin “biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq”-deməsi təhdid xarakterli fikirlərdir. Normalda vasitəçilik missiyasını yerinə yetirən dövlət daha korrekt yanaşma sərgiləməliydi. Söhbət öz ərazi bütövlüyünü bərpa edən dövlətdən gedirsə, onunla işğalçı, terrorçu arasında bərabərlik işarəsi qoyula bilməz. Eyni zamanda Lavrovun dediklərindən belə qənaət ortaya çıxa bilər ki, Rusiya sülhməramlıları, qeyd olunduğu kimi, bölgəyə 5 illik yox, əbədilik gəlib.

Rusiyanın baş diplomatının bundan əvvəl Qarabağın statusu ilə bağlı davamlı açıqlamaları da qəbulolunmazdır. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, heç bir statusdan söhbət gedə bilməz, Azərbaycan qanunlarını qəbul edən ermənilər ən uzağı ölkənin digər vətəndaşlarının malik olduğu statusu daşıya biləcəklər. Yəni Qarabağ ermənilərinin status istəyi “cəhənnəmə getdi”. Ancaq S.Lavrov iddia edir ki, “Dağlıq Qarabağın statusu bu regionun bütün kateqoriyadan olan sakinlərinin hüquqları dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək”. Beləliklə, Rusiyanın xarici işlər nazirinin 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Qarabağın status məsələsinin ziddiyyətli olduğunu deməsi və bu məsələdən yan keçərək onu gələcəyə saxlamaqla bağlı qərar verilməsi barədə dedikləri sərt etirazlar doğurub. Üstəlik, Lavrov iddia edib ki, status məsələsi ilə ATƏT-in Minsk Qrupu məşğul olmalıdır və onlar bu yaxınlarda regiona təkrar səfər edəcəklər. Bu yerdə qeyd edək ki, Minsk Qrupu artıq rəsmi Bakı tərəfindən de-fakto “arzuolunmaz” elan olunub və onların görə biləcəyi bir iş qalmayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bugünlərdə deyib ki, ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır. Dövlət rəsmisi bildirib ki, artıq ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı keçmiş normativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib. Hikmət Hacıyev ATƏT-in Dağlıq Qarabağın status məsələsini yersiz şəkildə qabartdığını, bunun isə Ermənistanda yanlış və gərəksiz gözləntilər yaratdığını bildirib. O, Minsk Qrupunun gələcəkdə müxtəlif layihələr vasitəsilə sülh quruculuğuna töhfə verə biləcəyinin mümkünlüyünü qeyd edib.

Göründüyü kimi, Azərbaycan dövlətinin mövqeyi qəti və dəyişməzdir. S.Lavrov hətta 12 noyabrda – kapitulyasiya aktının imzalanmasından 48 saat sonra erməniləri sakitləşdirməyə çalışırdı ki, status məsələsi gələcəkdə müzakirə olunacaq. Onun davamlı şəkildə bu, qapanmış mövzuya müraciət etməsi Ermənistandakı və Qarabağdakı revanşistlərin “lampasına neft tökür”, onların qanunsuz fəaliyyətini stimullaşdırır. Üstəlik, Rusiyadakı ermənipərəstlər və ermənisifətlər də fəallaşıblar. Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan üzvü Vitaliy Milonov erməni KİV-ə müsahibəsində bütün kinini, zəhərini boşaldıb, gerçək simasını göstərib. Yanvarın 26-da Rusiya Federasiyasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan üzvü Vitaliy Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətməsi məsələsi Rusiya səfirliyinin müvəqqəti işlər vəkili qarşısında qaldırılıb, Dövlət Dumasının üzvünün bu davranışı qəti şəkildə pislənilib. Həmçinin Rusiya Dövlət Dumasının üzvü V.Milonovun Azərbaycan əleyhinə atdığı növbəti təxribatçı addımı Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə zidd olduğu vurğulanıb. V.Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyi və bu kimi addımların ölkələr arasında münasibətlərə xələl gətirmək və əldə olunan razılaşmanın həyata keçirilməsinə əngəl törətmək məqsədi daşıdığı bildirilib. Görünən budur ki, Rusiyadakı ermənipərəstlər yenə də bölgəni qarışdırmaq və məkrli niyyətlərinə çatmaq istəyirlər. Rusiya sülhməramlılarının Qarabağda olması onlara əlavə fürsət yarada bilər, düşüncəsi də var. Heç şübhəsiz ki, Rusiya XİN-in başında dayanan şəxsin ikibaşlı, bəzən də çoxbaşlı açıqlamaları belə qüvvələri hərəkətə gətirir. Bəzi müşahidəçilər narahatlıqla bildirirlər ki, S.Lavrov İrəvandan Xankəndinə qanunsuz səfərləri pisləməkdən, Ermənistan rəsmilərini təxribatçı addımlardan çəkindirməkdənsə, “şifrəli” açıqlamalar verməklə onların hərəkətlərini ört-basdır edən mövqe sərgiləyir. Bəs ümumilikdə bu kimi mövqelər Azərbaycanın xeyrinədir, ya ziyanına? Rusiyanın həm diplomatik, həm hərbi sahədə mövqeyi Azərbaycanın əleyhinə dəyişə bilərmi?

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək”

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Sergey Lavrovun “Biz Dağlıq Qarabağdakı vəziyyətə diqqətimizi dayandırmağa hazırlaşmırıq” deməsində təhlükəli heç bir məqam görmür: “Çünki burada söhbət ”Dağlıq Qarabağ”a deyil, buradakı vəziyyətə olan diqqətdən gedir. Lavrovun bu fikirləri Azərbaycandan daha çox ATƏT-in Minsk Qrupunun həmsədri olan digər dövlətlərə, xüsusilə də ABŞ-a ünvanlanıb. Rusiyanın xarici işlər nazirinin fikirlərinin alt qatında, “”biz buradayıq” və prosesi kimsəyə təhvil verməyə, yaxud kimsə ilə “bölüşməyə” ehtiyacımız yoxdur” niyyəti dayanır”.

Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan üzvü Vitaliy Milonovun sərsəm və aqressiv fikirlərinə gəldikdə isə E.Mirzəbəyli bildirdi ki, bu iyrənc məxluq uzun illərdir ki, ermənilərin “köpəkliyi”ni edir. Siyasi şərhçi Milonovun ermənilərlə əlaqələri və onlardan bəhrələnməsi ilə əlaqədar ilginc məlumatları bölüşdü: “Vaxtilə Azərbaycanın işğal altında olan ərazilərinə səfər etdiyi üçün adı ”qara siyahı”ya salınıb. Vitali Milonov hələ Sankt-Peterburq məclisinin deputatı olduğu dövrdən bu şəhərdəki erməni iş adamlarının və cinayətkar qrupların nəzarətindədir. Onların lobbiçiliyini etmək isə Milonova xeyli var-dövlət qazandırıb. Sankt-Peterburq məclisinin deputatı olduğu 4 il ərzində Milonov Peterburqun “Strelne” adlanan ərazisində 1 sotu həmin dövrdəki qiymətlərlə 17 min ABŞ dolları olan, ümumi dəyəri 187 min ABŞ dolları təşkil edən torpaq sahəsi alıb və qısa bir zaman ərzində bu ərazidə dəyəri 200 min ABŞ dollarından az olmayan villa inşa etdirib. Ermənilər Milonovun Peterburq Dumasına gediş-gəlişini asanlaşdırmaq üçün ona əyalət deputatı olduğu dövrdə Dumanın lap yaxınlığında dəyəri 360 min ABŞ dolları olan mənzil də hədiyyə ediblər. 4 il ərzində Milonov özünə və xanımına ən son model “BMW” və “Ford Exploler” də alıb, xarici ölkələrdə, ən bahalı istirahət mərkəzlərində olub. Sankt-Peterburq deputatının aldığı əmək haqqının aylıq 1150 dollar təşkil etdiyini və Milonovun 4 il ərzində təxminən 55 min ABŞ dolları qazandığını nəzərə alsaq, deputatın erməni dostları tərəfindən necə böyük “sevgi” ilə əhatə olunduğunu görə bilərik”.

Politoloqun sözlərinə görə, Milonovun Azərbaycan və azərbaycanlılarla bağlı aqressiv, böhtan xarakterli və təhqiramiz fikirlər səsləndirməsi sifarişlidir: “Mən bunun şəxsi maraqlardan qaynaqlandığı qənaətindəyəm. Məqsəd milonovkimilərin təxribatlarına cavab olaraq Azərbaycanda Rusiya əleyhinə kəskin etirazlara nail olmaq, ictimai rəyi nifrət üzərində kökləmək və bundan öz təbliğatlarında istifadə etməkdir. Bu baxımdan da təkcə Rusiya ilə deyil, bütün digər ölkələrlə bağlı fikir ifadə edəndə ünvanlı və konkret faktlara əsaslanaraq danışmağı vacib hesab edirəm”.

Hər halda, Rusiya siyasətçilərinin, həmçinin Dövlət Dumasının Milonovun “ağzından vurması” zəruridir. Əks təqdirdə, bu mövqe elə bütövlükdə Dumanın adına yazıla bilər. Rəsmi Bakı etirazını səfirliyə bildirdi, indi görək Lavrovun rəhbərlik etdiyi qurumdan hansı cavab gələcək. Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyənlərin susdurulması lazımdır ki, bu kimi sərsəm mövqelər gələcəkdə də erməni terrorizmini stimullaşdırmasın. Hesab etmək olmaz ki, Milonov, sadəcə, Dumaya yenidən üzv olmaq və ermənilərdən səs qazanmaq üçün canfəşanlıq edir. Moskvadakı “xaric səslər” istənilən halda təsadüf sayıla bilməz…

Hamısını Göstər

Related Articles

Back to top button