Mənəviyyat şərqisi
Dünya duyğu yeri, nəşə yeridir,
gəncliyi qəflətdə yatmazlar, bala.
İnsanda çox şey var zinətdən baha,
hər pula gedəni satmazlar, bala.
Həyatda hər şeyin əks üzü var,
yaxşının pisi var, kəcin düzü var.
Əməl tarazlanır, geci-tezi var,
nahaqdan günaha batmazlar, bala.
Qocalar evinə ayaq bas bir gün,
bənizlər kədərli,baxışlar küskün.
Can qurban edərlər valideyn üçün,
atanı ananı atmazlar, bala.
Daim təmkinli ol, davranma yersiz.
Kimi səbrlidir, kimi səbrsiz.
İşgüzar çalışar səssiz-səmirsiz,
boşboğaz boşuna mızıldar,bala.
Baxma ki, özündən razıdır hər kəs,
hamıya sağlam ruh, bədən verilməz.
Milyon nataraza bir ağılıı bəs,
Səni qorxutmasın, qoy azlar, bala.
Axdıqca ciblərə bu xalqın varı,
unutduq vədləri, əhdi, ilqarı.
Söz vermək ayrıymış, iş görmək ayrı,
yenə fənd axtarır işbazlar, bala.
Biz kimdən öyrənək mədəniyyəti,
çoxumuz nəfsi ac, mədə niyyətli.
Hələ azdır bizdə Vətən qeyrəti,
hələ ürəyimiz sızıldar, bala.