Məkkə İttifaqı üçün ciddi sınaq: Türkiyə və Pakistan Səudiyyə Ərəbistanı üçün müharibəyə girəcək?

“ABŞ-nin husilərlə atəşkəs razılaşmasının uzun çəkəcəyi şübhə doğurur. Husilər ABŞ gəmilərinə hücum etməyəcəklərini və Vaşinqtonla 2025-ci ildə əldə olunan atəşkəsə sadiq qalacaqlarınə bəyan ediblər”.

Polise.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, husilər Səudiyyə Ərəbistanının gəmiləri istisna olmaqla digər ölkələrin, o cümlədən ABŞ və İsrail gəmilərinə hücum etməyəcəkləri vədini veriblər:

“Ancaq bu vədin yerinə yetirləcəyi də şübhə doğurur. Çünki husiləri silahlandıran və maliyyələşdirən SEPAH-ın generallarından əmr gələrsə, qiyamçılar amerikalılalara verdikləri vədi unuda da bilərlər.

Səudiyyə Ərəbistanı da husilərlə atəşkəsə nail olmağa çalışır. Ər-Riyad da ABŞ ilə husilər arasında vasitəçi olan Omanın imkanlarından faydalanmaq istəyir. Husilər Səudiyyə Ərəbistanı ilə razılaşmanın əleyhinə deyillər, sadəcə bunun reallaşması üçün Ər-Riyaddan Yəmənin hava, quru və dəniz yolu ilə blokadasına tam son qoyulmasını tələb edirlər. Husilərin bir başqa tələbi Səudiyyə Ərəbistanının Yəməndən hərbi, təhlükəsizlik və siyasi qüvvələrini çıxarması və təzminat ödəməsi üçün fondun yaradılmasıdır. Ər-Riyad bu tələbləri qəbul etməyə hazır deyil. Bu səbəbdən bölgədə toqquşmaların davam edəcəyini proqnozlaşdırmaq olar.

Husilərin Səudiyyə Ərəbistanına hücumlarını davam etdirməsi Ər-Riyadın strateji müttəfiqi olan ABŞ-ni çətin vəziyyətə salıb. Belə çıxacaq ki, husilərlə atəşkəsə nail olan Vaşinqton Yəmən qiyamçılarının Səudiyyə Ərəbistanına hücumlarına seyrçi qalacaq”.

Elxan Şahinoğlu hesab edir ki, mövcud vəziyyət avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı ittifaq sazişi üçün ciddi sınaqdır:

“Pakistan və Türkiyə Məkkə Paktına görə bir tərəfdən Səudiyyə Ərəbistanına real dəstək verməli, o biri tərəfdən müharibənin alovlanmasının qarşısını almalıdır. Pakistanla Səudiyyə Ərəbistanı arasında müttəfiqlik uzun illəri əhatə edir, ona görə da Ər-Riyadın dəstək gözlədiyi əsas tərəf İslamabaddır. İslamabad Ər-Riyadı inandırmalıdır ki, onun müdafiə öhdəliyi real çəkiyə malikdir. Ancaq Pakistan həm də Yaxın Şərqdəki başqa bir müharibəyə girməli və husiləri dəstəkləyən Tehranla münasibətlərini pozmamalıdır.

İslamabad Tehranla əlaqə kanallarını açıq saxlamağa üstünlük verir. Bu vəziyyətdə bir qrup Məkkə Paktında dərhal müdafiə məqsədilə cavab tədbirlərinin əks olunmadığını, digərləri isə əksinə təcavüzə qarşı birgə mübarizə mexanizminin işə düşməsi qənaətindədir. Bu qeyri-müəyyənlik Məkkə Paktı ilə bağlı sualların sayını artırıb. Hadisələrin inkişafı göstərir ki, Məkkə Paktının qəbulu daha çox Səudiyyə Ərəbistanına lazım idi. Ancaq həmin pakt Səudiyyə Ərəbistanını husilərin hücumlarından qoruya bilməyəcəksə, sazişin dəyəri azalacaq”.

Politoloq əlavə edib ki, mövcud vəziyyət Çini də narahat edir:

“Pekin İslamabadın ən mühüm strateji və hərbi tərəfdaşlarından biridir və Səudiyyə Ərəbistanı ilə də getdikcə sıxlaşan münasibətlər qurub. Ancaq Pekin də Səudiyyə Ərəbistanını husilərdən qorumaq fikrində deyil. Pekinin yeganə təklifi Yaxın Şərq üçün yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır. Hazırki şərtlər altında Yaxın Şərqdə belə bir arxitekturanın qurulması praktik baxımdan mümkün deyil. Avropa ölkələri isə Səudiyyə Ərəbistanı ilə sadəcə həmrəylik nümayiş etdirirlər. Avropa İttifaqı bölgədə baş verənlərdən narahat olsa da, prosesə qarışmaq istəmir”.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button