Makronun Azərbaycana qarşı kini nifrəti soyumur
Musavat.com bildirir ki, Fransa Prezidenti Emmanuel Makron yanvarın 6-da səfirlər konfransında Azərbaycanla bağlı ittihamlarla dolu çıxış edib.
Makronun sözlərinə görə, “Rusiya Ermənistana müttəfiqlik siyasətini dəyişərək Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O, həmçinin, “Fransanın son aylarda, xüsusilə də yeni Kaledoniyada, Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qaldığını” iddia edib.
Makronun bu açıqlamaları dərhal Bakı tərəfindən sərt reaksiya ilə qarşılanıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Makronun iddialarını “əsassız və təxribatçı” adlandırıb. O qeyd edib ki, Fransa heç vaxt Azərbaycana qarşı beynəlxalq hüququn norma və prinsiplərinin Ermənistan tərəfindən kobud şəkildə pozulmasını, etnik təmizləmə siyasətini və kütləvi qırğınları tənqid etməyib.
“Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistanın işğalına son qoymaq məqsədi daşıyıb. Bölgədə sülh üçün real şərait yarandığı bir vaxtda Fransanın bu kimi təhrikçi açıqlamaları Ermənistanı revanşizmə həvəsləndirir və sabitliyə ciddi təhlükə yaradır. Fransadan bölgədə sülhə xidmət etməyən bu cür addımlarına son qoymağı tələb edirik,” – Ayxan Hacızadə vurğulayıb.
Qeyd edək ki, Makronun Azərbaycanı “Rusiyaya bağlamağa” cəhd etməsi ilk dəfə deyil. Bu, onun Ermənistana siyasi dəstək nümayiş etdirərək Fransanın Cənubi Qafqazdakı mövqelərini gücləndirmək niyyətindən irəli gəlir. Lakin analitiklər hesab edirlər ki, Makronun bu yanaşması regionda sülh və sabitliyə ciddi zərbə vurur və obyektivlikdən uzaqdır.
Polise.az