Masallıda fərdi yaşayış evində partlayış olub, 1 nəfər xəsarət alıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun Güllütəpə kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 324 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, 1 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Polise.az