Maraqlı təklif – “ağır cinayətkarlar” əfv olunanda qurbanın əzizlərinin rəyi soruşulsun…

Şəmsəddin Əliyev: “Təklifim odur ki, ağır cinayətlər törətmiş şəxslər azadlığa buraxılarkən onların qurbanlarının ailə üzvlərinin, yaxınlarının rəyi nəzərə alınsın, bu mütləqdir”

Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Müasir dövlətçilik tariximiz üçün çox mühüm məna kəsb edən “Konstitusiya və Suverenlik İli” münasibətilə Azərbaycanda əfv gözlənilir.

Bilirik ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası iclaslar keçirir, müraciətləri araşdırır.

Tanınmış hüquqşünas Şəmsəddin Əliyev təklif edir ki, “ağır cinayətkarlar” əfv olunanda qurbanın əzizlərinin rəyi soruşulsun, bu, sosial ədalətin bərpası baxımından çox vacib və əhəmiyyətlidir.

“Çox istərdim ki, bu sırada xüsusilə ağır cinayətlər törədən şəxslər varsa həmin cinayətlərin qurbanları ilə də əlaqə saxlasınlar”

Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezidentin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi əlamətdar hadisədir. “Bu, Azərbaycan xalqı üçün çox əhəmiyyətlidir.

Əvf nəticəsində 200-330 nəfər məhkum olunmuş şəxs azadlığa çıxacaq. Heç kəs təminat vermir ki, bu insanlar azadlıqda Azərbaycan qanunlarına və ictimai münasibətlərə əməl edəcək, tabe olacaq, nümunəvi davranacaqlar. Heç kəs deyə bilməz ki, bunlar azadlıqda yaşayarkən qanunlara zidd davranmayacaqlar. Təəssüf ki, bunların müəyyən bir qismi yenə də həbsxanalara geri qayıdacaq. Çünki bunlarda vərdiş yaranıb.

Mənim təklif etdiyim məsələ diqqətə alınsa bunlar ələnəcəklər, yəni kimləri əfvə salmaq olar, kimləri yox. Bu, cəmiyyətimiz üçün daha faydalı bir hal olacaq. Təklifim odur ki, ağır cinayətlər törətmiş şəxslər azadlığa buraxılarkən onların qurbanlarının ailə üzvlərinin, yaxınlarının rəyi nəzərə alınsın, bu mütləqdir”.

Ş.Əliyev qeyd etdi ki, dünya praktikasında çox qəribə yanaşma var, hətta BMT-nin nizamnaməsində insan hüquq və azadlıqları ən ali dəyər kimi qəbul olunur.

Ş.Əliyev qeyd etdi ki, beynəlxalq hüququn da ən mühüm prinsiplərindən biri insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipidir. “Bu baxımdan, diqqət edin, ölkədə xüsusilə ağır cinayətlər baş verir, cinayətkarlar məsuliyyətə cəlb olunur. Bütün ölkələrdə belədir, belə cinayətkarlara adekvat cəza verilmir. Deyək ki, qətl, quldurluq, soyğunçuluq hadisələri, mənzil oğurluqları, xuliqanlıqlar, dələduzluqlar, bunlar hamısı qəsdən törədilən cinayətlərdir. Kimsə deyə bilməz ki, bunun belə nəticə verəcəyini bilmədim, düşünmədim. Bu birbaşa qəsddir. Yəni insan nə etdiyinin fərqindədir. Ona hazırlıq görür və onun nəticəsini də arzulayaraq bu cinayəti törədirsə onun cəzası ağır olmalıdır. Qətl hadisələrinə görə cinayətkar 13 il həbs cəzası alır. 13 ildən sonra azadlığa çıxandan sonra ağır quldurluq hadisəsi törədir, soyğunçuluq edir, bir neçə dəfə məhkum olunmuş şəxslər yenə azadlıqda cinayət törədirlər, yenidən məhkum olunurlar. Bütün dövlətlərin, o cümlədən də bizim dövlətin Konstitutsiyasına görə bunlara aministiya tətbiq olunur. Yəni dövlətlər öz vətəndaşlarının cinayətlərini unudur. Amnistiyanın mənası budur – unutqanlıq. Dövlət öz vətəndaşına hörmətlə yanaşır. Baxıb görürlər ki, bu 13 ilin 10 ilini yatıb və buna müəyyən maddələr üzrə aministiya tətbiq olunur. Əfv də olunurlar. Əfvin verilməsi də vətəndaşın qohumlarının, kollektivinin müraciəti əsasında ölkə prezidentinin konstision səlahiyyətidir. “Konstitusiya və Suverenlik İli” elan olunub və böyük bir əfv gözlənilir. Təbii ki, əfv olunacaqlar arasında ağır cinayətlər törədənlər də var. Ağır cinayətlər törətmiş şəxslərin də, hətta ömürlük həbsə məhkum olunanların da cəzaları müəyyən mənada azaldıla, quldurların, soyğunçuların azadlıqdan məhrumetmə cəzası şərti məhkumetmə cəzası ilə əvəz edilə, məhkimluğu götürülə bilər. Bu halda qurbanların və onların yaxınlarının razılığı alınmır. Bu çox qəribə tendensiyadır. Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycana və digər ölkələrə gəlib monitorinq keçirirlər, Penitensiar Xidmətdə, həbsxanalarda olurlar, məhkumların saxlanma şəraitinə baxırlar, onlarla fərdi qaydada maraqlanırlar, suallar verirlər ki, siz ay ərzində neçə dəfə ailənizlə danışmısınız, ay ərzində neçə dəfə sizə evdən sovqat gəlib? Onu sizə veriblərmi, televizora baxırsızmı, təmiz havaya çıxırsızmı, mətbuatı izləyirsizmi, bu imkan yaradılıbmı, qaba rəftar varmı? Belə suallar verirlər. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi də bu missiyanı həyata keçirir. Amma çox qəribə yanaşma var ki, bu qeyri-insani yanaşmadır. Əslinə baxanda bu yanaşma elə qatı cinayətkarların əməllərinə bərabər tutulmalıdır. Heç kim bunların əməllərinin qurbanları ilə, azadlıqla yaşayan və hər gün iztirablar keçirən, vahimədə olan insanlarla maraqlanmır, bunların qapısını döyüb soruşan yoxdur ki, siz on ildir bu cinayətlərin qurbanı kimi hansı hissləri keçirirsiniz, nə təklif edərdiniz? Bu Azərbaycan vətəndaşının, sənin qonşunun, tanıdığın adamların aministiyaya düşməsinə, əfv olunmasına, yaxud cəzasının azaldılmasına, yüngülləşdirilməsinə necə baxırsız? Onun da himayəsində üç uşağı var, yaxud yaşlı ata-anası var, başqa heç kimi yoxdur, onlar da tək qalıblar, istərdinizmi ki, o insan çıxıb gəlib ata-anasına qovuşsun. Təsəvvür edin ki, belə yanaşma yoxdur. Həbsxanada olan, yaxud şərti məhkum olunmuş belə insanların sonrakı davranışını heç kim düşünmür ki, nə baş verəcək? Yəni heç kim azad olacaq, cəzası azaldılacaq, yüngülləşəcək, məhkumluğu götürüləcək şəxslərin əməllərini sığortalamaq haqqında düşünmür. Heç kim sığortalaya bilməz ki, onlar təkrar cəmiyyətə zidd davranmayacaqlar”.

Ş.Əliyevin qeyd etdiyinə görə, cinayətkarlıqla mübarizənin statistikasında, dinamikada, hətta Dövlət Statistika Komitəsinin məlumatlarında da qeyd olunur ki, əvvəllər məhkum olunmuş şəxslərin təkrarən ağır cinayətlər törətməsi halları az deyil, bəzən artım müşahidə olunur, bəzən cüzi azalamalar olur. “Mən çox istərdim ki, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər azadlığa buraxılarkən qurbanların rəyi öyrənilsin. Məsələn, İranda ölüm hökmü təyin olunanda bu zaman zərərçəkənlərin təkliflərini nəzərə alırlar, onların rəyini soruşurlar ki, dövlətin adından akt qəbul olunub və bu adam edam olunur, siz buna necə baxırsınız? Təbii, düşünürəm ki, uşağına, yaxud özünə təcavüz olunmuş, liftdə quldurun qaba hərəkətinə, vahiməli davranışına məruz qalmış, qarət edilmiş, evi talanmış insanlar mütləq bu məsələyə mövqe bildirməlidir, onların rəyi olmalıdır. Hətta indi dələduzluq geniş yayılıb. 30 il bundan əvvəl Azərbaycanda dələduzların sayı bu qədər dinamikada yer almayıb. İndi artıq onların sayı minlərlədir. Hətta elə dələduzlar var ki, onları məsuliyyətə cəlb etmirlər. Deyirlər ki, guya dinamikada artım olduğuna görə dələduzluq cinayətlərinin artımına imkan verilməsin. Ona görə də dələduzlar cəzasızlıq mühitindən istifadə edib artırlar.

Klassik hüquqşünasların klassik bir yanaşması var: ətin xarab olmaması üçün duz nə qədər lazımdırsa, cəmiyyətdə də sabitliyin təmin olunması, təhlükəsizliyin qorunması baxımından ictimai münasibətlərə yönələn qəsdlərin qarşısının alınması üçün cəza o qədər sərt olmalıdır ki, insanlar bu yolu seçməsinlər. Yəni biləcək ki, ilk dəfə oğurluq edəndə onun sağ biləyi kəsiləcək. Bu, islam hüququnda belədir, müsəlman ölkələrində var. Yəni damğadır. Ona görə də deyirəm ki, bu məsələdə qurbanların mütləq mənada razılığı olmalıdır.

Prezident Administrasiyasının sədri Samir Nuriyevin rəhbərliyi altında komissiya işləyir, Əfv Komissiyasında həm nəzəri, həm də praktik baxımdan kifayət qədər təcrübəli, idarəçiliyə sədaqət nümayiş etdirən insanlar var. Bunlar cinayət işlərini öyrənirlər, tam qərara gəlirlər ki, kimlər əfv siyahısına düşəcək. Mən çox istərdim ki, sırada xüsusilə ağır cinayətlər törədən şəxslər varsa həmin cinayətlərin qurbanları ilə də əlaqə saxlasınlar. Biz bunu dövriyyəyə buraxaq. Bununla çox müsbət nəticə əldə edə bilərik. Cinayətkar da, onun ətrafı da, qohumları da biləcəklər ki, ailə ailədir, Azərbaycan vətəndaşları arasında hər hansı bir ayrıseçkilik olmamalıdır, bərabərlik hüququ hamıya şamil olunmalıdır. Hətta qanun qarşısında həm cəzanın tətbiq olunması, cəzadan azad olunması ilə bağlı hamıya eyni qayda şamil edilməlidir. Bəzən qəsdən ağır cinayət törədənlərə yüngülləşdirici hallar şamil olunur, hakimlər cəza tətbiq edərkən bunlardan istifadə edirlər. Yəni kimlərinsə himayəsində azyaşlı uşaqları var, yaxud onkoloji xəstəlikdən əziyyət çəkir, bəzən saxta həkim arayışları təqdim olunur. Çox vaxt belə şeylər baş verir. Amma zərərçəkənin razılığını almırlar. Yanaşma tamamilə fərqli olmalıdır. Diqqət edin, bizim konstitutsiyamızda çox yüksək bir müddəa var. Azərbaycan dövlətinin ali məqsədi nədən ibarətdir? Dövlət deyir ki, mənim ali məqəsədim Konstitutsiyanın 12 maddəsində ehtiva olunub, mənim ali məqsədim vətəndaşlarımın hüquq və azadlıqlarını və onun layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Burda iki cümlə var: vətəndaşlarımın hüquq və azadlıqlarını və onun layiqli həyat səviyyəsini təmin etmək…

Konstitutsiya Azərbaycan xalqının iradəsini özündə ehtiva edən yeganə yüksək hüququ qüvvəyə malik aktdır. Biz Konstitutsiya ciddi əməl etməliyik”.

Ş.Əliyev qeyd etdi ki, övladına qəsd edilən, təcavüz olunan, evi qarət olunan, talanan, qəbr evinə qədər iztirab çəkən valideynlərin, insanların rəyləri nəzərə alımalıdır. Hüquqşünas bildirir ki, bununla gələcəkdə xüsusilə ağır cinayətlərin qarşısını ala bilərik. “Kimsə mənim bu təklifimə fərqli yanaşarsa və bu yanaşmaya başqa cür baxarsa onda mən o adama sual verirəm, sənin övladına liftdə, yaxud da blokda, zirzəmidə, parkda təcavüz olunarsa, qatı bir cinayətkarın əməlinə məruz qalarsa, qətlə yetirilərsə ona hansı cəzanın verilməsini istərdin? İnsanlara bu sualı vermək lazımdır ki, o cinayətləri törədən şəxslər azadlığa buraxılarsa, cəzaları yüngülləşdirilərsə niyə qurbanların və onların yaxınlıqlarının razılığı alınmasın? Səbəb nədir?

Əslinə qalanda, bu, Azərbaycan dövlətinin adından çıxarılan akt olduğu üçün orda zərərçəkənlərin, qurbanların mütləq mənada razılığı lazımdır. Yenə də burda Konstitutsiyaya istinad edəcəyəm, orda belə bir maddə var ki, Azərbaycan dövlətinin təməlini Azərbaycan xalqının vahidliyi təşkil edir. Bu vahidliyi təcəssüm etdirən yeganə şəxs ölkənin Prezidentidir. Bu, Prezidentdən başqa heç kimə həvalə olunmur. Bu vahidlik, bu birlik 44 günlük müharibədə zəfərin əldə olunmasına təkan verdi. Ali Baş Komandan ətrafında birləşdik və qalib olduq”.

Ş.Əliyevin fikrincə, onun irəli sürdüyü təklifin sosial ədələtin təmin olunması baxımından faydalı olacağını nəzərə alıb bu barədə Prezident İlham Əliyevə məruzə edilməli, yaxud təklif verilməlidir. Ş.Əliyev hesab edir ki, Prezidentə hər şey olduğu kimi çatdırılarsa bu məsələ öz həllini tapar. Ş.Əliyev qeyd etdi ki, xüsusilə ağır cinayətlər törətmiş şəxslərin azadlığa çıxması cəmiyyət üçün böyük təhlükədir, bu baxımdan əfv prosesində bu nəzərə alınmalıdır.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button