“Mənə məlumat verilib ki, dünən erməni yaraqlıları…”
“Hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur”.
Bunu prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib.
Prezident fikirlərini belə davam etdirib: “Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək. Bir sözlə, sülhməramlıların missiyası qüvvədədir. Bilirsiniz ki, sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Lakin biz bunu heç zaman ciddi müzakirə etməmişik. Anji bir veteran kimi bunu bilir. Biz həmin mövzuya hətta heç vaxt toxunmamışıq.
Biz sadəcə ümumi şəkildə fikir mübadiləsi etmişik. Sülhməramlıların tərkibi necə olar bilər? Onlar hansı ölkələri təmsil edə bilər? Onlar qonşu, yaxud həmsədr ölkələr olmalıdır? Fikirlər müxtəlif idi. Şəxsən mən bu haqda heç zaman fikir söyləməmişəm, çünki deyirdim, bu, hələ tezdir. Biz əvvəlcə münaqişəni həll etməliyik. Biz heç zaman sülhməramlılara etiraz da etməmişik. Biz dedik, bəli, sülhməramlılar gəlsinlər və müəyyən vaxtda mülki şəxsləri, erməniləri və azərbaycanlıları qorusunlar. Bu, elə baş verir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib”.