Lefkoşada Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Lefkoşadakı Atatürk adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) parlamentinin sədri Zorlu Töre tədbir iştirakçılarına müraciət edib.
Parlamentin spikeri Azərbaycanla əlaqələrin xüsusi əhəmiyyətini vurğulayıb, Milli Məclisin ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasını yüksək qiymətləndirib.
Töre parlamentlərarası əlaqələrin iki dost ölkənin daha genişmiqyaslı münasibətlərinin müjdəçisi olacağına əminliyini ifadə edib. “ŞKTC, Türkiyə və Azərbaycan dialoqu “Üç dövlət, bir millət!” kəlamı kontekstində inkişaf etdirirlər. Biz fəxr edirik ki, vahid türk millətinin hissələriyik”, – deyə Töre vurğulayıb.
ŞKTC parlamentinin spikeri Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi uğrunda canlarından keçən Azərbaycan övladlarının xatirəsini yad edib, 44 günlük Vətən müharibəsi veteranlarına minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan tərəfinin bundan sonra da Kipr türklərinin ədalətli mövqeyini dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Deputat ŞKTC-nin hüquq və mənafelərinin hərtərəfli təmin olunacağına ümidvar olduğunu bildirib, bu məsələdə türk dövlətlərinin xüsusi rolunu qeyd edib.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Polise.az