Məişət zorakılığı haqqında qanuna dəyişikliklərlə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Dekabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

Polise.az xəbər verir ki, Komitə sədri Hicran Hüseynova gündəliyə 2 məsələnin – “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinin daxil edildiyini söyləyib.

Məsələləri təqdim edən komitə sədri Hicran Hüseynova bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi, məişət zorakılığı ilə mübarizə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, layihədə Qanunun preambulasından və bir sıra maddələrindən “yaxın” sözünün çıxarılması nəzərdə tutulur. Bu dəyişiklik yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının Qanunun təsir dairəsindən kənarda qalmaması məqsədi daşıyır. Həmçinin Qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunur.

Qeyd edilib ki, tərəflərin münasibətlərinin normallaşmasına dövlət orqanları tərəfindən kömək göstərilməsi məqsədəmüvafiq hesab edilsə də, ailədə münasibətlərin bərpa olunması ailə üzvlərinin öz seçiminə söykənməlidir.

İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Sədaqət Qəhrəmanova və AQUPDK-nin şöbə müdiri Taliyə İbrahimova qanun layihəsi barədə fikirlərini açıqlayıblar. Bu sahədə beynəlxalq təcrübənin araşdırıldığı, qanunvericiliyin təhlil edildiyi və müəyyən boşluqların aradan qaldırılmasının zəruri olduğu qeyd edilib. Qanuna təklif olunan dəyişikliklərin zərərçəkmişlərin hüquqlarının müdafiəsi istiqamətində önəmli olduğu söylənilib. Məişət zorakılığı ilə mübarizə sahəsində Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər barədə söhbət açılıb.

Məsələ ətrafında müzakirələrdə çıxış edən komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Tamam Cəfərova, Sədaqət Vəliyeva, Pərvin Kərimzadə, Sevil Mikayılova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva qanuna təklif edilən dəyişikliklərin mütərəqqi xarakter daşıdığını, məişət zorakılığı probleminin aradan qaldırılması istiqamətində önəmli olduğunu qeyd ediblər. Məişət zorakılığının qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin və maarifləndirmənin əhəmiyyətindən danışıblar.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.

Bildirilib ki, layihə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb. Bununla bağlı bəzi qanunvericilik aktlarına müvafiq düzəlişlər nəzərdə tutulub.

Qeyd olunub ki, Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə Məcəllənin 355-4.4-cü maddəsində nəzərdə tutulan bütün qadağaların tətbiq edilməsi nəzərdə tutulur. Həmin orderin müddətinin aşağı həddi 30 gündən 60 günədək artırılır.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda edilən dəyişiklik dövlət hesabına hüquqi yardım alan şəxslərin dairəsinə məişət zorakılığından zərər çəkmiş şəxslərin də aid edilməsini nəzərdə tutur.

“Təhsil haqqında” Qanunda edilən dəyişiklik məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərin dairəsinə dərsdənkənar məşğələlər zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisinin daxil edilməsini nəzərdə tutur.

Komitə üzvləri Rəşad Mahmudov və Nigar Arpadarai məsələ ilə bağlı bəzi fikir və qeydlərini səsləndiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button