MAQATE ilə münasibətlər yeni mərhələyə keçir: təhlükəsizlik əsas meyardır

“Əməkdaşlıq təhlükəsizlik şərtlərinə bağlı olacaq…”
İran xarici işlər naziri Abbas Araqçı bildirib ki, Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) əməkdaşlığı dayandırılmayıb, lakin bundan sonra bu münasibətlər “yeni forma”da davam edəcək.
Polise.az xəbər verir ki, bu barədə “dw.com” nəşri yazıb.
Onun sözlərinə görə, MAQATE-nin İranla əməkdaşlıqla bağlı istənilən müraciəti ölkənin Ali Milli Təhlükəsizlik Şurası tərəfindən ayrıca qiymətləndiriləcək. Araqçı “Mehr” dövlət agentliyinə açıqlamasında deyib: “Bundan sonra MAQATE ilə münasibətləri Ali Milli Təhlükəsizlik Şurası tənzimləyəcək. Hər bir müraciət ayrıca araşdırılacaq və qərarlar təhlükəsizlik məsələləri nəzərə alınaraq veriləcək”.
Nüvə obyektlərinə yaxınlıq risk yaradır
İranın baş diplomatı vurğulayıb ki, İsrail və ABŞ-ın hücumuna məruz qalmış nüvə obyektlərinə yaxınlaşmaq bu gün “radioaktiv maddələrin sızması və partlayışlar daxil olmaqla” ciddi risklər doğurur. “Biz hesab edirik ki, MAQATE müfəttişlərinin bu obyektlərə yaxınlaşması təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur”, – Araqçı əlavə edib.
Uranın zənginləşdirilməsindən imtina müzakirə mövzusu deyil
Araqçı onu da aydın şəkildə bildirib ki, gələcəkdə İranın nüvə proqramı üzrə aparılacaq danışıqlarda İslam Respublikasında uranın zənginləşdirilməsi fəaliyyətinin qadağan olunacağı heç bir razılaşmanı Tehran dəstəkləməyəcək. Bundan başqa, diplomatın sözlərinə görə, danışıqlar yalnız nüvə proqramını əhatə etməlidir, raket proqramı müzakirə predmeti deyil.
MAQATE ilə əməkdaşlığa dair qanun dayandırılıb
İyulun 2-də İran prezidenti Məsud Pezeşkian ölkə parlamenti tərəfindən təsdiqlənmiş və MAQATE ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanunu imzalayıb. Almaniya xarici işlər naziri Yohann Vadeful bu addımı “tamamilə yanlış siqnal” adlandırıb. Hətta İranın əsas tərəfdaşlarından biri olan Rusiya da bu qərarı dəstəkləməyib.
ABŞ və İsrailin hücumları fonunda böhran
İyunun 13-də İsrailin İrana qarşı başladığı genişmiqyaslı hücumlarda əsas hədəf bu ölkənin nüvə və hərbi obyektləri olub. İki həftəlik müharibədən sonra iyunun 24-də atəşkəs razılaşması əldə edilib. Buna cavab olaraq İran da İsrailə qarşı raket və dronlarla bir sıra kütləvi hücumlar həyata keçirib.
ABŞ bu müharibədə İsrailin tərəfində yer alaraq, İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib. MAQATE rəhbəri Rafael Qrossi həmin hücumlardan sonra bu obyektlərə baxış keçirmək və zənginləşdirilmiş uran ehtiyatlarını qiymətləndirmək üçün İrana səfər etmək istədiyini açıqlasa da, Tehran bu istəyə rədd cavabı verib.
İran bəyan edib ki, nüvə obyektlərinin təhlükəsizliyi təmin olunmadıqca, MAQATE müfəttişləri ölkəyə buraxılmayacaq. Bundan əlavə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ABŞ və İsrailin hücumlarını qınamalı və İranın nüvə proqramını tanımalıdır- bu tələbi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf irəli sürüb.
Polise.az



