Məsələ “qatil uşaqlar” problemidirmi: Şanlıurfa və Kahramanmaraş xəbərdarlığı – “ZEHNİN İŞĞALI”

Abdullah Ağar: “İnsan nəyə baxırsa, getdikcə ona çevrilir”

Türkiyənin tanınmış təhlükəsizlik və strateji məsələlər üzrə təhlilçisi Abdullah Ağar Şanlıurfa və Kahramanmaraşda baş verən sarsıdıcı hadisələri təkcə kriminal və ya sosial problem kimi deyil, daha dərin bir təhlükənin əlaməti kimi dəyərləndirib. Musavat.com xəbər verir ki, onun 17 aprel 2026-cı il tarixli geniş məqaləsində əsas tezis bundan ibarətdir ki, cəmiyyətin qarşısında dayanan əsas risk artıq yalnız fiziki təhlükə deyil, “həqiqət bilgisi böhranı”, “anlamın çöküşü” və “zehin işğalı” adlandırdığı çoxqatlı bir deformasiyadır.

Türkiyədə məktəblərdəki hücumlarla bağlı 83 nəfər SAXLANILDI

Abdullah Ağarın fikrincə, Şanlıurfa və Kahramanmaraşda yaşanan faciələrə yalnız “sosiopatlıq”, “yeniyetmə təzyiqi”, “tənhalıq”, “antisosial davranış”, “ailədaxili struktur pozuntuları” kimi izahlarla yanaşmaq yetərli deyil. O yazır ki, bu cür hadisələr daha böyük bir dağılmanın nəticəsidir və cəmiyyət yalnız görünən səbəblərlə kifayətlənsə, problemin dərin qatlarını görə bilməz. Ağarın təqdimatında məsələ “qatil uşaqlar” problemi ilə məhdudlaşmır; o, bunu “varlıq, məna, istiqamət, həqiqət və zehnin işğalı”nın qaçılmaz nəticəsi kimi təqdim edir.

Türkiyəli təhlilçi məqaləsində televiziya proqramlarını, serialları, rəqəmsal oyunları, sosial media axınını və populyar kütləvi məzmunu ayrıca təhlil edərək bildirir ki, bunlar yalnız səthdə görünən simptomlardır. Onun qənaətinə görə, əsas təhlükə həmin məzmunların özündən də böyükdür; problem bu məzmunu istehsal edən, yayan, ondan qazanan yeni sistemdə, mənfəət şəbəkələrində və bu hücumun mahiyyətini görməyən, yaxud görsə də qarşısında ciddi müqavimət formalaşdıra bilməyən mexanizmlərdədir. Abdullah Ağar açıq şəkildə vurğulayır ki, bu gün dəyər yaradan yox, diqqət çəkən qalib gəlir və məhz bu səbəbdən şiddət, sapqınlıq, yalan, hətta xaos ən sürətli dolaşıma girən vasitələrə çevrilir.

Şanlıurfa ve Kahramanmaraş'taki okul saldırıları: 83 kişi hakkında gözaltı kararı - Ekonomim

Ağarın məqaləsində ən çox diqqət çəkən anlayışlardan biri “epistemik işğal”dır. O, bildirir ki, müasir insan informasiya baxımından kasad deyil, əksinə, həddindən artıq informasiya içində yaşayır. Problem bilginin çoxalmasında deyil, mənanın yoxa çıxmasındadır. Onun fikrincə, insan artıq nə üçün yaşadığını bilmir, amma necə istehlak edəcəyini çox yaxşı bilir. Bu isə cəmiyyətin yalnız məlumatsızlığa deyil, “istiqamətsiz buraxılmış şüur” vəziyyətinə sürükləndiyini göstərir. Abdullah Ağar hesab edir ki, insan gerçəyi axtarmaq əvəzinə ona təqdim olunan simulyasiyanı həqiqət kimi qəbul etməyə başlayır və beləliklə, həm qurban, həm də failə çevrilir.

Təhlilçi ailə institutunun, dini dəyərlərin, ictimai məsuliyyət hissinin və ənənəvi sərhədlərin aşınmasını da bu böhranın əsas səbəblərindən biri kimi təqdim edir. O yazır ki, bir zamanlar cəmiyyəti və dövləti güclü saxlayan beş sütun vardı: məna, istiqamət, hədəf, ölçü və məsuliyyət. İndi isə bu sütunların hamısı sarsılıb. Onun fikrincə, azadlıq var, amma sərhəd yoxdur; ifadə var, amma dərinlik yoxdur; cəsarət var, amma sayğı yoxdur; şüar var, amma əməl yoxdur. Bu mənzərədə ən təhlükəli məqam isə “bədəlsizlik”dir. Abdullah Ağar hesab edir ki, insan etdiyi əməlin nəticəsini yaşamayacağını düşündüyü an, şiddətə də, vəhşətə də, mənəvi aşınmaya da daha asan meyllənir.

Abdullah Ağar

Məqalədə rəqəmsal mühit və sosial şəbəkələr də sərt şəkildə tənqid olunur. Abdullah Ağar onları sadəcə əyləncə və ya boş vaxt aləti kimi deyil, “insanı və onun mənasını yenidən proqramlaşdıran tələ sahələri” kimi qiymətləndirir. Onun fikrincə, bu paralel rəqəmsal kainatda şiddət normallaşdırılır, yalan adiləşdirilir, məsuliyyətsizlik mükafatlandırılır, eqo isə müqəddəsləşdirilir. Belə bir mühitdə böyüyən zehnin real dünyanı sağlam şəkildə qavraması çətinləşir; Ağarın ifadəsi ilə desək, belə şüur gerçəyi anlamır, onu təhrif edir.

Abdullah Ağar Şanlıurfa və Kahramanmaraş hadisələrini də bu ümumi dağılmanın coğrafiyaya çevrilmiş təzahürü kimi dəyərləndirir. O yazır ki, bunlar sadəcə iki şəhərin adı deyil; bunlar sinsi işğalın, məna böhranının, həqiqət eroziyasının və toplumun parçalanmış şüurunun nəticələrinin görünən hala gəlməsidir. Onun qənaətinə görə, cəmiyyət zahirdə oyaq görünür, reaksiya verir, danışır, qəzəblənir, lakin ortaq həqiqət zəmini dağıldığı üçün nəyi və necə həll edəcəyini müəyyənləşdirə bilmir. Nəticədə toplum yaranmır, yalnız səs-küy yaranır.

Məqalənin ikinci hissəsində Abdullah Ağar tənqidlə kifayətlənmir, çıxış yolu da təklif edir. O, bunu “Zehin işğalına qarşı kibernetik müdafiə doktrinası” adlandırır. Onun təklif etdiyi modelin mərkəzində “həqiqət filtri” dayanır. Ağarın fikrincə, zehni işğal informasiyanın çoxluğundan deyil, filtrsiz qəbulundan başlayır. Hər görünənin doğru, hər izlənənin məsum, hər təkrar edilənin həqiqət olmadığını qəbul etməyən cəmiyyət manipulyasiyanın içinə düşür. Buna görə də o, ilk növbədə fərdin daxil olan bilgini süzgəcdən keçirməyi öyrənməli olduğunu vurğulayır.

Çocuklarda şiddet eğilimi neden olur? Şanlıurfa, Kahramanmaraş okul saldırısı | son dakika haberi

İkinci vacib istiqamət “diqqət intizamı”dır. Abdullah Ağar yazır ki, insan nəyə baxırsa, getdikcə ona çevrilir. Bu səbəbdən diqqət çağın əsas savaş meydanına çevrilib. Kim diqqəti idarə edirsə, zehni də o idarə edir. Üçüncü xətt “bədəl mexanizmi”dir. Onun fikrincə, rəqəmsal aləmdə vərdişə çevrilən cəzasızlıq real həyatda daha ağır fəsadlar doğurur. Dördüncü istiqamət “məna inşası”dır. Ağar bildirir ki, əsas problem təkcə çirkli məzmun deyil, təmiz mənanın, sağlam düşüncə çərçivəsinin, dərin istiqamətin yetərincə qurulmamasıdır. Əgər bu boşluğu dövlət, cəmiyyət və ailə doldurmasa, həmin boşluğu reyting, səs-küy, təhrif və işğalçı fikir dolduracaq.

Onun nəzəriyyəsində “istikamət” ayrıca yer tutur. Abdullah Ağara görə, ən böyük böhran bilgi böhranı deyil, yön böhranıdır. Hara getdiyini bilməyən şüur ən parlaq yalanı həqiqət zənn edə bilər. Ümid intizamı da onun modelində mühüm yer tutur. Çünki ümidi itirən insanın məsuliyyəti də zəifləyir, bu isə cəmiyyətin müqavimət gücünü sarsıdır.

Okullarda dehşet! Önce Şanlıurfa, şimdi Kahramanmaraş - Antalya Ekspres

Abdullah Ağar problemin həlli üçün üç səviyyəli tətbiq modelindən danışır: fərd, ailə və dövlət. Fərd səviyyəsində diqqət, filtr və intizam; ailə səviyyəsində dəyər istehsalı və sərhəd qoyma; dövlət səviyyəsində isə “epistemik işğal”, “zihin işğalı” və “algı iqtisadiyyatı”na qarşı sistemli mübarizə təklif olunur. O, məktəblərdə qaynaq sorgulama dərslərinin keçirilməsini, uşaqların “kim deyir, niyə deyir, bədəli nədir” suallarını verməyə alışdırılmasını, ekranla münasibətdə intizam yaradılmasını, rəqəmsal cinayət və zərərli manipulyasiyalara qarşı hüquqi çərçivələrin sərtləşdirilməsini, eyni zamanda dövlətin də yalnız xəbər və təbliğat aparatı kimi deyil, “məna istehsal edən mərkəz” kimi fəaliyyət göstərməsini istəyir.

Məqalənin yekununda Abdullah Ağar olduqca sərt, amma strateji məna daşıyan bir qənaət irəli sürür: “Zehnini qoruya bilməyən toplum heç bir sərhədini qoruya bilməz”. Onun düşüncəsində zihin işğalı tamamlandıqdan sonra artıq işğal edilən yalnız torpaq olmur, insanın özü olur. İnsanını itirən toplum isə sonda vətənini xəritədə belə qorumaqda çətinlik çəkir.

Abdullah Ağarın bu geniş təhlili Türkiyədə son hadisələr fonunda yazılsa da, müəllifin vurğuladığı məqamlar daha geniş miqyas daşıyır. O, bunu yalnız Türkiyənin deyil, bütün insanlığın problemi kimi təqdim edir. Məqalənin ana xətti də elə budur: təhlükə təkcə küçədə, məktəbdə və ya ekranda görünən hadisələrdə deyil; təhlükə mənanın çökməsində, həqiqətin aşınmasında, diqqətin ələ keçirilməsində və cəmiyyətin öz daxili istiqamətini itirməsindədir.

Musavat.com

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button