Məni qoruyacaq mənim polisim
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, təqaüddə olan polis polkovniki Fəxrəddin Teyyub həyatımızın və səbrimizin sınağa şəkildiyi bu günlərdə, karantin rejimi dövründə insanlarımızın sağlamlığı üçün öz həyatlarını riskə atan, sabitliyi qoruyan həmkarlarımıza “Məni qoruyacaq mənim polisim” adlı şeir həsr edib. Həmin şeiri sizlərlə bölüşməyi özümüzə borc bildik.
MƏNİ QORUYACAQ MƏNİM POLİSİM
Adam gözə dəymir daha şəhərdə,
Şəhər xəstələnib yarası dərin.
Sənin addım səsin axşam, səhər də,
Pozur sükutunu boş küçələrin.
***
Hər kəs öz evində, sən hər yerdəsən,
Yolunu nigaran qalan gözləyir.
Gecə də, gündüz də küçələrdəsən,
Gözünün işığı balan gözləyir.
***
Hər arzun ox kimi dəyir hədəfə,
Qoyulur heykəli igidin, nərin.
Önündə başımı əydim min dəfə
Səni bu dünyaya gətirənlərin.
***
Zəhmət üzə gülür, belə bilirəm,
Görmüşəm yağışda, qarda halını.
Sıravi görəndə elə bilirəm,
Görürəm sabahın generalını.
***
Uca dağ qüruru çinar boyunda,
Uzatsan, əllərin buluda çatar.
Bir polis ömrünün yorğunluğunda
Evdə qalan kəsin rahatlığı var.
***
Gün gələr medal da görəcək sinən,
Korona virusa qənim polisim
Bələdəm əzminə, iradəsinə,
Məni qoruyacaq mənim polisim