Lider taktika və strategiyanı dəqiq seçdi – Zəfər qaçılmaz idi…

Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin təhlilində liderin strategiyası və taktikası xüsusi əhəmiyyət daşıyır. Çünki müharibədə yalnız ordunun gücü, müasir silahlar və əsgərin qəhrəmanlığı deyil, həm də siyasi iradə, düzgün qərarvermə, hərbi planlaşdırma və hadisələri qabaqcadan qiymətləndirmək bacarığı həlledici rol oynayır.
Qələbə liderin strateji baxışının, hərbi rəhbərliyin peşəkarlığının və Azərbaycan əsgərinin qəhrəmanlığının vəhdətindən doğdu.
Zəfərin əldə olunmasında liderin strategiya və taktikası hansı rolu oynadı? Liderin strategiyası nə idi, taktikası nə idi?
Liderin strategiyasını təhlil edən ekspertlər hesab edirlər ki, qələbəyə aparan uzunmüddətli siyasi və hərbi xətt Azərbaycan Prezidenti İlham Əliyevin strategiyasının əsasını Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, dövlətin hərbi qüdrətinin artırılması və əlverişli siyasi şəraitin formalaşdırılması təşkil edirdi.
Bu strategiyanın bir neçə mühüm istiqaməti var idi ki, bunlarda biri ordunun sistemli şəkildə gücləndirilməsi idi. Eyni zamanda, Azərbaycan uzun illər ərzində ordunun modernləşdirilməsinə, müasir silahların alınmasına, hərbi texnologiyaların tətbiqinə və peşəkar hərbi kadrların hazırlanmasına diqqət yetirdi. Məqsəd yalnız hərbi potensial yaratmaq deyil, həm də mümkün müharibədə üstünlük əldə etmək idi.
Diplomatik müstəvidə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi
Azərbaycan beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə və BMT qətnamələrinə əsaslanan siyasi mövqeyini ardıcıl müdafiə edirdi. Bu, müharibənin siyasi və hüquqi kontekstində mühüm əhəmiyyət daşıyırdı.
Liderin əsas strateji məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Bu məqsəd dövlət siyasətinin müxtəlif istiqamətlərini birləşdirən əsas xəttə çevrilmişdi.
Müharibənin vaxtını və şəraitini düzgün qiymətləndirmək.
Strategiyanın mühüm elementlərindən biri hərbi-siyasi vəziyyətin dəyişməsini izləmək, imkanları və riskləri qiymətləndirmək idi. 2020-ci ildə başlanan hərbi əməliyyatlar uzunmüddətli hazırlığın konkret nəticəyə çevrildiyi mərhələ oldu.
Liderin taktikasını da təhlil edən ekspertlər qeyd edirlər ki, Azərbaycanın Vətən müharibəsində taktiki üstünlüyünü şərtləndirən mühüm amillər olub:
Müasir pilotsuz uçuş aparatlarından və kəşfiyyat vasitələrindən səmərəli istifadə;
Düşmənin hərbi infrastrukturu, müdafiə mövqeləri və texnikasının dəqiq hədəfə alınması;
Müxtəlif qoşun növlərinin əlaqələndirilmiş fəaliyyəti;
Döyüş meydanında vəziyyətə uyğun çevik qərarların qəbul edilməsi;
Əməliyyatların coğrafi şəraitə və düşmənin müdafiə sisteminə uyğun planlaşdırılması;
Hərbi əməliyyatların gedişində əldə olunan üstünlüklərin yeni uğurlara çevrilməsi.
Burada mühüm bir məqamı xüsusi qeyd etmək lazımdır ki, strateji qərarlarla əməliyyat və taktiki qərarlar eyni səviyyədə qəbul edilmir. Prezident və Ali Baş Komandan siyasi-hərbi məqsədləri, ümumi istiqaməti və dövlətin iradəsini müəyyənləşdirirdi. Konkret döyüş əməliyyatlarının planlaşdırılması və icrası isə hərbi komandanlığın peşəkarlığı, qərarları və əsgərlərin döyüş qabiliyyəti ilə bağlı idi.
Müharibədə liderin strategiyası nə qədər düzgün olsa da, onu həyata keçirən canlı qüvvə, əsgər və zabitlərdir. Azərbaycan əsgərinin mərdliyi, Vətən sevgisi, döyüş ruhu və fədakarlığı olmasaydı, ən müasir texnika belə öz-özlüyündə qələbəni təmin edə bilməzdi.
Eyni zamanda, yüksək döyüş ruhunun düzgün strategiya və peşəkar komandanlıqla birləşməsi qələbənin təmin olunmasında mühüm rol oynadı. Bu baxımdan Azərbaycan Zəfəri üç əsas amilin vəhdəti kimi qiymətləndirilə bilər:
Liderin strategiyası qələbəyə aparan yolu müəyyənləşdirir, taktiki qərarlar həmin yolda konkret üstünlüklər yaradır, əsgərin qəhrəmanlığı isə bu qərarların döyüş meydanında gerçəkləşməsini təmin edir.
Azərbaycanın Zəfəri dövlətin siyasi iradəsinin, ordunun hərbi gücünün və xalqın milli birliyinin tarixi nəticəsi oldu.
Bu Zəfərin ən mühüm dərslərindən biri də budur: güclü liderlik, düzgün strategiya və vətəninə bağlı insan amili birləşəndə, qarşıya qoyulan ən mürəkkəb milli məqsədlərə belə nail olmaq mümkündür.
“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə yalnız hərbi əməliyyatların nəticəsi deyildi. Bu Zəfər uzun illər ərzində həyata keçirilən məqsədyönlü strategiyanın, düzgün hesablanmış taktiki addımların, siyasi iradənin və xalq-ordu birliyinin məntiqi nəticəsi idi. Burada Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik strategiyası həlledici amillərdən birincisidir.
İlham Əliyevin strategiyasının əsas mahiyyəti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası idi. Bu məqsəd yalnız bəyanatlarla deyil, dövlətin bütün imkanlarının səfərbər edilməsi ilə müşayiət olundu. Ordu quruculuğu, müdafiə sənayesinin inkişafı, müasir silahların alınması, beynəlxalq əlaqələrin genişləndirilməsi, iqtisadi potensialın gücləndirilməsi və diplomatik mövqelərin möhkəmləndirilməsi vahid strategiyanın tərkib hissələri idi.
Burada mühüm məqam ondan ibarət idi ki, Azərbaycan müharibəyə təsadüfi və hazırlıqsız şəkildə daxil olmadı. Uzun illər ərzində hərbi potensialın gücləndirilməsi ilə yanaşı, ölkənin beynəlxalq mövqeləri də möhkəmləndirilirdi. Başqa sözlə, siyasi, iqtisadi, diplomatik və hərbi istiqamətlər bir-birini tamamlayırdı.
Bəhruz Quliyev:”Zəfərin liderlik aspektindən ən mühüm nəticəsi ondan ibarət oldu ki, Azərbaycan rəhbərliyi hədəfi əvvəlcədən müəyyənləşdirmiş, bu hədəfə çatmaq üçün dövlətin bütün resurslarını səfərbər etmiş və yaranmış tarixi şəraitdən istifadə edərək hərbi uğuru siyasi nəticəyə çevirmişdi”
Bu fikirləri baki-xeber.com-a” Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, taktikaya gəldikdə isə, burada bir neçə mühüm məqamı xüsusi qeyd etmək lazımdır.
“Mühüm məqam Azərbaycan Ordusunun müasir döyüş texnologiyalarından, pilotsuz uçuş aparatlarından və dəqiq zərbə vasitələrindən effektiv istifadə etməsidir. Bu, döyüş meydanında qüvvələr nisbətinə və hərbi əməliyyatların gedişinə ciddi təsir göstərdi.
Digər ən vacib məsələ isə əməliyyatların şəraitə uyğun çevik qurulması idi. Xüsusilə Cəbrayıl, Füzuli istiqamətində əldə edilən irəliləyişlər, daha sonra Şuşa əməliyyatı Azərbaycanın hərbi taktikasının fərqli xüsusiyyətlərini nümayiş etdirdi. Şuşanın mürəkkəb coğrafi şəraitdə, xüsusi hərbi əməliyyat nəticəsində azad edilməsi müharibənin taleyinə təsir edən həlledici hadisələrdən biri oldu. Ən vacib nüanslardan biri də hərbi əməliyyatlarla informasiya və diplomatiya cəbhəsinin paralel aparılması idi”.
B.Quliyev qeyd etdi ki, Prezident İlham Əliyevin müharibə dövründə beynəlxalq media qurumlarına verdiyi müsahibələr, Azərbaycanın mövqeyini faktlarla əsaslandırması informasiya müstəvisində də mühüm rol oynadı. O vurğuladı ki, dövlət başçısının xalqa müntəzəm müraciətləri isə cəmiyyətdə birlik və səfərbərlik ruhunun qorunmasına xidmət edirdi.
“Bütün bunlarla yanaşı bir vacib məqamı da unutmaq olmaz ki, liderin strategiyası və siyasi iradəsi hərbi uğurun mühüm şərtlərindən biri olsa da, bu strategiyanı gerçəkləşdirən Azərbaycan əsgərinin qəhrəmanlığı, zabitlərin peşəkarlığı və xalqın birliyi idi. Qələbə bu amillərin vəhdətindən yarandı.
Məncə, Zəfərin liderlik aspektindən ən mühüm nəticəsi ondan ibarət oldu ki, Azərbaycan rəhbərliyi hədəfi əvvəlcədən müəyyənləşdirmiş, bu hədəfə çatmaq üçün dövlətin bütün resurslarını səfərbər etmiş və yaranmış tarixi şəraitdən istifadə edərək hərbi uğuru siyasi nəticəyə çevirmişdi.
Düşünürəm ki, 8 Noyabr – Şuşanın azad edilməsi və Zəfər Gününün elan olunması sadəcə bir şəhərin işğaldan qurtuluşu deyildi. Bu, Azərbaycanın tarixi ədalətin bərpası istiqamətində əldə etdiyi strateji dönüş nöqtəsi idi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması və digər ərazilərin qaytarılması ilə bağlı öhdəliklərin müəyyənləşdirilməsi də bu prosesin siyasi nəticələrindən biri oldu.
Beləliklə, Zəfərin formulu üç əsas amildə ifadə olunur. Düzgün müəyyənləşdirilmiş strategiya, şəraitə uyğun həyata keçirilən taktika və milli birlik. Bu amillərin mərkəzində isə, öz təcrübəmə əsasən və 5 il xidmət etmiş əsgər kimi, 1990-cı illərin canlı şahidi olaraq deyirəm ki, Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycan Ordusunun gücü və xalqımızın qələbə əzmi dayanırdı”- deyə, B.Quliyev əlavə edib.
İradə SARIYEVA
Polise.az



