Masallıda narkomaniya əleyhinə tədbir keçirilib
Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda məktəblilərlə görüş keçirilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Masallı RPŞ-nin rəis müavini, polis mayoru Elşən Talıbov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynzadə, Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və digərləri narkomaniyanın acı fəsadlarından bəhs edərək bildiriblər ki, narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir. Çıxışlarda Ümummilli lider Heydər Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanlar xüsusi olaraq qeyd edilib. Bildirilib ki, ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə mübarizəni davam etdirir. Aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli güclənib.
Sonra mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.






