Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən dövlət iqamətgahına pilotsuz uçuş aparatı ilə hücum etməsi barədə məlumatları təsdiqləməyib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, CIA-nın qiymətləndirməsinə əsasən, Rusiya prezidentinə qarşı hər hansı sui-qəsd cəhdi qeydə alınmayıb.
“Bu nəticə CIA-nın dəyərləndirməsi ilə təsdiqlənir. Həmin qiymətləndirməyə görə, Putinə qarşı sui-qəsd cəhdi olmayıb”, – deyə nəşr vurğulayıb.
Xatırladaq ki, Rusiya tərəfinin məlumatına görə, dekabrın 28-dən 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Novqorod vilayətində yerləşən Rusiya prezidentinin dövlət iqamətgahına qarşı terror aktına cəhd edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, bu hücum cavabsız qalmayacaq. Onun sözlərinə görə, hadisə Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı intensiv danışıqların getdiyi bir dövrdə baş verib.
Lavrov həmçinin bildirib ki, cavab tədbirləri üçün hədəflər və zərbələrin vaxtı artıq müəyyən edilib.
Polise.az



