Londonda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Azərbaycanın Londondakı səfirliyindən bildirilib ki, Pimliko akademiyada keçirilən tədbir Avropa Mədəniyyət Parlamentinin üzvü, tanınmış skripkaçı Səbinə Rakçeyeva və məktəbin digər müəllimləri – Səbinə Quliyeva, Nigar Əhmədli, Rauf Xəlilov, Sevinc Baxış, Timur Cəfərovun yaxından dəstəyi sayəsində təşkil olunub.
Valideynlər, icma üzvləri, həmçinin səfirlik əməkdaşları və onların ailə üzvləri səmimi və mehriban ab-havada keçən tədbirə heyran qalıblar.
Əvvəlcə Azərbaycan Dövlət Himnini ifa edilib. Daha sonra Rauf Xəlilov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açdıqdan sonra, məktəbin fəaliyyəti haqqında tədbir iştirakçılarına qısa məlumat verib.
Şagirdlər Azərbaycan haqqında şeir və mahnıları böyük həvəslə səsləndiriblər. Çıxışların sonunda Azərbaycan rəqs incilərindən də nümunələr peşəkarlıqla nümayiş olunub.
Azərbaycan mədəniyyəti və bölgələrinə həsr olunmuş şəkillərə dair şagirdlərin çıxışları iştirakçılarda maraq doğurub.
Britaniya Avropa Azərbaycan Məktəbinin üzvləri yalnız azərbaycanlılar deyil, dünyanın müxtəlif ölkələrindən olan şagirdlərdir. Belə ki, tədbirin sonunda çıxışlar zamanı əcnəbi valideynlər övladlarının bu məktəbə qoşulmalarından məmnun olduqlarını bildiriblər və bu məktəb sayəsində Azərbaycan mədəniyyətinə böyük maraqlarının yaranmasını gizlətməyiblər.
Tədbir daha sonra digər zalda, Azərbaycan milli təamları ilə bəzədilmiş süfrə və icma üzlərinin bir-biri ilə daha yaxından tanış olmaları ilə davam edib.
Ən diqqət çəkən məqamlardan biri isə, zalda Azərbaycan haqqında kitabların guşəsində fond toplama kampaniyasının yaradılması idi. Guşədən əldə olunan bütün gəlirlər isə Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanmış qazilərə ianə olunacaqdır.
Polise.az