Məhkəmə qərar verdi – Akif Çovdarov 525 min dollar ödəməlidir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarının işində məhkəmə onlarla işadamının əlindən hədə-qorxuyla pulunun, başqa əmlaklarının alındığını təsdiqləsə də, ziyanın ödənilməsi üçün verilən mülki iddiaların əksəriyyətini təmin etməmişdi. Zərərçəkmişlərə deyilmişdi ki, ziyanı tələb etmək üçün özləri mülki qaydada ayrıca iddia qaldıra bilərlər.  Virtualaz.org xəbər verir ki, indi həmin zərərçəkmişlərdən biri Zaur İbrahimov məhkəmə qərarı ilə keçmiş MTN gerenalı Akif Çovdarovun üzərinə 525 min dollar ödəmək öhdəliyi qoydurub.

Z.İbrahimov mobil telefon, danışıq kartları və kompüterlərin satışıyla məşğul olan “BakTel” MMC-nin rəhbəridir. O bildirir ki, 2009-cu ildə MTN işçiləri şirkətə basqın edib, sənədləri və əməkdaşlardan birini aparıb axşama qədər saxlayıblar. Daha sonra şirkətin əməkdaşını buraxıb, onu çağırıblar. Z.İbrahimovun sözlərinə görə, onu nazirlikdə Çovdarov qəbul edərək şirkətin əməkdaşlarından birinin “AyTel-MMM” ilə 550 min dollarlıq borc qalmaqalından qanışıb. Bildirib ki, “Aytel-MMM” keçmiş milli təhükəsizlik naziri Eldar Mahmudova məxsusdur, bu pul ödənilməlidir.

Z.İbrahimov deyir ki, Çovdarova həmin əməkdaşın sözügedən qalmaqala görə məhkəmənin hökmü ilə artıq cəzalandırıldığını desə də, xeyri olmayıb. A.Çovdarov pulun ödənilməsini ondan tələb edib. Əks halda, dələduzluq ittihamıyla həbs olunacağı, rüsvay ediləcəyi haqda xəbərdarlıq olunub. O da 225, 200 və 100 min dollar olmaqla, üç dəfəyə 525 min dolları Çovdarova çatdırıb.

A.Çovdarov isə məhkəmə üzləşməsi zamanı onun yalan danışdığını bildirib. Onun sözlərinə görə, Z.İbrahimovun müəyyən şəxslərlə biznes problemləri vardı. Bu məsələ ilə əlaqədar onu qəbul edərək həmin şəxslərlə problemlərin aradan qaldırılmasını “tövsiyə edib”. Amma ondan pul almayıb. Lakin A.Çovdarov haqqında çıxarılan hökmdə isə zərərçəkmişin dedikləri həqiqət sayılıb. Bundan sonra Z.İbrahimov o pulun Çovdarovdan geri alınması üçün hüquqi addımlara başlayıb.

Şirkət rəhbəri Çovdarova qarşı iddiasında 525 min dollar maddi ziyanla yanaşı, 50 min manat da mənəvi ziyana görə təzminat tələb edib. Xəzər Rayon Məhkəməsi onun iddiasını təmin edib. Qərardan A.Çovdarov şikayət verib. Bakı Apelyasiya Məhkəməsi maddi ziyanla bağlı məbləği olduğu kimi saxlasa da, mənəvi ziyana görə təzminatı 500 manata salıb. Keçmiş MTN generalı bundan da Ali Məhkəməyə şikayət verib. Bu günlərdə işə baxan Ali Məhkəmə onun şikayətini təmin etməyib, onun üzərinə 525 min dollar və 500 manat ödəmək öhdəliyi qoyan məhkəmə qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Akif Çovdarov Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovdan aldığı 3 milyon dolları da geri qaytarmaqdan imtina edib. Çovdarov həbsdən çıxandan sonra T.Əhmədov mətbuata açıqlamasında demişdi ki, daha o pulu geri almaqdan əlini üzüb, amma Çovdarova da halallıq vermir…

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button